Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


İstirahət günü işə çıxan işçiyə əməkhaqqı necə ödənilməlidir?

İstirahət günü işə çıxan işçiyə əməkhaqqı necə ödənilməlidir?

27.05.2021 07:11
16
A+
A-

İstirahət günü işə çıxan işçiyə əməkhaqqı necə ödənilməlidir?
Əlövsət KƏRİMOV, Sumqayıt şəhəri.
- Əmək Məcəlləsinin 99-cu maddəsinə əsasən, təbii fəlakətin, istehsalat qəzasının və digər fövqəladə hadisələrin qarşısının alınması, onların nəticələrinin aradan qaldırılması, hərbi vəziyyət rejiminin təmin edilməsi, habelə tezkorlanan malların itkisinin qarşısını almaq məqsədilə, Məcəllədə müəyyən edilmiş qaydalara əməl olunmaqla, işçinin iş vaxtından artıq işlərə cəlb edilməsinə yol verilir.
Qeyd edilən və fasiləsiz istehsalatlardan, ticarət, iaşə, rabitə, nəqliyyat və digər xidmət müəssisələri istisna olmaqla, istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günündə işçilərin işə cəlb edilməsi yolverilməzdir. 
İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə əməkhaqqı aşağıdakı kimi ödənilir:
əməyin vaxtamuzd ödənilmə sistemində gündəlik tarif maaşının iki mislindən aşağı olmamaqla;
əməyin işəmuzd ödənilmə sistemində ikiqat işəmuzd qiymətlərindən aşağı olmamaqla;
aylıq maaş alan işçilərə iş aylıq iş vaxtı norması çərçivəsində görülmüşsə, maaşdan əlavə gündəlik vəzifə maaşı məbləğindən aşağı olmamaqla, əgər iş aylıq iş vaxtı normasından artıq vaxtda görülmüşsə, maaşdan əlavə gündəlik vəzifə maaşının ikiqat məbləğindən aşağı olmamaqla.
İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü işləmiş işçinin arzusu ilə ona əməkhaqqı əvəzinə başqa istirahət günü verilə bilər.
Nəzərinizə çatdırırıq ki, iş vaxtından artıq işlərin görülməsinə cəlb olunmuş işçilər üçün işəgötürən Əmək Məcəlləsinin “Əməyin mühafizəsi” bölməsində nəzərdə tutulmuş normalara uyğun istehsalat və sosial-məişət şəraiti yaratmalı, əməyin təhlükəsizliyini təmin etməlidir.
İşçilərin attestasiyadan keçirilməsində həmkarlar ittifaqı təşkilatlarının nümayəndələri iştirak edirlərmi?
Samir VƏLİYEV, Bakı şəhəri.
- İşçilərin attestasiyasının keçirilməsi Əmək Məcəlləsinin 65-67-ci maddələri və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları” ilə tənzimlənir.
Qanunvericiliyə görə, işçilərin attestasiyasının keçirilməsinə hazırlıq işlərində və attestasiya komissiyasında həmkarlar ittifaqı təşkilatlarının nümayəndəsinin iştirakı vacibdir. Belə ki, Qaydaların 2.1. bəndinə əsasən, attestasiyadan keçirilməzdən əvvəl zəruri hallarda attestasiyanın keçirilməsinin məqsəd, vəzifə və metodlarının izahının işçilərə çatdırılması üzrə tədbirləri özündə cəmləşdirən lazımi hazırlıq işləri görülməlidir. 
Həmkarlar ittifaqı təşkilatları tərəfindən bu iş müəssisənin struktur təşkilatları ilə birlikdə təşkil edilir.
İşçilərin attestasiya Qaydalarının pozulması inzibati xəta sayılır və İnzibati Xətalar Məcəlləsinin 192.2. maddəsinə əsasən, işəgötürən tərəfindən işçilərin və iş yerlərinin attestasiyasının keçirilməsi Qaydalarının pozulmasına görə yeddi yüz manatdan min iki yüz manatadək məbləğdə cərimə edilir.
Həmkarlar ittifaqı təşkilatlarının bu işdə iştirak etməməsi, attestasiya Qaydalarının pozulmasına səbəb olan hallardan biridir.
Ailə başçısını itirməyə görə pensiya al ıram. Təkrar nikaha girsəm pensiyamı yenə də ala bilərəmmi?
Günay RƏHİMOVA, Şəki şəhəri.
- Ailə başçısını itirməyə görə pensiya hüququ olan ailə üzvləri “Əmək pensiyaları haqqında” qanunun 14-cü maddəsində göstərilib. 14.1.2. maddəyə əsasən, ata, ana, ər, arvad müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud I və ya II dərəcə əlilliyi olan şəxsdirsə, onda həmin şəxsin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır.
Lakin həmin Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi 37.8-ci maddədə göstərilən halların yarandığı aydan sonrakı ayın 1-dən dayandırılır.
37.8.3-cü maddəyə görə bunlardan biri də əmək pensiyaçısının dul arvadının (ərinin) nikah bağlaması halıdır. Təkrar nikaha düşsəniz sizə ödənilən ailə başçısını itirməyə görə əmək pensiyası dayandırılacaq.

ETİKETLƏR: