Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Təhsildə islahatlar və həlli tapılmayan problemlər

Artıq “islahat” sözü Azərbaycan təhsilinin sinoniminə çevrilib.

06.05.2021 10:48
54
A+
A-

Artıq “islahat” sözü Azərbaycan təhsilinin sinoniminə çevrilib. Vaxtaşırı təhsilimizdə yeni qaydalar, tədris metodları tətbiq olunur. Dəyişən şeylər çoxdur. Amma dəyişməyən, artıq kristallaşmış problemə çevrilən məsələlər də çoxdur. Məsələn, dərsliklərin qeyri-peşəkarcasına tərtibi, ali məktəbə daxil olmağı qarşısına məqsəd qoyan yeniyetmələrin repetitor yanında hazırlaşması və sair. Təhsil üzrə ekspert Kamran Əsədov deyir ki, ən narahatedici problem orta ümumtəhsil məktəblərində istifadə olunan dərsliklərin şagirdlərin yaş xüsusiyyətlərinə uyğun gəlməməsidir. Bu istiqamətdə apardığımız monitorinqlərdə ağlasığmaz nəticələrlə üzləşdik. Məlum oldu ki, 3-4-cü siniflərdə tədris olunan mövzular, informasiyalar, çoxluğuna görə, dünya təcrübəsində 24-25 yaşlı gənclər üçün nəzərdə tutulur. Başqa sözlə, Azərbaycanda 9-10 yaşlı şagirdlər beyinlərinin imkanlarından qat-qat çox informasiya ilə doldurulur.

Bu gün ali təhsil müəssisələrinə qəbul olmuş tələbələrin böyük əksəriyyəti dərs oxumaq istəmir. Universitetə daxil olandan sonra sanki özlərini azadlığa çıxmış kimi hiss edirlər. Çünki artıq oxumaq üçün enerjiləri olmur. Ekspert hesab edir ki, ayrıca dərslik mərkəzləri yaradılmalıdır.

Dərsliklərin keyfiyyətinə təsir göstərən digər mühüm amil vaxt darlığıdır. Tender elan ediləndən dərsliyin çapına qədər müddət 5-6 aydan artıq olmur. Belə halda dərsliklər, təbii ki, qüsurlu olacaq.

Kamran müəllim mənfi təsir göstərən başqa bir səbəbi də diqqətə çatdırdı: “Orta məktəb dərsliklərini yazanların böyük əksəriyyəti ali təhsil müəssisələrində, elmi mərkəzlərdə, elmlər akademiyasında çalışan mütəxəssislərdir. Bu seçim düzgün deyil. Çünki dərslik yaradıcılığı elmi təcrübə deyil. Ona görə də ibtidai sinif və orta təhsil dərslikləri birmənalı şəkildə sadələşdirilməlidir. Dərsliklər yazılarkən komissiyanın böyük əksəriyyətini orta ümumtəhsil məktəblərində çalışan müəllimlər və şagirdlərlə mütəmadi işləyən şəxslər təşkil etməlidir”.

“Nə üçün şagirdlər repetitor yanına getmədən universitetə qəbul ola bilmirlər” sualını cavablandırarkən dedi ki, səbəb orta ümumtəhsil məktəblərində tədrisin keyfiyyətinin aşağı olmasıdır: “Digər səbəb isə, qəbul imtahanlarında 11-ci sinfi bitirən abituriyentdən 5-9-cu sinifdə oxuduqları məlumatlar soruşulur. Bu da, təbii ki, artıq ötən illərdə keçirilənlərin unudulmasına gətirib çıxarır. Əgər uşaqların repetitor yox, orta məktəb müəllimlərinin bilikləri ilə universitetə qəbul olmasını istəyiriksə, qəbul imtahanlarına yalnız 10-11-ci sinfin materiallarından ibarət suallar salmalıyıq. Artıq bu zaman abituriyent özü individual olaraq son iki ildəki faktları və məlumatları oxuyacaq və beləliklə də, əlavə repetitora ehtiyac qalmayacaq”.

Bildiyimiz kimi, orta məktəb müəllimlərinin 65 yaşı tamam olduqda təqaüdə çıxarılırlar. Bu da bəzən şagirdlərin yeni müəllimə adaptasiyasında problemlər yaradır. Ancaq bu gün universitetlərə nəzər salsaq, kifayət qədər təqaüd yaşını keçmiş müəllimlərə rast gələ bilərik. Bu zaman sual yaranır: nə üçün orta məktəb müəllimlərinə tətbiq olunan yaş həddi universitetlərdə keçərli deyil?. Ekspert bu məsələyə də aydınlıq gətirdi: “Hazırda 4 min 447 orta ümumtəhsil məktəbində 151 min müəllim çalışır və onların 37 faizinin yaşı 50-nin üzərindədir. 51 ali təhsil müəssisəmizdə isə 35 min müəllim  fəaliyyət göstərir. Sizin də vurğuladığınız kimi, onların 60 faizinin yaşı 60-80 arasındadır. Belə deyək, ali təhsilimiz “qocalıb”. Bu da operativliyin, çevikliyin aşağı düşməsinə səbəb olur.

Səbəbinə gəldikdə isə, burda ali məktəblə bağlı məsələ fərqlidir. Çünki orta ümumtəhsil məktəblərində bir fənn üzrə kifayət qədər müəllim olur ki, onları da digəri ilə əvəzləmək mümkündür. Ancaq universitetlərdə bu, belə deyil. Çünki universitetlərdə elə fənlər olur ki, yalnız bir semestr keçirilir. Ya da hər hansı ixtisaslar üzrə, misal üçün, neft-qaz, geologiya, geofizika və yaxud da bu kimi spesifik ixtisaslar üzrə kadr çatışmazlığı olur ki, bu da əvəzləyici kadrların olmamasına gətirib çıxarır. Ona görə də universitetlərdə məktəblərlə müqayisədə bir müəllim illərlə qalıb işləyə bilir. Təhsilin inkişafında mobillik, operativlik, İKT bacarıqlarının inkişafını istəyiriksə, bu sahəyə daha çox gənc nəsli cəlb etməliyik. Həm də düşünürəm ki, Azərbaycan təhsilinin inkişafı məhz gənclərin təhsilə gətirilməsi ilə daha sürətlə baş verə bilər”.

Aliyə SƏMƏDOVA