Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


ATİAHİ Respublika Komitəsinin VII Məclisi keçirilib

.

07.12.2022 10:40
11
A+
A-

Dekabrın 7-də Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Respublika Komitəsinin VII Məclisi keçirilib. Tədbirdə paytaxt rayonlarının, eləcə də respublikanın müxtəlif bölgələrinin ATİAHİ komitələrinin, ali və orta ixtisas təhsili müəssisələrinin müəllim və tələbə həmkarlar ittifaqı təşkilatlarının sədrləri iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Sonra ATİAHİ Respublika Komitəsinin sədri, millət vəkili    Səttar Möhbalıyev iclasın gündəliyi ilə Məclis üzvlərini tanış edib. Gündəlikdə “ATİAHİ Respublika Komitəsinin Məclis üzvləri arasında qismən dəyişiklik edilməsi barədə”, “2021-2023-cü illər üçün bağlanmış kollektiv saziş və kollektiv müqavilələrin əmək münasibətləri, əməkhaqqı və əmək normaları, iş və istirahət vaxtı bölməsindəki maddələrinin yerinə yetirilməsi ilə bağlı üzv təşkilatların gördükləri işlər barədə”, “Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin büdcə göstəricilərinin təsdiqi barədə”, “Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi aparatının və üzv təşkilatlarının ştat cədvəlinin təsdiqi barədə”, “ATİAHİ-nin Nizamnaməsinə qismən dəyişiklik edilməsi barədə” məsələlər öz əksini tapıb.

“2021-2023-cü illər üçün bağlanmış kollektiv saziş və kollektiv müqavilələrin əmək münasibətləri, əməkhaqqı və əmək normaları, iş və istirahət vaxtı bölməsindəki maddələrinin yerinə yetirilməsi ilə bağlı üzv təşkilatların gördükləri işlər barədə” Respublika Komitəsinin Əməkhaqqı və sosial müdafiə şöbəsinin müdiri Zəfər Məmmədov məlumat verib.

Məsələnin müzakirəsi zamanı qeyd edilib ki, Azərbaycan Respublikası Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında bağlanmış Baş Kollektiv Sazişə əsaslanaraq ATİAHİ Respublika Komitəsi və Təhsil Nazirliyi arasında 2021-2023-cü illər üçün Kollektiv Saziş bağlanmışdır. Həmin Kollektiv Sazişi, eyni zamanda Əmək Məcəlləsini, “Həmkarlar ittifaqları haqqında” qanunu, təşkilatın Nizamnaməsini və Respublika Komitəsinin qərar və tövsiyələrini əldə rəhbər tutaraq şəhər və rayon həmkarlar ittifaqı komitələri müvafiq təhsil şöbələri ilə, ilk təşkilatlar isə müvafiq təhsil müəssisəsi rəhbərləri ilə kollektiv müqavilə bağlamışlar.

Kollektiv Saziş və müqavilələrdə təhsil işçilərinin əmək, sosial, iqtisadi hüquqları, o cümlədən əməyinin ödənilməsi qaydaları və miqdarı, müavinətlərin, əlavələrin və digər ödəmələrin müəyyən edilməsi, iş və istirahət vaxtı, məzuniyyətlərin müddətləri haqqında şərtlər, işçilərin əmək şəraitinin yaxşılaşdırılması üçün əlavə təminatların müəyyən edilməsi, işəgötürənin təşəbbüsü ilə işçinin əmək müqaviləsi ləğv edilərkən həmkarlar ittifaqı təşkilatı ilə razılaşmaların aparılması və digər mühüm öhdəliklər öz əksini tapmışdır.

Qeyd olunub ki, Respublika Komitəsi tərəfindən ittifaq üzvlərinin əmək, sosial, iqtisadi hüquqlarının pozulması ilə əlaqədar daxil olan müraciətlər, eyni zamanda şifahi daxil olan müraciətlər ciddi şəkildə araşdırılmış, müvafiq köməklik edilmişdir. Həmçinin Kollektiv Sazişdə öz əksini tapan müvafiq öhdəliyin yerinə yetirilməsi nəticəsində 2022-ci ildə 6437 nəfər əlil təhsil işçisinə əlavə əməkhaqqının verilməsinə nail olunmuşdur.

Məsələyə münasibət bildirən S.Möhbalıyev qeyd edib ki, bunun təmin edilməsi müsbət nəticə kimi qeyd edilməlidir. O həmçinin bildirib ki, rayon, şəhər və rayon hüquqlu komitələr daim kollektiv müqavilənin şərtlərinin yerinə yetirilməsinə nəzarət etməlidir. Həmçinin kollektiv müqavilə hazırlanan zaman bu sənədin kollektiv arasında müzakirəsi təmin edilməli, ittifaq üzvlərini narahat edən problemlər nəzərə alınmalıdır. Eyni zamanda ittifaq üzvlərinin müraciətlərinə həssas yanaşılmalı, onları narahat edən problemlərin həllinə köməklik göstərmək lazımdır.

İclasda gündəlikdə duran hər bir məsələ ilə bağlı müvafiq qərarlar qəbul edilib.

Sonra “ATİAHİ-nin Nizamnaməsinə qismən dəyişiklik edilməsi barədə” məsələ müzakirə edilərək qərar qəbul olunub.

Daha sonra iclasda Respublika Komitəsinin Katibi-Maliyyə şöbəsinin müdiri Mübariz Eyvazovun 2023-cü təqvim ili üçün Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin büdcə göstəriciləri və Respublika Komitəsi aparatının ştat cədvəli ilə bağlı məlumatları müzakirə olunaraq təsdiq edilib.

ATİAHİ İsmayıllı və Salyan rayon komitələrinin sədrləri çıxış edərək rəhbərlik etdikləri təşkilatların gördükləri işlərdən danışıblar.

Tədbirin sonunda S.Möhbalıyev gələcək fəaliyyətlə bağlı rayon, şəhər və rayon hüquqlu həmkarlar ittifaqı komitələrinin sədrlərinə tövsiyələrini çatdırıb.

ETİKETLƏR:

Foto