Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Daxili turizmin inkişafına diqqət ayrılmalıdır

turizm həm vətəndaşlar, həm də əcnəbilər üçün karantin şərtləri diqqətə alınaraq necə təşkil olunacaq?

20.05.2021 07:19
12
A+
A-

Artıq yay turizm mövsümü yaxınlaşır. Hazırda sərt karantin rejimi tətbiq olunmasa da, hələ müəyyən məhdudiyyətlər qüvvədədir və əksər ölkələrlə sərhədlərin bağlı olması səbəbindən gediş-gəliş turizmi əvvəlki illərə nisbətən xeyli azalıb. Nəzərə alsaq ki, iyun ayı üçün ölkəmizə 30 minə yaxın turistin gələcəyi gözlənilir. Bu baxımdan turizm həm vətəndaşlar, həm də əcnəbilər üçün karantin şərtləri diqqətə alınaraq necə təşkil olunacaq?

“Yeni turizm mövsümünün başlanmasına az zaman qaldığı bir vaxtda ölkəyə səfərlərlə bağlı sərt qaydaların dəyişdirilməsinə ehtiyac var”. Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov qəzetimizə verdiyi açıqlamasında dedi. O bildirdi ki, COVID-19 pandemiyasının aktiv olduğu dövrdə ölkəmizə gələn turistlərin sayının azalması gözlənilən idi. Ancaq indiki şəraitdə-azalmaların müşahidə olunduğu vaxtda artıq səfərlərlə bağlı yumşalmaya gedə bilərik. Çünki onsuz da ölkəyə gəlmək istəyən turistdən virusla bağlı “peyvənd pasportu” tələb edilir: “Test nəticələri neqativ olan əcnəbilərin potensial virus yayıcılıq riski ciddi şəkildə aşağıdır. Buna görə də bu şəxslərin səfərləri epidemioloji baxımdan hər hansı ciddi təhlükə yaratmır”.

Deputat onu da qeyd etdi ki, ötən illə müqayisədə ölkəmizə gələn turistlərin sayında azalma müşahidə olunub: “Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən, 2021-ci ilin ilk iki ayında Azərbaycana 72,1 min turist gəlib. Bu, əvvəlki ilin uyğun dövrü ilə müqayisədə 5.9 dəfə azalma deməkdir. Ölkəmizə gələnlərin əksəriyyəti daha çox qeyri-turizm məqsədilə səfər etmişlər. Bu müddətdə Gürcüstandan gələnlərin sayı 16,3 dəfə, Qazaxıstandan 11,1 dəfə, Türkmənistandan 10 dəfə, Özbəkistandan 6,3 dəfə, Rusiya Federasiyasından 5,1 dəfə, Ukraynadan  4,5 dəfə, Böyük Britaniyadan 4,4 dəfə, Belarusdan  2,6 dəfə, İrandan 2,5 dəfə, Türkiyədən  2,3 dəfə azalıb”.

Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov builki turizm mövsümü üçün mövcud vəziyyətdən danışdı: “İndiki vəziyyət bizə onu sübut etdi ki, daha çox daxili turizmi inkişaf etdirməliyik. Bunun üçün də turizm regionlarımızda artıq bu sahədə işlər görülməlidir”.

M.Ağakərimov birdirdi ki, Azərbaycan Turizm Assosiasiyası olaraq, builki daxili turizmlə bağlı bəzi proqnozlarımız var: “Bizim proqnozumuza görə, bu il ölkəmizdəki otellərdə, demək olar ki, yer tapılmayacaq. Çünki otel sayı lazım olan qədər deyil. Sərhədlərin bağlı olması səbəbindən vətəndaşların kənara çıxa bilmədiyini nəzərə alıb regionlarımızda turizmin inkişafı ilə bağlı tədbirlər görülməlidir. Buna bizim ölkəmizin təbiəti də, iqlimi də imkan verir. Daxili turizmin inkişafı eyni zamanda valyutanın ölkədə qalması və iş imkanları deməkdir”.

Onu da qeyd edək ki, Dünya Turizm Təşkilatı bütün ölkələrin hökumətlərinə COVID-19 pandemiyası dövründə və sonra atılan addımlar üçün vizaların ləğv edilməsini, səyahət vergilərindən imtina və buna təşviq edilməsini təklif edib. Bundan əlavə, COVID-19 pandemiyası nəzarət altına alınmağa başladığı üçün insanların səyahətlərini ləğv etməməsinə və ya təxirə salmamasına imkan yaratmasını dövlət qurumlarına bildirib. Lakin yay mövsümü ilə əlaqədar pandemiyanın daha da genişlənməməsi üçün əksər ölkələr beynəlxalq səyahətə qoyulan məhdudiyyətləri hələ də davam etdirir.

Aliyə SƏMƏDOVA

Foto