Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


İyunun 10-dan çimərliklərin fəaliyyətinə icazə veriləcək

İyunun 10-dan çimərliklərin fəaliyyətinə icazə veriləcək

27.05.2021 07:29
186
A+
A-

Çimərlik mövsümü ilə əlaqədar Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Bakı şəhərinin sahilkənarı ərazilərində yaradılan ictimai çimərliklərdə mövsümə hazırlıq işləri başa çatıb.
2 il ərzində Abşeron yarımadasının Sahil, Buzovna, Novxanı, Görədil və Pirşağı qəsəbələrində, Səbail rayonunda, “Şıx” çimərlik ərazisində ümumilikdə 6 yerdə fəaliyyət göstərən ictimai çimərliklər şəhər sakinlərinin Leyla Əliyevaya müraciətlərindən sonra paytaxtın dənizkənarı ərazilərində mövcud özəl istirahət mərkəzlərinə və çimərliklərə alternativ olaraq yaradılıb.
Çimərlik mövsümü ərəfəsində ictimai çimərliklərdə lazımi təmizlik-abadlıq işləri aparılıb, qış ərzində dəniz sahilinə yığılan tullantılar, həmçinin dalğaların sahilə atdığı müxtəlif əşyalar yığışdırılıb, digər təmizlik işləri görülüb. Çimərliklərdəki inventarlar, günlüklər, söhbətgahlar, sanitariya qovşaqları və duşlar mütəmadi olaraq yoxlanılır, qaydaya salınır, cari təmir işləri, bir sıra yerlərin rənglənməsi aparılır.
Qeyd edək ki, COVID-19 pandemiyasının davam etməsi ilə əlaqədar vətəndaşların sağlamlıqlarının qorunması məqsədilə çimərliklərdə mövcud epidemioloji vəziyyətə uyğun tədbirlər nəzərdə tutulub. Çimərlik ərazilərində maafirləndirici lövhələr, poster və elanlar yenilənir.
Çimərliklərdə Fövqəladə Hallar Nazirliyinin xilasetmə məntəqələri, həmçinin tibb məntəqələri təşkil olunub.
Xatırladaq ki, çimərliklərə üz tutan sakinlər ötən il olduğu kimi, bu il də cimerlik.az portalına daxil olaraq çimərliklərin siyahısı, doluluq səviyyəsi, infrastruktur və şərait, ünvan və yerləşmə yeri və s. məlumatları əldə edə biləcəklər.
Lənkəranda Xəzər dənizinin sahilində yerləşən çimərliklərdə keçirilən monitorinqlər başa çatıb. Xəzər dənizi sahili boyu yerləşən 8 məntəqədən götürülən suyun fiziki-kimyəvi və bakterioloji analizləri aparılıb. Analizlərin nəticəsinə görə, çirklənmə səviyyəsi yüksək olub. Məlum olub ki, Lənkəran rayonu ərazisindəki təmizləyici qurğular istismara yararsız olduğundan tullantı suları heç bir təmizləmə prosesi keçmədən dənizə axıdılır.
Lənkəran Şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Habil Sadıqov bildirib ki, Lənkəran şəhərinə yaxın ərazilərdə, Aşağı Nüvədi qəsəbə ərazisi, Sütəmurdov kəndi, Kiçik bazar ərazisi və digər yerlərdən su nümunələri götürülüb: “Müayinənin nəticəsinə əsasən, götürülmüş su nümunələri dəniz suyunun bakterioloji göstəricilərinə uyğun deyil. Yəni dəniz suyunda çirklənmə müşahidə olunub. Hazırda həmin ərazilərdə çimmək qadağandır. Dəniz kənarında yerləşən ictimai iaşə və digər obyektlər dənizin təmizliyinə nəzarət etməlidirlər”.
“İyunun 10-dan başlayaraq çimərliklərin fəaliyyətinə icazə veriləcək”.
Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mayın 25-də təşkil etdiyi brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının iqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib. 
Qeyd olunub ki, ötən il çimərliklər üçün tətbiq olunan qaydalar bu il də tətbiq ediləcək.

ETİKETLƏR: