Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Milli Məclisdə Nazirlər Kabinetinin hesabatı dinlənilib

Martın 16-da Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirilib. İclasda Nazirlər Kabinetinin 2020-ci ildə fəaliyyətinə dair hesabatı dinlənilib.

18.03.2021 14:25
8
A+
A-

Martın 16-da Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirilib. İclasda Nazirlər Kabinetinin 2020-ci ildə fəaliyyətinə dair hesabatı dinlənilib.

Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov Nazirlər Kabinetinin 2020-ci ildə fəaliyyətinə dair hesabatı təqdim edib. O bildirib ki, 2020-ci il Azərbaycan Respublikasının şanlı dövlətçilik və müstəqillik tarixində möhtərəm Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan torpaqlarımızın Müzəffər Ordumuz tərəfindən azad edilməsi, ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpası ilə əlamətdar olub: “Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü, düşünülmüş siyasət, dərin islahatlar nəticəsində uzun illər ərzində yaradılmış iqtisadi və hərbi potensial Şanlı Ordumuzun düşmən üzərində parlaq və qəti qələbəsini şərtləndirdi. Bir daha böyük Qələbə münasibətilə Ali Baş Komandanı, Silahlı Qüvvələrimizi, bütün xalqımızı, sizləri - hörmətli deputatları ürəkdən təbrik edirəm”.

 

Baş nazir deyib ki, hesabat ili ərzində hökumətlə Milli Məclis arasında işgüzar əməkdaşlıq münasibətləri daha da dərinləşmişdir. Nazirlər Kabineti istər büdcə müzakirələrində, istərsə də hökumətin illik fəaliyyətinin təqdimatı zamanı parlament üzvlərinin sorğu və təkliflərinə diqqətlə yanaşmışdır.

Ötən il həm də bütün dünyanı bürümüş koronavirus pandemiyası ilə mübarizə və onun neqativ təsirlərinin aradan qaldırılması məqsədilə davamlı tədbirlər həyata keçirilmişdir. Bu xəstəliyə qarşı mübarizənin səmərəli və koordinasiyalı şəkildə aparılması üçün Prezidentin Sərəncamı ilə Operativ Qərargah yaradılmışdır.

Dövlətimizin başçısının tapşırığına əsasən, dövlətin bütün imkan və resursları xəstəliklə mübarizəyə yönəldilmiş, vətəndaşlarımızın sağlamlığının qorunmasına səfərbər edilmişdir. Ölkədə maska və dərman qıtlığı aradan qaldırılmış, laboratoriyaların sayı artırılmış, testlərin təchizatı təşkil olunmuş, qısa müddət ərzində modul tipli xəstəxanalar yaradılmış, mövcud xəstəxanaların bir çoxu koronavirusla mübarizəyə cəlb edilmişdir. Xəstəliklə mübarizənin gücləndirilməsi məqsədilə il ərzində xarici ölkələrdən tibbi personal dəvət edilmişdir. Koronavirus pandemiyasına qarşı mübarizə ilə bağlı ötən il səhiyyə xərclərinə 644 milyon manat vəsait ayrılmışdır”.

Baş nazir qeyd edib ki, Azərbaycan Cənubi Qafqazda vaksinasiyaya başlamış birinci ölkədir: “Ümid edirik ki, vaksinasiya prosesinə başlanılması xəstəliyin miqyasının azalmasında həlledici rol oynayacaq.

Pandemiyanın iqtisadiyyata mənfi təsirinin azaldılması məqsədilə cənab Prezidentin tapşırığına uyğun olaraq Nazirlər Kabineti tərəfindən Tədbirlər Planı hazırlanaraq təsdiq edilmişdir. Planın icrası istiqamətində hökumət tərəfindən qısa müddət ərzində büdcə vəsaitləri səfərbər edilərək maliyyə təminatı yaradılmışdır. Bütövlükdə pandemiyanın milli iqtisadiyyata, makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə, sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün 2020-ci ilin dövlət büdcəsi və digər mənbələr hesabına iqtisadiyyata toplam olaraq təxminən 2,5 milyard manat həcmində dəstək göstərilmişdir.

Əli Əsədov bildirib ki,dövlət başçısının tapşırığına uyğun olaraq azad edilmiş torpaqların təxminən 100 min hektarında əkin işlərinin aparılması həm ölkəmizin ərzaq təhlükəsizliyinə, həm də bölgənin sosial-iqtisadi inkişafına təkan verəcəkdir.

Baş nazir vurğulayıb ki, işğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulması ilə bağlı vəzifələrin icrası üçün 2021-ci ilin dövlət büdcəsində ilkin olaraq 2,2 milyard manat maliyyə təminatı yaradılmışdır. Təbii ki, bu istiqamətdə atılacaq ən birinci və önəmli addım azad olunmuş ərazilərin minalardan və partlamamış sursatlardan təmizlənməsidir. ANAMA-nın yenidən təşkili bu istiqamətdə işlərin keyfiyyətcə yeni səviyyədə aparılması baxımından böyük əhəmiyyət kəsb edir: “Təəssüf ki, qədim tarixə, unikal maddi və mədəni irsə, özünəməxsus flora və faunaya, zəngin yeraltı və yerüstü sərvətlərə malik olan Qarabağ otuz ilə yaxın müddət ərzində düşmən tərəfindən amansız, vəhşicəsinə istismar edilmişdir. Lakin biz işğaldan azad edilmiş yerlərə həyatı qaytaracağıq, bütün viran qalmış yerləri bərpa edəcəyik. Dövlət başçısının müvafiq göstərişlərinə əsasən, işğaldan azad olunmuş ərazilərin bərpası ilə bağlı ilkin işlərə artıq başlanılmışdır. Bütün ərazilərin və şəhərlərin bərpası prosesinin vahid konsepsiya əsasında həyata keçirilməsi nəzərdə tutulur”.

 Müzakirələrdən sonra hesabat səsə qoyularaq nəzərə alınıb.

ETİKETLƏR: