Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


İşçilərin sağlamlığı sahəsində xeyli uğurlar qazana bilmişlər

İstehsalatla tanışlıq zamanı məlum oldu ki, MMC-nin ümumi sanitar vəziyyəti qənaətbəxşdir.

25.05.2022 12:04
4
A+
A-

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Sağlamlığın mühafizəsi və sosial təminat  üzrə şöbəsinin etimadlı həkimləri Asəf İbrahimov və Emil Hacıyev “Baku Steel Company” (BSC) Məhdud Məsuliyyətli Cəmiyyətdə və onun müəssisələrində işçilərin sağlamlığının vəziyyətinə baxış keçirmişlər.

MMC İşçiləri Həmkarlar İttifaqı Birliyinin sədri Asif Abbasovun da qatıldığı bu baxış sənədlərlə tanışlıqla başlanmışdır. Məlum olmuşdur ki, Cəmiyyətdə ümumilikdə 1746 nəfər çalışır. Onlardan 1565 nəfəri kişi, 181 nəfəri qadındır.

Birliyin xidmətinə MMC və Sumqayıt boru zavodu, Zabrat oksigen stansiyası, Binəqədi poladəritmə sexi daxildir.

BSC MMC və MMC İşçiləri Həmkarlar İttifaqı Birliyi arasında 2015-2017-ci illər üçün kollektiv müqavilə 2015-ci il mayın 6-da bağlanmışdır.

2019-cu ildə həmkarlar ittifaqı birliyinin sabiq sədrinin iştirakı ilə kollektiv müqavilənin layihəsi hazırlansa da təsdiq olunmamışdır. Birliyin yeni təyin olunmuş sədri A.Abbasovun təşəbbüsü ilə kollektiv müqavilənin layihəsinə yenidən baxılmışdır

BSC MMC İşçiləri Həmkarlar İttifaqı Birliyinin Nizamnaməsi 2009-cu il dekabrın 29-dan qüvvədədir.

İstehsalatla tanışlıq zamanı məlum oldu ki, MMC-nin ümumi sanitar vəziyyəti qənaətbəxşdir.

İş yerlərində əlüzyuyanlar quraşdırılıb, duşxanaların ikisi yenidən təmir olunub istifadəyə verilib, biri isə hazırda təmirdədir. Soyunub-geyinmə yerlərində səliqə - sahman yaradılıb.

Müəssisələrdə cari sanitariya nəzarətini tibb məntəqəsində ştatda olan 5 həkim həyata keçirir. Daxil olan irad və təkliflər müəssisə rəhbərliyi və həmkarlar ittifaqı tərəfindən baxılıb həll edilir.

Qeyd etmək lazımdır ki, tibb məntəqəsi yüksək səviyyədə təmir olunub. Tibb avadanlıqları və ləvazimatlarla, dərman preparatları və ilkin tibbi yardım üçün çantalarla təchiz edilib. Tibb məntəqəsində cərrah-travmatoloq, nevropatoloq, okulist və stomatoloq fəaliyyət göstərir.

Bu yaxınlarda daha 2 həkim və orta tibb işçisinin işə götürülməsi nəzərdə tutulub. Tibb məntəqəsi üçün 2 təcili yardım maşını ayrılıb.

Müəssisələrdə zərərli iş şəraitində 1034 nəfər çalışır. Onlardan 1012 nəfəri kişi, 22 nəfəri isə qadındır. İşçilərin hamısının yaşı 18-dən yuxarıdır.

İşçilər yeməkxanada pulsuz nahar edir, südlə təmin olunurlar.

Zərərli işdə işləyənlər hər il dövri tibbi müayinədən keçirilirlər. Tibbi müayinə MMC-nin rəhbərliyi, Hİ Birliyinin nəzarəti və tibb məntəqəsinin həkimlərinin təşkilatçılığı ilə aparılır. Tibbi müayinələrin sonunda, nəticələrə uyğun olaraq, yekun akt tərtib edilir. Müalicəyə ehtiyacı olan işçilər aşkara çıxarıldıqda onlar dispanser müşahidəsinə götürülürlər və lazım olan hallarda ərazi tibb müəssisələrinə - poliklinikalara və stasionarlara göndərilirlər. Qeyd etmək lazımdır ki, tibb məntəqəsinin öz arxivi vardır. Orda bütün tibbi sənədlər toplanır və saxlanılır.

İşə daxil olanlar yaşayış yerlərində ərazi poliklinikalarında ilkin tibbi müayinədən keçirlər. Tibbi müayinəyə dair sənədləri həkimlərə və kadrlar şöbəsinə təqdim edirlər. MMC-də müvəqqəti əmək qabiliyyətinin itirilməsinin səbəbləri araşdırılır və bərpası üçün tədbirlər görülür.

Son 2 ildə peşə xəstəliyi və əmək zədələnmələri aşkar olunmamışdır.

Qadınların tibbi mühafizəsi diqqətdən kənarda qalmır, hamilə qadınlar tibb məntəqəsinin həkimlərinin məsləhəti ilə nisbətən yüngül işə keçirilirlər. Qadınların istirahəti üçün xüsusi otaqlar ayrılmışdır.

MMC-də 25 nəfər əlil çalışır. Tibbi Sosial Ekspert Komissiyasının verdiyi əmək zəmanətlərinə əməl olunur.

Qarabağ müharbəsində MMC-nin 2 işçisi şəhid olub.

Onların ailələrinə həmkarlar ittifaqı tərəfindən yardımlar göstərilib və göstərilməkdədir.

Şəhid ailə üzvlərinin birinə “Bilgəh” sanatoriyasına 2 yollayış verilmiş, bayramlarda 200 manat yardım edilmişdir. Məktəbyaşlı şəhid uşağı Nurlana Qafar qızı Həsənovaya 500 manatlıq məktəb ləvazimatı alınmışdır. Hər iki şəhid ailəsinə bayramlarda həmkarlar ittifaqı tərəfindən bazarlıq edilmişdir. Ötən il Qurban bayramında da hər bir ailəyə 100 manat yardım olunmuşdur.

8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə 181 işçi qadına pul mükafatı verilmişdir. Yası düşən işçilərə 100 manat yardım olunur. COVID 19 virusuna yoluxmuş işçilər də həmkarlar ittifaqının maliyyə köməyindən bəhrələnmişlər.

Həmkarlar İttifaqı Birliyinin təşkilatçılığı ilə hazırlanmış MMC-nin yığma komandası “Boccia” idman növü üzrə yarışlarda iştirak etmiş və qaliblər sırasında olmuşdur.

Beləliklə, yekunda qeyd edə bilərik ki, “Baku Steel Company” MMC-nin Həmkarlar İttifaqı Birliyi ötən il işçilərin sağlamlığı sahəsində xeyli uğurlar qazana bilmişdir.

ETİKETLƏR:

Foto