Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Ölkəyə idxal olunan ərzaq mallarına gömrük-vergi güzəştləri tətbiq ediləcək

.

29.06.2022 01:32
8
A+
A-

Başa çatmaqda olan 2022-ci ilin birinci yarısı dünya ölkələrinin ərzaq təminatında təchizat və qiymət sabitliyi baxımından heç də yaxşı nəticələrlə yadda qalmadı. İlin əvvəlində beynəlxalq iqtisadi qurumlar qlobal qiymət artımlarının səngiyəcəyini proqnozlaşdırsalar da, gözləntilər özünü doğrultmadı və dünya üzrə inflyasiya yenidən 16-17 faiz artdı. Rusiya-Ukrayna müharibəsinin yaratdığı çətinliklər isə dünyada ərzaq təchizatı zəncirinin pozulmasına səbəb olmaqla əksər region ölkələrində yeni inflyasiya dalğası yaratdı. Belə ki, Qara dəniz ətrafında baş verənlər logistika, əsasən də ərzaq məhsullarının daşınması ilə bağlı problemlərin hələ də qalması taxıl və bitki yağları istehsalçıları və təchizatçıları arasında rabitəni pozaraq davam edən qiymətlərin artımlarını və ümumilikdə qlobal ərzaq təhlükəsizliyini təhdid etməkdədir. Xüsusilə də xaricdən idxal olunan malların hər ay qiymət dəyəri artır.

Azərbaycan 2022-ci ilin yanvar-may aylarında 5 milyard 135 milyon dollar dəyərində mal idxal edib. 2021-ci ilin eyni dövründə isə idxalın həcmi 4 milyard 392 milyon dollar təşkil edib. Yəni idxalın dəyəri 735 milyon dollardan çox artıb. İdxal mallarının təxminən 20 faizi yeyinti məhsullarıdır. Ötən 5 ayda ərzaq və qida mallarının dəyəri 875 milyon dollar olub. Halbuki ötən il həmin məbləğ 755 milyon dollar olmuşdu. Yəni bu o deməkdir ki, son bir ildə yeyinti məhsullarının idxal dəyəri 18 faiz bahalaşıb. Həmçinin son bir ildə içkilərin dəyəri daha çox, 30 faizə yaxın bahalaşıb. Burada gömrük rüsumlarının və aksizlərin təsiri də mühüm rol oynayır.

Mərkəzi Bankın və Dövlət Statistika Komitəsinin apardığı təhlillərə əsasən, ölkəmizdə qiymətlərin bahalaşmasında idxal inflyasiyasının payı daha böyükdür. İdxal inflyasiyası ümumi qiymət artımında ən azı 60 faiz yer tutur. Belə ki, son 5 ayda qida və içki məhsullarının qeydə alınmış inflyasiya səviyyəsi 20-21 faiz təşkil edib. Yəni qiymət indeksinin artmasında idxal inflyasiyasını dayandırmaq olmur.

Mövcud vəziyyət Azərbaycan hökumətini də qayğılandırdığından dünya bazarında baş verən proseslərə adekvat şəkildə ərzaq ehtiyatlarının təmin edilməsi üçün əlavə tədbirlər planı hazırlayıb. Maliyyə naziri Samir Şərifov bildirib ki, 2022-ci ilin dürüstləşdirilmiş büdcəsində dəyişikliklər layihəsində işğaldan azad edilmiş ərazilərin bərpasına və ölkəmizin hərbi gücünün daha da möhkəmlənməsinə yönələn xərclərin məbləğinin artırılması ilə yanaşı, zəruri ərzaq ehtiyatlarının yaradılması üçün əlavə tədbirlərə 193 milyon manat vəsait nəzərdə tutulub. Həmin vəsait qida məhsullarının idxalı ilə məşğul olan şirkətlərin zəruri ehtiyatlar yaradılmasında subsidiyalarla təmin edilməsi, həmçinin artan logistika xərclərinin dövlət xərcləri hesabına qarşılanması və digər təşəbbüslərə yönələcək.

Bununla yanaşı, qida istehsalçılarına müxtəlif iqtisadi güzəştlərin edilməsi nəzərdə tutulur. Qida mallarının idxalı ilə məşğul olan sahibkarlara da müxtəlif növ güzəşt və stimulların verilməsi planlaşdırılır. Hökumət qarşıdakı aylarda idxal edilən malların rüsumlarına müxtəlif alətlərlə müdaxilə edərək idxal inflyasiyasının qarşısını almaq niyyətindədir. İlk növbədə taxıl və buğdanın rüsumlarında güzəştlər nəzərdə tutulur. Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, ölkəyə idxal olunan ərzaqlıq buğda ƏDV-dən azad edilib. Ancaq bununla yanaşı, idxal olunan buğdanın artan logistika, nəqliyyat və daşınma xərclərini, həmçinin dünya bazar qiymətlərinin artmasını nəzərə alaraq hökumət idxal şirkətlərinə müxtəlif güzəştlər etməyi düşünür.

2022-ci il ərzində idxal inflyasiyasının təsirinin azaldılması məqsədilə Dövlət Gömrük Komitəsi İqtisadiyyat və Maliyyə nazirlikləri ilə birlikdə idxal edilən və minimum istehlak səbətinin tərkibində xüsusi yer tutan ərzaq məhsullarına münasibətdə və konkret sahəni əhatə etməklə daxili istehsalda istifadə olunan aralıq məhsulların idxalına tətbiq edilən gömrük rüsumları və əlavə dəyər vergisi üzrə güzəştlərin verilməsi, gömrükdə saxlanc və yükləmə-boşaltma xərclərinin optimallaşdırılması istiqamətində yeni təkliflər hazırlanıb və yaxın günlərdə hökumət tərəfindən təsdiq olunacaq. Bununla yanaşı, kənd təsərrüfatı malları və zəruri qida məhsullarının satışı zamanı ticarət əlavələrinə hesablanan vergilərə güzəştlərin tətbiqi nəzərdə tutulur. Bu isə son nəticədə həmin malların satış qiymətlərində artımların qarşısını alacaq. Bəzi ərzaq mallarının satışı zamanı tələb olunan sertifikat və şəhadətnamələrin rüsumlarının da azaldılması gözlənilir. Qeyd edək ki, ötən həftə Nazirlər Kabinetinin qərarı ilə heyvan ətinin satışı zamanı tələb olunan şəhadətnamələr üzrə rüsumlar ləğv olunub. Bu təşəbbüslərin davam etdirilməsi üçün digər qida səbətinin tərkibi monitorinq edilir.

Digər iqtisadi stimullar ərzaq məhsullarının tədarükü və emalı, aqrar emal ilə məşğul olan mikro, kiçik və orta sahibkarlar üçün güzəştli maliyyələşdirmə alətlərinə çıxışın asanlaşdırılması və yeni mexanizmlər yaradılması nəzərdə tutulur. Bununla əlaqədar sahibkarlara həm subsidiyalar, həm də ən sərfəli kreditlər veriləcək. Bu məqsədlə Sahibkarlığın İnkişafı Fondu tərəfindən yerli istehsalçı sahibkarlara verilən güzəştli kreditlərin portfeli də artırılacaq. Artıq bununla bağlı əlavə maliyyə təminatı yaradılıb. 2022-ci ilin büdcəsinə edilən dəyişikliklərdə artan xərclərin 163 milyon manatı sahibkarlığın inkişafı ilə bağlı tədbirlərin dəstəklənməsinə yönələcək ki, həmin vəsaitlər əsas etibarilə məhz qida istehsalında xüsusi payı olan biznes icmasına veriləcəkdir. Yeni kredit faizlərinin subsidiyalaşdırılması üzrə şərtlərə əsasən, sahibkarlara 1 il müddətinə veriləcək subsidiyanın müddəti 1 ili əhatə edəcək. Subsidiya kredit alan sahibkara kreditin həcminin 10 faizinə bərabər olacaq. Kreditlər isə, müddətdən asılı olmayaraq, 3 milyon manatadək nəzərdə tutulub. Yəni qida istehsalı, emalı və tədarükü ilə məşğul olan sahibkar 3 milyon manat kreditlə yanaşı, onun 10 faizi nisbətində, yəni 300 min manat da əlavə subsidiya əldə edəcək.

Sahibkarlara verilən kreditlərin təyinatı birbaşa minimum istehlak səbətinin tərkibində əsas yer tutan ərzaq məhsullarının tədarükü aqrar emala yönəlməlidir. Çünki bu siyasətin əsas fəlsəfəsi də məhz minimum istehlak səbətinin tərkibində zəruri qida mallarının təminatının artırılmasından ibarətdir. Hökumət bu yolla minimum istehlak zənbilini etibarlı şəkildə saxlamaq, özünütəminetmə səviyyəsini artırmaq və bununla da qiymət artımının qarşısını almağa çalışacaq.

 

Elbrus CƏFƏROV

ETİKETLƏR: