Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Kimsə övladı olmadığına görə,

kimsə valideyni onu atdığına görə göz yaşı tökür

18.01.2023 10:30
13
A+
A-

Hər bir uşaq sevgiyə, qayğıya, əzizlənməyə və xoş rəftara layiqdir. Bəs bütün uşaqlar üçün həyat eyni dərəcədə qayğısız və rahatdırmı? Təəssüf ki, xeyr! Bu gün övladı olmaması səbəbindən nə qədər ailə dağılır. Kimsə övlad acısına görə göz yaşı tökdüyü halda, kiminsə övladı valideyni onu atdığına görə göz yaşı tökür. Aralarında şanslı olanlar “insaflı əllərə” düşsə də, digərləri, təəssüf ki, insani hisslərini itirmiş insanların “insafına” qalır.

Son zamanlar sosial şəbəkələrdə gizli çəkiliş vasitəsilə uşaq sığınacaq evlərində uşaqlara qarşı şiddət göstərilməsinin, onlara əzab verilməsinin şahidi oluruq. Onsuz da həyata nigaran ümidlə başlamış bu körpələrə bunları yaşatmaq hansı vicdana sığar?

Bu mövzuya müxbir olaraq deyil, o uşaqların halına acıyan vətəndaş olaraq yanaşmaq istədim. Yetərincə dərinə getmək istəsəm də, təəssüf ki, sonda aldığım məlumatlarla kifayətlənmək məcburiyyətində qaldım.

Öncə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə müraciət etdim. Komitənin Uşaq problemləri şöbəsinin müdir müavini Günel Nağdəliyeva bildirdi ki, Azərbaycan Respublikası Prezidentinin 8 may 2012-ci il tarixli “Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası”na əsasən, aidiyyəti qurumlar tərəfindən dövlət və qeyri-dövlət uşaq müəssisələrində monitorinqlər keçirilir. Əvvəlcədən monitorinqlərin keçiriləcəyi müəssisələr dəqiqləşdirilir və həmin müəssisələrin siyahısı tərtib olunur. Daha sonra isə Nazirlər Kabinetinə ünvanlanır. Təsdiq edildikdən sonra monitorinqlər təşkil olunur. Monitorinqlər dövri və növbədənkənar olmaqla iki formada aparılır. Dövri monitorinqlər əlaqədar qurumların iştirakı ilə əvvəlcədən təsdiq olunmuş siyahı üzrə həyata keçirilir. Növbədənkənar monitorinqlər isə əsasən hər hansı müəssisələrdən uşaqların hüquq pozuntusuna dair məlumatlar daxil olduqda təşkil edilir. Monitorinq zamanı aşkar olunan nöqsanlar qeydə alınaraq aidiyyəti qurumlar tərəfindən aktlaşdırılır. Həmin nöqsanların həlli barədə aidiyyəti qurumlar qarşısında məsələlər qaldırılır. Problemlər müəyyən müddət ərzində öz həllini tapdığı təqdirdə müəssisə fəaliyyətini davam etdirir. Yox, əgər aşkar edilən nöqsanlar uşaqların birbaşa sağlamlığına, səhhətinə təhlükə törədirsə həmin müəssisənin fəaliyyətinin dayandırılması ilə bağlı məsələ qaldırılır.

Ombudsman Aparat rəhbərinin müavini Rəşid Rumzadə isə bildirdi ki, təşkilatımızın nəzdində yaradılmış Milli Preventiv Qrupun əməkdaşları tez-tez uşaq müəssisələrində olurlar. Burada məskunlaşdırılmış uşaqların hüquqlarının təmini ilə maraqlanırlar. Görüşdə psixoloq, sosial işçi və həkimlər də cəlb edilir. Ombudsman Aparatına uşaqların hüquq pozuntusu, o cümlədən onlara qarşı zorakılıqla bağlı daxil olan müraciətlər qanunvericiliyin tələblərinə əsasən araşdırılır. Bu istiqamətdə zəruri tədbirlər görülür.

Rəşid müəllim onu da qeyd etdi ki, təsisata daxil olan müraciətlərlə yanaşı, kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə uşaqların hüquqlarının pozulması ilə bağlı yayılan məlumatlar da Ombudsman tərəfindən dərhal nəzarətə götürülür, aidiyyəti orqanlara müraciətlər ünvanlanır, ailələrə psixoloji yardım göstərilir və hüquqi məsləhətlər verilir.

 “Ölkədə bu qədər uşaq sığınacaq mərkəzlərinin açılması nə dərəcədə düzgündür? Hər istəyən şəxs sığınacaq mərkəzləri aça bilərmi?” sualını cavablandıran Azərbaycan Uşaqlar Birliyi - Uşaq Sığınacaq Reinteqrasiya Mərkəzinin sədri Kəmalə Ağazadə dedi ki, əslində sığınacaqların sayı çox deyil: “Sığınacaqlarla dövlət uşaq müəssisələrini - uşaq evlərini qarışdırmayın. Uşaq evləri əsasən Təhsil Nazirliyinin, icra hakimiyyətlərinin nəzdində fəaliyyət göstərir. Uşaq evləri ilə yanaşı, 9 illik internat məktəbləri də adını çəkdiyim dövlət qurumlarının nəzdində qeydiyyata alınıb. Bu müəssisələr dövlətin diqqət və qayğısı ilə əhatə olunub. İnternat məktəblərində uşaqlara həftənin 5 günü təhsil verilir. Həftə sonları isə uşaqlardan kimisi ailələrinin yanına gedir, kimisi isə elə orada qalır. Suallarınıza gəldikdə isə, öncə onu qeyd edim ki, hər istəyən şəxs sığınacaq aça bilməz. Əvvəla, təşkilat Ədliyyə Nazirliyindən qeydiyyatdan keçməlidir. Baxın, bizim təşkilatın nizamnaməsində məişət zorakılığı qurbanlarına sosial hüquqi yardımların göstərilməsi bəndi var. Ümumiyyətlə, sığınacaq yaratmazdan öncə hər təşkilat öz profilini və strategiyasını müəyyən etməlidir ki, mən hansı istiqamətdə işləməliyəm. Məsələn, biz konkret olaraq məişət zorakılığı və insan alveri qurbanlarının reabilitasiya və reinteqrasiyası istiqamətində fəaliyyət göstəririk və bundan da kənara çıxmırıq. Mən özüm də bu sahədə ixtisaslaşmışam. Mənim mərkəzimdə fəaliyyət göstərən kadrlara gəldikdə isə, onlar uzun müddət həm yerli, həm də beynəlxalq təcrübəni öyrənmiş psixoloqlar, hüquqşünaslar, sosial işçilər və tərbiyəçilərdir. Və təbii ki, bu, bütün sığınacaqlar üçün də keçərli olmalıdır”.

Kəmalə xanım dedi ki, ümumiyyətlə, bir ölkədə uşaq və qadın sığınacaqlarının çox olması yaxşı haldır. Təəssüf ki, bir mərkəzdə neqativ hal yaşandıqda, necə deyərlər, qurunun oduna yaş da yanır: “Baxın, mən özüm təşkilat sədri olaraq həm də uşaq hüquq müdafiəçisiyəm. Bu gün mən sırf uşaqların hüquqlarının müdafiəsi üçün istənilən şəhər və rayona gedirəm. Gedib oradakı neqativ halı aşkarlayıb aidiyyəti qurumlar qarşısında məsələ qaldırıram, məhkəmə proseslərini belə müşayiət edib, həmin uşağın yanında oluram. Buna mənim hüquq müdafiəçisi kimi haqqım çatır. Təkcə 2022-ci il ərzində müraciətlərimiz əsasında 78 qızın erkən nikaha cəlb edilməsi və nişanlanması hallarının qarşısını almışıq. Bundan başqa, keçən il rayonlardan birində sığınacaqda olan uşağa qarşı şiddət olmuşdu. Mən onu işıqlandırdım və ondan sonra aidiyyəti qurumlar tərəfindən məsələ layiqincə həllini tapdı və həmin müəssisə də cəzalandırıldı”.

Müsahibim digər bir məsələyə də toxundu. Dedi ki, bəzən olur ki, vətəndaşlar şikayət edirlər ki, uşaq sığınacaq evlərinə gedə bilmirlər, daha doğrusu, onlara binadan içəri keçməyə icazə vermirlər. Bunun qeyri-qanuni olduğunu bildirən Kəmalə xanım dedi ki, belə bir şey mümkün deyil. İstənilən şəxsə istənilən vaxt sığınacaqlara müracət etmək imkanı yaradılmalıdır. İcazə verməyən mərkəzlərdə deməli neqativ hallar yaşanır ki, vətəndaşların oraya daxil olmasına şərait yaradılmır.

Kəmalə xanım bir məsələyə də aydınlıq gətirmək istədiyini bildirdi. Dedi ki, bəzi sığınacaqların acınacaqlı vəziyyətdə olmasının səbəbi maliyyə problemi ilə bağlıdır: “Ümumiyyətlə, maliyyə üçün də çalışmaq, davamlı olaraq bu sahədə görüşlər keçirmək lazımdır. Düzdür, biz heç bir xeyriyyəçidən nağd formasında ianə qəbul etmirik. Sadəcə olaraq, müraciət edənlərə deyirik ki, buyurun, gəlin sığınacağımızla tanış olun, özünüz ehtiyacları görəcəksiniz. Bizim təşkilatın hüquqi hesabı var. O hüquqi hesaba daxil olan vəsaitləri qəpiyinə qədər Ədliyyə Nazirliyinə rəsmi müraciət edərək reyestrə salırıq. Eyni zamanda Maliyyə Nazirliyinə də bu barədə hesabat göndəririk. Əvvəlcə vəsaitin ianə olaraq daxil olduğunu bildiririk, sonra isə artıq onun necə xərclənəcəyi ilə bağlı hesabatlarımızı təqdim edirik. Yəni bu prosedur tam qanuni şəkildə həyata keçirilir. Ona görə də düşünürəm ki, hər bir təşkilat maliyyə vəsaitlərinin axtarışı istiqamətində təlimlərdə olmalı, o prosesi    öyrənməlidir”.

 

Aliyə ARİFQIZI

ETİKETLƏR: