Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Vəziyyət nəzarətə alınmazsa...

 bu, istehlakçı hüququnun pozulması deməkdir

07.12.2022 11:55
13
A+
A-

Son vaxtlar apteklərdə dərmanların qiymətinin kəskin şəkildə artmasının şahidi oluruq. Hətta bu günlərdə sosial şəbəkələrdə Bakıdakı apteklərdə bir qutusu 75 manat 66 qəpiyə satılan diabet xəstələrinin müalicəsi üçün istifadə olunan “Qalvus Met” adlı dərmanın Türkiyədə 153,51 TL-yə (13 manat 99 qəpik) satılması ictimaiyyətin haqlı narazılığına səbəb olmuşdu. Onu da qeyd edək ki, bu, qiyməti qalxan yeganə dərman vasitəsi deyil. Sentyabr ayında apteklərdə yodun tapılmaması, daha sonra isə qiymətinin 40 qəpikdən 1 manat 20 qəpiyə qaldırılması da buna daha bir nümunədir. Elə ötən gün Milli Məclisin iclasında deputat Rəşad Mahmudov da həm dərmanların qiymət artımı, həm də apteklərdə bəzi dərman prepartlarının tapılmaması məsələsinə də toxundu.

Nəzərə alsaq ki, artıq qış aylarını yaşayırıq və mövsümi xəstəliklər də artıb, dərmanların qiymət artımının baş verməsi düzgündürmü? Ölkəmizdə dərman preparatlarının qiymətinin tənzimlənməsinə nə dərəcədə nəzarət olunur? Ümumiyyətlə, dərman satışı ilə bağlı bir mexanizm yaradılmalıdırmı?

Məsələ ilə bağlı Milli Məclisin Səhiyyə komitəsinin üzvü Kamilə Əliyeva və iqtisadçı-ekspert Rəşad Həsənovla söhbət apardıq.

Kamilə xanım öncə apteklərdə dərmanların tapılmaması məsələsinə aydınlıq gətirdi. Dedi ki, ölkəmizdə çox az sayda dərman növləri istehsal olunur. Ona görə də idxal etmək məcburiyyətində qalırıq: “Bilirsiniz ki, bizə dərman idxalı ən çox Rusiya və Ukraynadan olur. Məlum səbəblərdən də hazırda bəzi dərmanların ölkəyə gətirilməsində problemlər yaşanır. Əslində həmin dərmanların alternativlərini rahatlıqla əldə etmək mümkündür. Yəni eyni tərkibə malik olan dərmanlar müxtəlif ölkələrdə müxtəlif adlar altında istehsal olunur. Ancaq bəzən insanlar öz alışqanlıqlarından kənara çıxa bilmirlər və illərdir istifadə etdiyi dərmanın eyni tərkibdə, sadəcə, fərqli adda olduğunu satıcı izah etsə də, bu, təəssüf ki, bir nəticə vermir. Bu cür anlaşılmazlıqların yaranmaması üçün həkimlərimiz həmin dərmanı xəstəyə təyin edərkən bunun izahını da verməlidir. Ona görə də ümid edirəm ki, ölkəmizdə artıq yaxın gələcəkdə dərmanların istehsalına başlanılacaq və bu kimi problemlər də yaşanmayacaq”.

Rəşad müəllim bildirdi ki, digər region ölkələri, xüsusən də Türkiyə, İran, Gürcüstan və Rusiya ilə müqayisədə azərbaycanlı istehlakçı üçün dərman qiymətləri dəfələrlə bahadır: “Bunu xarici ölkələrin onlayn satış səhifələrinə daxil olaraq özünüz də müqayisə edə bilərsiniz. Bunun əsas səbəbi bazarda monopoliyanın olmasıdır. Burada həm topdansatıcılara, həm də pərakəndəsatıcılara 20 faiz olmaqla 40 faizlik bir mənfəət norması imkanının yaradılmasından söhbət gedir. Bu, nə deməkdir? Bu, o deməkdir ki, 10 manat alınan dərmanın bütün digər xərcləri və üstünə də 40 faizlik mənfəət norması əlavə edilməklə bizə təqdim edilməsi nəticəsində bu, bizə təxminən 16-18 manata gəlib çıxır. Bu da, təbii ki, əhalinin alıcılıq gücünə mənfi təsir göstərir, onların sağlamlıq istiqamətli təşəbbüslərini zəiflədir və istər-istəməz daha keyfiyyətsiz dərman məhsullarının alternativlərinin istehlakına təşviq edir. Nəzərə almaq lazımdır ki, ölkədə təxminən il ərzində əhali tərəfindən 1-1,2 milyard manatlıq (rəsmi statistikanın məlumatlarına görə belədir) dərman məhsulları istehlak olunur, bu, çox böyük bir göstəricidir. Yerli istehsal, demək olar ki, yoxdur. Yerli istehsal 8 milyon manat ətrafında olur ki, bunun da təxminən 3-4 milyonu ixrac olunur. Bu istehsal olunan məhsullar da çox primitiv məhsullardır ki, bunlar da dərman məhsulları hesab oluna bilməz-bint, şpris, maska, spirt və sairə kimi. Bu istiqamətdə görüləcək ilk iş inhisarın aradan qaldırılmasıdır. Çünki dərman xüsusi növ məhsuldur və lisenziyalı fəaliyyətdir. Bunun idxalı, təchizatı, tədarükü prosesinin nəzarəti nisbətən digər məhsullarla müqayisədə daha güclü olmalı, bununla yanaşı bazar da liberallaşdırılmalıdır”.

R.Həsənov bu sahədə əlavə dəyər vergisinin (ƏDV) yüksək faizlə tətbiq edilməsini düzgün hesab etmədiyini vurğuladı. Dedi ki, biz əgər dərman məhsulları istehsal etmiriksə, nə üçün bu məhsullara 18 faizlik ƏDV tətbiq olunmalıdır: “Bunlar birmənalı şəkildə aradan qaldırılmalıdır. Çünki hər bir insanın fundamental, konstitusiya ilə verilmiş hüquqları vardır: təhsil, səhiyyə xidmətlərindən istifadə, sağlam yaşamaq hüququ və sairə. Dərman vasitələri də məhz bu istiqamətdə məhsul növü olduğu üçün, həm də yerli istehsal da olmadığı üçün düşünürəm ki, bu məhsullar üzrə ƏDV və digər rüsumlar ləğv edilməlidir. Məlumdur ki, Tarif Şurası tərəfindən müəyyən edilən qiymətlərə nəzarəti Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti həyata keçirir. Ona görə də düşünürəm ki, bu qurum qeyd edilən istiqamətdə nəzarəti düzgün təşkil etməlidir. Bundan sonra biz qiymətlərin ucuzlaşmasının şahidi ola bilərik. Əks təqdirdə bu, istehlakçı hüququnun pozulması deməkdir”.

Apteklərdə bəzi dərmanların tapılmaması məsələsinə də toxunan ekspert dedi ki, məhsul sifarişlərinin gecikməsi, zamanında ödənişlərin edilməməsi və bəzi məhsullara bazarda planlanandan artıq tələbatın olması təchizat prosesində fasilələrin yaranmasna gətirib çıxardır.

 

Aliyə SƏMƏDOVA

ETİKETLƏR: