Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Son illər vətəndaşların pensiya təminatı qaydalarında mütərəqqi dəyişikliklər edilir

Xüsusilə son 5 ildə 4 milyondan çox vətəndaşı əhatə edən 4 sosial islahat paketi icra olunub. Bu islahatlar üçün 7 milyard manat əlavə illik vəsait ayrılıb.

12.06.2024 16:04
8
A+
A-

“Son illər, qabaqcıl ölkələrin təcrübəsi də nəzərə alınmaqla, vətəndaşların pensiya təminatı qaydalarında mütərəqqi dəyişikliklər edilir.

Xüsusilə son 5 ildə 4 milyondan çox vətəndaşı əhatə edən 4 sosial islahat paketi icra olunub. Bu islahatlar üçün 7 milyard manat əlavə illik vəsait ayrılıb.

Nəticədə müavinət və təqaüd ödənişləri 5 dəfə, minimum əməkhaqqı 2,7 dəfə, orta aylıq əməkhaqqı 81 faiz, əməkhaqqı fondu 2,8 dəfə artıb, 10 yeni sosial ödəniş növü təsis edilib. Həmin ardıcıl sosial islahatlar pensiyalarda da ciddi artımlara imkan verib. Belə ki, son beş ildə minimum pensiya 2,5 dəfə artaraq 280 manata, orta aylıq pensiya 2,4 dəfə artaraq 491 manata, yaşa görə orta aylıq pensiya 2,3 dəfə artaraq 528 manata, pensiya ödənişləri üçün illik vəsait 2 dəfəyə yaxın artaraq 2024-cü il üçün 6,5 mlrd. manata çatıb”.

Bu məlumatları müxbirimizə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov verdi. Sözünə davam edərək dedi ki, 2019-cu ilin əvvəlindən reallaşdırılan islahat vətəndaşların 2006-2018-ci illər üzrə fərdi hesablarında ən kiçik məbləğdə belə pensiya kapitalı olduqda, onlara 25 il sosial sığorta stajı hədiyyə olunur.

Fazil müəllim onu da qeyd etdi ki, yaşa görə pensiya və yaşa görə müavinət hüququ verən yaş hədləri 2020-ci ilin əvvəlindən eyniləşdirilib. Pensiya yaşına çatan, lakin pensiya hüququ olmayan şəxslər yaşa görə sosial müavinətlə təmin edilirlər. Artıq 2023-cü ildən pensiya artımında vahid indeksasiya metoduna keçilib. Bu da bütün növ pensiyalarda hər il indeksasiya əsaslı artıma imkan verib. Qanunvericilikdə güzəştli şərtlərlə vaxtından xeyli əvvəl pensiyaya çıxmaq hüququ olan bir sıra kateqoriyalar (beşdən çox uşağı olanlar, əlilliyi müəyyən edilmiş uşağını 8 yaşınadək tərbiyə etmiş analar, zərərli işlərdə çalışanlar və s.) nəzərdə tutulub.Son illər qanunvericilikdə humanist dəyişikliklər edilərək daha erkən dövrdə yaşa görə pensiya hüququ yaranan şəxslərin sırası daha da genişləndirilib: “Bu günlərdə “Əmək pensiyaları haqqında” qanunun 8-ci maddəsinə edilən yeni dəyişiklik isə uşaqlara görə güzəştli şərtlərlə (pensiya yaş həddi 5 il azaldılmaqla) pensiya hüququ olan şəxslərə də pensiyanın proaktiv təyin edilməsinə imkan yaradıb. Həmçinin 5 və daha çox uşağını və ya əlilliyi müəyyən edilmiş uşağını təkbaşına səkkiz yaşınadək böyüdən atalara növbəti nikah bağlamadıqları halda 5 il erkən pensiyaya çıxmaq hüququ verilib.

Təkcə son iki ildə güzəştli şərtlərlə erkən dövrdə yaşa görə pensiya hüququ verən peşə və vəzifələrin siyahısına 65 yeni peşə və vəzifə əlavə edilib. Hazırda həmin siyahıda 5 il erkən pensiyaya çıxmaq imkanı verən 4 mindən çox peşə və vəzifə, göstərici əhatə olunub.

F.Talıbov bildirdi ki, son illərin mühüm sosial uğurlarından biri də dövlət sosial xidmətlərinin geniş miqyasda elektronlaşdırılmasıdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 159 xidmətindən 140-dan çoxu elektronlaşdırılıb. 50-dən çox proaktiv xidmət, E-sosial portalı, “Əmək və Məşğulluq” altsistemi yaradılıb. Hazırda Nazirliyin e-sistemlərinin 80-dək qurumunun informasiya bazaları ilə inteqrasiyası həyata keçirilir.

Mühüm nailiyyət olaraq 2019-cu ilin əvvəlindən pensiyaların və sonralar digər sosial ödənişlərin təyinatı elektronlaşdırılıb. Vətəndaşın hüququ yarandığı anda müraciət və sənəd təqdim etmədən onun elektron qaydada, proaktiv şəkildə pensiya, müavinət və təqaüd təyinatı həyata keçirilir. Hazırda pensiya qanunvericiliyinə  təklif olunan dəyişikliyə əsasən, şəxsin eyni anda iki və daha çox pensiya hüququ yarandıqda o, pensiya növlərindən ən yüksək məbləğdə olanını e-sistem üzərindən proaktiv qaydada seçə bilər.

 

Aliyə SƏMƏDOVA

 

ETİKETLƏR: