Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


AHİK-in “Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində həmkarlar ittifaqlarının rolu” mövzusunda keçirilən V Məclisində  AHİK-in sədri, millət vəkili Səttar Möhbalıyevin

​​​​​​​ÇIXIŞI

28.12.2022 10:49
14
A+
A-

-Hörmətli Məclis üzvləri!

Bacılar və qardaşlar!

Sizin hamınızı öz adımdan və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının İcraiyyə Komitəsi adından salamlayır və Məclisimizin işinə uğurlar arzulayıram.

 XX əsrin sonlarında insan-təbiət münasibətlərinin tənzimləndiyi dayanıqlı cəmiyyətə keçid haqqında bir çox təlim və konsepsiyalar yaradılmışdır. Onlardan ən çox bəyənilən və tətbiq edilən “Dayanıqlı İnkişaf” konsepsiyasıdır. Bu konsepsiyanın meydana gəlməsi Birləşmiş Millətlər Təşkilatının (BMT) təbiəti mühafizə fəaliyyəti ilə əlaqədar olmuşdur. 1984-cü ildə Birləşmiş Millətlər Təşkilatı Baş katibinin təşəbbüsü ilə yaradılmış “Ətraf mühit və inkişaf” üzrə Beynəlxalq Komissiyanın əsas vəzifəsi uzunmüddətli strateji proqram hazırlamaqdan ibarət idi. Bu strategiya müxtəlif dünya ölkələrinin davamlı inkişafını, gələcək nəsillərin həyatını təhlükə altına qoymadan, müasir sosial, iqtisadi ehtiyacların ödənilməsini və ekoloji cəhətdən tarazlığın qorunmasını nəzərdə tuturdu.

Birləşmiş Millətlər Təşkilatının təşəbbüsü ilə 2000-ci ildə “Minilliyin Forumu” keçirildi. Dünyanın 147 ölkəsinin dövlət və hökumət rəhbərləri qlobal miqyasda dayanıqlı inkişafa nail olmaq məqsədilə “Minilliyin Bəyannaməsi”ni qəbul etdi. Azərbaycan dövlətinin başçısı, Ümummilli Lider Heydər Əliyev də Forumda çıxış edərək müzakirə olunan qlobal məsələlərə öz münasibətini bildirmişdir.

Dayanıqlı İnkişaf Konsepsiyasının fəlsəfi mahiyyəti planetin təbii ehtiyatlarından səmərəli və qənaətlə istifadə, ətraf mühitin qorunub saxlanması, indiki və gələcək nəsillərin yaşam keyfiyyətinin yaxşılaşdırılmasından ibarət idi. Konsepsiya eyni zamanda insanların tələbatının düşünülmüş şəkildə ödənilməsinə və bütün dünyada sülhün qorunub saxlanılmasına yönəlmiş sosial-iqtisadi və ekoloji inkişafı nəzərdə tuturdu.

“Minilliyin Bəyannaməsi”ndə XXI əsrdə dünya ölkələri üçün Minilliyin İnkişaf Məqsədləri (MİM) müəyyən edilmişdi. Bu Məqsədlər aşağıdakı şəkildə qruplaşdırılmışdır: İfrat yoxsulluğu və aclığı aradan qaldırmaq; Ümumi ibtidai təhsilə nail olmaq; Gender bərabərliyini təmin etmək; Uşaq ölümü hallarına yol verməmək; Ana sağlamlığını qorumaq; HİV xəstəliklərinə qarşı mübarizə aparmaq; Ətraf mühitin qorunmasının davamlılığını təmin etmək; Qlobal tərəfdaşlığı genişləndirmək. Bu Məqsədlərdə dünya əhalisinin həyat şəraitinin 2015-ci ilədək nəzərəçarpacaq dərəcədə yaxşılaşdırılmasına yönəldilən tədbirlər prioritet kimi nəzərdə tutulurdu.

Təəssüf ki, Minilliyin İnkişaf Məqsədlərinin icrasının başa çatması heç də qlobal dünyada mövcud çətinliklərin tamamilə aradan qaldırılmasını təmin edə bilmədi.

UNESCO-nun 2016-cı il üzrə hesabatına görə, dünyada 6-17 yaş arası 263 milyon uşaq, yeniyetmə və gənc, o cümlədən inkişaf etməkdə olan ölkələrdə hər 4 qızdan biri təhsildən kənarda qalır. Eyni zamanda hər il 6 milyondan artıq uşaq 5 yaşına çatmamış dünyasını dəyişir. 800 milyondan çox insan aclıqdan və 1 milyarddan çox insan isə yoxsulluqdan əziyyət çəkir.

Beynəlxalq Əmək Təşkilatının Əməyin Gələcəyi naminə Qlobal Komissiyasının son məlumatına görə, dünyada 190 milyon insan hələ də işsizdir, onlardan 65 milyonu gənclərdir. 2030-cu ilə qədər cari işsizlik probleminin həlli üçün əlavə olaraq 344 milyon yeni iş yerlərinin yaradılması tələb olunur. 2 milyard insan öz qazancını qeyri-formal iqtisadiyyatda çalışaraq əldə edir, 300 milyon işçi isə ifrat yoxsulluq şəraitində yaşayır (gündə 2 dollardan daha az gəlir əldə edir). Hər il 3 milyona yaxın insan istehsalatda qəza və ya peşə xəstəlikləri nəticəsində dünyasını dəyişir. İşçilərin 36,1 faizi iş vaxtından - həftədə 48 saatdan çox işləyir. Əməkhaqqının artım dərəcələri 2016-17-ci illərdə 2,4%-dən 1,8%-dək aşağı düşüb, qadınlar öz işinə görə kişilərdən 20% az maaş alır. 1980-ci ildən 2016-cı ilə qədər gəlirlərin 27%-i dünya əhalisinin 1 faizini təşkil edən zənginlərin payına düşüb. Ən yoxsulların 50%-i isə cəmi 12% gəlir əldə edə biliblər. Bütün ev təsərrüfatlarının yalnız 53,6%-nin internetə çıxışı var. Bu sahədə inkişaf etməkdə olan ölkələrin payı isə cəmi 15% təşkil edir.

Bunlar onu göstərir ki, 2015-ci ilədək nail olunması hədəflənən Minilliyin İnkişaf Məqsədləri bütün ölkələr tərəfindən tam olaraq həyata keçirilməyib. Odur ki, daha əhatəli yeni qlobal təşəbbüsün irəli sürülməsinə zərurət yarandı.

Hörmətli Məclis iştirakçıları!

Dayanıqlı inkişafa keçid prosesi yalnız bundan sonra dünya ölkələrində həm elmi-nəzəri, həm də praktiki istiqamətdə geniş yayılmağa başladı və XXI əsrin əsas prioriteti kimi qəbul edildi.

Minilliyin İnkişaf Məqsədlərinin davamı olaraq Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 2015-ci il 25 sentyabr tarixli qətnaməsi ilə 17 məqsəd və 169 hədəfdən ibarət “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik” təsdiq edilmişdir. Bu sənəd insan inkişafı üçün son dərəcə əhəmiyyətli imkanların yaradılmasına, planetimizi qorumaqla qlobal inkişafın dayanıqlılığının təmin edilməsinə təkan verəcək  bütün ölkələri, Dayanıqlı İnkişaf Məqsədləri (DİM) planetin mühafizəsini təmin etmək şərtilə, tərəqqinin təşviqi üçün tədbirlər görməyə sövq edir. Dayanıqlı İnkişaf Məqsədləri yoxsulluğun aradan qaldırılmasının iqtisadi artımın təmin edilməsinə yönələn strategiyalarla əlaqəli şəkildə həyata keçirilməli olduğunu önə çəkir. Onlar təhsil, sosial müdafiə və məşğulluq imkanları da daxil olmaqla, geniş çevrəli sosial ehtiyacları, iqlim dəyişikliyi ilə mübarizə və ətraf mühitin mühafizəsini, kollektiv tədbirlərin görülməsini hədəfləyir.

“Heç kim diqqətdən kənarda qalmasın” prinsipi üzərində dayanan bu məqsəd və hədəflər insanlıq naminə bütün formalarda, ölçülərdə yoxsulluğa, aclığa son qoymağı, insanların ləyaqətlə, bərabər şərtlərlə sağlam mühitdə öz potensiallarını reallaşdırmasını təşviq edir. Təbii ehtiyatların dayanıqlı şəkildə idarə olunması, iqlim dəyişikliyi ilə bağlı təxirəsalınmaz tədbirlər görməklə, planetimizi qoruyaraq indiki və gələcək nəsillərin ehtiyaclarının təmin edilməsinə çağırır.

“Gündəlik-2030”dan irəli gələn vəzifələr dayanıqlı inkişaf üzrə yeni milli strategiyaların, proqramların, fəaliyyət planlarının hazırlanmasını önə çəkir. Eyni zamanda yüksək keyfiyyətli, aktual, etibarlı, daha müfəssəl məlumatların əldə olunması məqsədilə statistika potensialının gücləndirilməsini, ölkə daxilində maraqlı tərəflərin cəlb edilməsi ilə dayanıqlı inkişafın izlənməsinə imkan verən səmərəli, sistemli və müntəzəm qiymətləndirmə mexanizminin formalaşdırılmasını zəruri edir.

Hörmətli tədbir iştirakçıları!

     Birləşmiş Millətlər Təşkilatının təşəbbüsü ilə meydana çıxan Dayanıqlı İnkişaf Konsepsiyası ayrı-ayrı ölkələrin də inkişaf istiqamətlərini müəyyənləşdirir. Qloballaşma dövründə zəngin təbii sərvətlərə və intellektual potensiala malik Azərbaycan kimi ölkədə Dayanıqlı İnkişaf Konsepsiyası ictimai həyatın bir çox sahələrində geniş miqyasda baş verən mütərəqqi dəyişikliklərin əsas mahiyyətinin araşdırılmasında mühüm əhəmiyyət kəsb edir.

XX əsrin 90-cı illərinin ortalarında Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizin dayanıqlı inkişaf yoluna keçməsi üçün bir çox zəruri tədbirlər həyata keçirilmişdir. Ulu Öndər Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının Forumunda (2000), Yohannesburq Sammitində (2002) dayanıqlı inkişafla bağlı qəbul edilmiş beynəlxalq sənədlərdən irəli gələn öhdəliklərin yerinə yetirilməsi məqsədilə ölkəmizin inkişafı naminə bu istiqamətdə bir çox mühüm qərarların qəbul edilməsinə nail olmuşdur.

2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Birləşmiş Millətlər Təşkilatının Azərbaycan hökumətinə göstərdiyi dəstəyin əlaqələndirilməsi üçün əsas tərəfdaş kimi fəaliyyət göstərən Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılmasına dair fərman imzalayıb. Eyni zamanda Azərbaycan MAPS (2030 Gündəliyi naminə aktuallaşdırma, sürətləndirmə və siyasətə dəstək) missiyasını həyata keçirən ilk ölkələrdən biri olaraq 2018-ci ildə keçirilən Dayanıqlı İnkişaf üzrə Bakı Forumunda ölkə təcrübəsini təqdim edib. Digər məsələlərlə bərabər, regional forumda Dayanıqlı İnkişaf Məqsədlərinin inteqrasiyası və onların icrasını sürətləndirmək məqsədilə fəaliyyətləri müəyyən edən Bakı Prinsipləri qəbul edilib. Birləşmiş Millətlər Təşkilatının dəstəyi ilə interaktiv tablo - məlumatları vahid şəkildə toplayan, Dayanıqlı İnkişaf Məqsədlərinə doğru inkişafı real vaxt rejimində izləyən Milli Məlumat Portalı istifadəyə verilib.

Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərini həyata keçirən keçmiş sovet dövlətləri arasında yeganə ölkədir ki, Birləşmiş Millətlər Təşkilatının Yüksək Səviyyəli Siyasi Forumunda üç dəfə (2017,  2019 və 2021-ci illərdə) Könüllü Milli Hesabat təqdim edib. Bu göstəriciyə görə ilk onluqda yer alır. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası da ötən il Dayanıqlı İnkişaf Məqsədlərinin öhdəliklərini yerinə yetirmək üçün Azərbaycanda həyata keçirilən tədbirlərə dair öz könüllü qiymətləndirmə hesabatını hazırlayıb. Burada 5 il ərzində görülən işlər və əldə olunan nailiyyətlər barədə ətraflı məlumatlar verilibdir.

Hörmətli iştirakçılar!

Son dövrlər respublikamızda əhəmiyyətli sosial-iqtisadi dəyişikliklər baş verir. Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə əhalinin rifahının yaxşılaşdırılmasına yönəldilən genişmiqyaslı islahatlar həyata keçirilir. Bazar iqtisadiyyatının təşəkkül tapması, sahibkarlığın inkişafını təmin edən əlverişli mühitin yaradılması istiqamətində atılan önəmli addımlar əhalinin yaşayış səviyyəsinin yüksəlməsi üçün geniş imkanlar açır. Aparılan sosial islahatlar nəticəsində son 3 ildə 4 milyon nəfəri əhatə edən, əlavə illik maliyyə dəyəri 6 milyard manat olan 3 sosial islahat paketi həyata keçirilmişdir. Ötən 5 illə müqayisədə minimum əməkhaqqı, müavinətlər təxminən 2,6 dəfə, minimum pensiya 70 faizdən çox, orta aylıq əməkhaqqı 53 faiz artmışdır. Respublika üzrə orta aylıq əməkhaqqı 808 manat (475 ABŞ dolları) təşkil edir. Kölgə iqtisadiyyatına qarşı ciddi mübarizə aparılır, indiyədək 250 mindən çox iş yeri rəsmiləşdirilib. Ötən müddət ərzində Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün görülən işlərin nəticəsidir ki, Birləşmiş Millətlər Təşkilatının dayanıqlı inkişafa dair hesabatında Azərbaycanın mövqeyi yaxşılaşıb. Pandemiyaya baxmayaraq, 2021-ci illə müqayisədə ölkə 5 pillə irəliləyərək 163 ölkə arasında 50-ci yerdə qərarlaşıb (100-dən 73,5 xal).

Hamınıza məlumdur ki, Beynəlxalq Əmək Təşkilatı dayanıqlı inkişaf sahəsində səkkizinci məqsədə çatmaq üçün tam, məhsuldar məşğulluq və layiqli işi, gender bərabərliyini təmin edərək bərabər dəyəri olan əmək üçün bərabər əməkhaqqı ilə təminatı önə çəkir. Eyni zamanda gənclər arasında işsizliyin aradan qaldırılmasını, uşaq əməyindən istifadənin bütün formalarından imtina edilməsini, qeyri-formal iqtisadiyyatın nizamlanmasını, sahibkarlığın stimullaşdırılmasını, kiçik və orta sahibkarlığın inkişafını, əmək hüquqlarının qorunmasını, etibarlı, təhlükəsiz iş şəraitinin yaradılmasını əsas prioritet  kimi qeyd edir.

   

Hörmətli tədbir  iştirakçıları!

 

Davamlı inkişaf sahəsində səkkizinci məqsəd barədə danışarkən diqqətinizi aşağıdakı məsələlərə yönəltməyi vacib hesab edirəm.

Əvvəla, davamlı inkişaf sahəsində qlobal miqyasda tədbirlər nəzərdə tutulsa da, hər bir dövlət öz inkişaf səviyyəsinə və imkanlarına uyğun məqsədlər müəyyən edəcəkdər. Hər bir dövlətin nailiyyət qazanması isə bir çox hallarda onların fəaliyyətindən və müəyyən etdikləri siyasətdən asılı olacaqdır.

Dövlət potensialının gücləndirilməsi və dövlət institutlarının möhkəmləndirilməsi də böyük əhəmiyyət daşıyacaqdır. Bu öz növbəsində əmək bazarının statistik məlumatlarının daha dəqiq toplanması və analizinə kömək edəcəkdir.

Sosial tərəfdaşlarla fəaliyyət istiqamətlərimizi genişləndirmək və dünya təcrübəsindən bəhrələnməliyik. Bu sahədəki beynəlxalq təcrübənin öyrənilməsində Beynəlxalq Əmək Təşkilatının texniki və ekspert yardımına böyük ehtiyacımız var.

Hörmətli Məclis iştirakçıları!

Həmkarlar ittifaqları, işçilərin nümayəndələri kimi, dayanıqlı inkişafın təşviqində ən vacib qüvvədir. Onların sənaye sektorunda dəyişikliklərə uyğunlaşma təcrübələrini nəzərə alsaq görərik ki, əsas diqqət istehsal mikroiqliminin və ətraf mühitin qorunmasına, balanslaşdırılmış sosial-iqtisadi inkişaf uğrunda mübarizəyə yönəldilmişdir. Həmkarlar ittifaqları, onların çoxsaylı üzvləri arasındakı mövcud əməkdaşlıq sistemi dayanıqlı inkişaf konsepsiyaları və tətbiqlərinə dəstək verə biləcək mühüm kanallardır. Mövcud sosial tərəfdaşlıq prinsipləri işçilərin, onların nümayəndələrinin, hökumətlərin və işəgötürənlərin davamlı inkişafa keçiddə əməkdaşlığının gücləndirilməsinin əsasını təşkil edir.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası beynəlxalq ictimaiyyətin qlobal inkişaf təşəbbüslərinə daim yaxından maraq göstərmişdir. Dayanıqlı İnkişaf Məqsədlərinin daha yaxşı mənimsənilməsi və milliləşdirilmə prosesinə töhfə vermək məqsədilə “Dayanıqlı İnkişaf Məqsədləri Gündəliyi 2015-2030-cu illər” mövzusunda 2016-cı ildən başlayaraq Beynəlxalq Əmək Təşkilatı ilə birlikdə beynəlxalq, regional, subregional maarifləndirici seminar və konfranslar keçirmişdir. Eləcə də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının mütəxəssisləri mövzu ilə əlaqədar Beynəlxalq Əmək Təşkilatının dəstəyi ilə digər ölkələrdə keçirilən bir sıra beynəlxalq təlim kursları, seminarlar və plenar iclaslarda iştirak etmişlər.  Konfederasiyanın tərkibində Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlı komissiya yaradılmışdır. Komissiyanın üzvləri tərəfindən “Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədləri  2015-2030-cu illər Gündəliyi-Həmkarlar ittifaqlarının davamlı inkişafını təşviq etmək üçün inkişaf strategiyası” sənədi hazırlanmışdır. 

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası Beynəlxalq Əmək Təşkilatı tərəfindən Dayanıqlı İnkişaf Məqsədləri üzrə seçilmiş iki prioritet həmkarlar ittifaqı təşkilatından biridir. Digəri isə Moldova Həmkarlar İttifaqları Konfederasiyasıdır. İki prioritet ölkə təşkilatları olaraq tərəfdaşlığa dair memorandum  imzalamışıq. Moldova həmkarlar ittifaqları mərkəzinin böyük nümayəndə heyətinin iştirakı ilə  Bakıda mövzu ilə bağlı 3 günlük konfrans keçirilmişdir. Konfransda qonaq kimi Albaniya həmkarlar ittifaqlarının da nümayəndələri iştirak etmişlər.

Eyni zamanda bildirməliyəm ki, Azərbaycan həmkarlar ittifaqlarının nümayəndələri də Kişinyov şəhərində dayanıqlı inkişafın məqsədləri ilə bağlı keçirilən konfransda iştirak etməklə bu sahədə təcrübə mübadiləsi aparmışlar.

Beynəlxalq Əmək Təşkilatının texniki dəstəyi və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təşkilatçılığı ilə  Azərbaycan və Türkmənistan həmkarlar ittifaqlarının “İqlim dəyişikliyi və iqtisadi dəyişikliklər: Həmkarlar ittifaqlarının reaksiyası” mövzusunda konfransı   keçirilmişdir. İki gün davam edən konfransda  “Beynəlxalq Əmək Təşkilatının Yüzillik sessiyasının nəticə və tövsiyələri”, “Beynəlxalq Əmək Təşkilatının 144 saylı Konvensiyası beynəlxalq əmək standartlarını milli səviyyədə inkişaf etdirmək üçün səmərəli vasitə kimi”, “Dayanıqlı İnkişaf Məqsədləri üzrə Azərbaycan həmkarlar ittifaqlarının prioritetləri” kimi bir sıra mövzularda müzakirələr aparılmışdır.

Bundan əlavə, Beynəlxalq Əmək Təşkilatının dəstəyi ilə maarifləndirmə və görülmüş işlər haqqında hesabat verilməsi məqsədilə sahə həmkarlar ittifaqlarının fəalları və gənc işçilər üçün Bakı şəhərində və Azərbaycanın müxtəlif bölgələrində 15-dən çox konfrans və seminar keçirmişik. Həmin tədbirlərdə 700-dən çox dinləyici iştirak etmişdir.

Beynəlxalq Əmək Təşkilatının dəstəyi ilə “Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf sahəsində “Əməkdaşlıq və Layiqli Əmək üzrə Gündəliyi” başlığı altında həmkarlar ittifaqının məlumat kitabçası nəşr edilmişdir.

Eləcə də Beynəlxalq Əmək Təşkilatının yardımı ilə “2030-cu ilədək Dayanıqlı İnkişaf Məqsədlərini (DİM) həyata keçirmək üçün Azərbaycan Respublikasında görülən tədbirlərin nəzərdən keçirilməsi və qiymətləndirilməsi dövrü üçün hesabat” adlı kitab çap olunmuşdur. Bu nəşrin təqdimat mərasimlərində 3000-ə qədər həmkarlar ittifaqı fəalı iştirak etmiş və kitaba dair öz mülahizələrini bildirmişlər.

Turin Beynəlxalq Tədris Mərkəzinin dəstəyi ilə cari ilin noyabrın 22-24-də “Dayanıqlı inkişaf üçün həmkarlar ittifaqlarının fəaliyyəti” mövzusunda 3 günlük subregional seminar keçirilmişdir. Tədbirdə Beynəlxalq Əmək Təşkilatının səlahiyyətli nümayəndələri, Moldova, Qazaxıstan və Özbəkistan həmkarlar ittifaqları mərkəzlərinin təmsilçiləri də iştirak etmişlər. Seminarda Dayanıqlı İnkişaf Məqsədlərinin mahiyyəti, qarşıya qoyulmuş məqsəd və hədəflər, dayanıqlı inkişafın iqtisadi, sosial, ekoloji aspektləri, inkişaf istiqamətləri barədə dinləyicilərə məlumat verilmişdir. Qonaqlar Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində təmsil etdikləri təşkilatların təcrübəsini iştirakçılarla bölüşmüşlər. Seminarda Dayanıqlı İnkişaf Məqsədlərindən istifadə etməklə sosial müdafiə sistemlərinin təkmilləşdirilməsi yolları, ekoloji cəhətdən davamlı iqtisadiyyat və cəmiyyətlərə ədalətli keçidin təşviqində həmkarlar ittifaqlarının rolu da müzakirə olunmuşdur.

2020-ci ilin noyabr və dekabr aylarında keçirilmiş iki vebinarı da qeyd etmək istəyirəm. Birləşmiş Millətlər Təşkilatı, Beynəlxalq Əmək Təşkilatı və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının nümayəndələri sosial tərəfdaşlarla birlikdə 2030-cu il Gündəliyinin 8-ci Məqsədinin 2.2 indikatorunu müzakirə etmişlər. İkinci vebinar isə “Birləşmiş Millətlər Təşkilatnın Dayanıqlı İnkişaf Məqsədləri üzrə Çərçivə proqramı və Milli Könüllü Hesabatın hazırlanması prosesi” mövzusunda olmuşdur. Həmin tədbirlərdə koronavirus dövründə və ondan  sonra meydana  gələn  problemlərə diqqət qabardılmış, onlardan çıxış yolları axtarılmışdır. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının səlahiyyətli nümayəndələrinin  iştirakı ilə keçirilən vebinarlarda Dayanıqlı İnkişaf Məqsədlərinin  əsas istiqamətlərini özündə əks etdirən “Məşğulluq, qeyri-formal  məşğulluqdan formal  məşğulluğa keçid, gənclərin məşğulluğu”,     “COVID-19 pandemiyası ilə əlaqədar qlobal iqtisadi böhran təhlükəsi, ölkə iqtisadiyyatında yaranmış vəziyyət və atılan addımlar” və sairə mövzular ətrafinda  müzakirələr  aparılmış və böhrandan daha az itki ilə çıxmaq yolları müzakirə edilmişdir.

Hörmətli Məclis iştirakçıları!

Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində sülhün və əmin-amanlığın müstəsna rolu vardır. 30 ilə yaxın düşmən tapdağı altında olan torpaqlarımız 44 günlük Vətən müharibəsi nəticəsində Ali Baş Komandan və Şanlı Azərbaycan Ordusu sayəsində işğaldan azad edildi. Qaçqın və məcburi köçkünlərin ata-baba ocaqlarına qayıtması başlıca vəzifədir. Bu proses baş tutandan sonra  yeni iş yerlərində məşğul əhalinin sosial, iqtisadi və əmək hüquqlarının müdafiəsini təmin etmək məqsədilə həmkarlar ittifaqı təşkilatları yaradılmasına çalışacağıq. Azad olunmuş ərazilərimizdə işğaldan əvvəl fəaliyyət göstərən pansionat, sanatoriya və istirahət mərkəzlərinin, idman qurğu və müəssisələrinin bərpası da bizim gələcək işlərimizin siyahısındadır.

Hörmətli Məclis üzvləri!

Hesab edirəm ki, bizim fəaliyyətimizin əsasını aşağıdakı istiqamətlər təşkil etməlidir:

- Beynəlxalq Əmək Təşkilatının müvafiq  konvensiyalarının ratifikasiyasının dəstəklənməsi və bunun üçün normativ aktların qəbul edilməsi;

-  təhlükəsizlik, səhiyyə və dayanıqlı inkişaf məsələlərini həll edən ikitərəfli və üçtərəfli mexanizmlərin yaradılması;

- dayanıqlı inkişafa nail olmaq üçün toplu ekoloji sazişlərin sayının artırılması;

- sənaye qəzalarına, zədələnmələrə və peşə xəstəliklərinə yol verilməməsi üçün mübarizə aparılması;

- işçilərin təhsilinin, xüsusilə də işçi təhlükəsizliyi, sağlamlığı və iş mühitinin yaxşılaşdırılması sahəsində maariflənmənin təşkili, peşə hazırlığı və yenidən hazırlıq işlərinin genişləndirilməsi.

Hörmətli Məclis üzvləri!

Sözsüz ki, nəzərdə tutulanların yerinə yetirilməsi bizdən genişmiqyaslı təhlillərin, dəqiqləşdirmələrin aparılmasını tələb edir.

Hədəfləri yoxsulluğun bütün formalarına son qoymaq, sağlam yaşam təmin etmək, rifah halını yaxşılaşdırmaq, keyfiyyətli təhsilə, gender bərabərliyinə nail olmaq, məşğulluğu və layiqli əməyi təşviq etmək, qlobal əməkdaşlığı canlandırmaq olan Dayanıqlı İnkişaf Məqsədləri hər kəsi əhatə edir və universal xarakter daşıyır. Əminəm ki, onların fonunda 2030-cu ilədək həmkarlar ittifaqları da “heç kəsi kənarda qoymamaq” prinsipini rəhbər tutaraq, həmin hədəflərə çatmaq uğrunda mübarizə aparmaq üçün bütün səylərini səfərbər edəcəkdir.

Diqqətinizə görə təşəkkür edirəm!

ETİKETLƏR:

Foto