Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


“Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir”.

.

25.01.2023 12:57
326
A+
A-

“Mənim üçün ən əziz nemət Azərbaycanın uşaqlarıdır, Azərbaycanın gəncləridir. Çünki Azərbaycan Prezidenti kimi mən də bu gün Azərbaycanın böyük gələcəyi haqqında düşünürəm. Azərbaycanın gələcəyi isə Azərbaycanın gənclərindən və uşaqlarından asılıdır”.

Ümummilli Lider

HEYDƏR ƏLİYEV

“Hər bir xalqın tarixində onun taleyini dəyişdirən insanlar olur. Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının taleyini müsbət mənada dəyişdirən xilaskar şəxsiyyətdir. Ulu Öndərin fəaliyyəti hansısa bir sahə ilə məhdudlaşmayıb. Azərbaycanı parlaq gələcəyə aparan hərtərəfli siyasət bütün sahələri əhatə edib”.

Bunu Milli Məclisin Gənclər və idman komitəsinin sədr müavini, YAP İdarə Heyətinin üzvü Şahin İsmayılov bildirdi. Dedi ki, gənclər siyasəti onun fəaliyyətiin əsas tərkib hissəsi olub.

Dövlət müstəqilliyimizin bərpasından sonra yenidən xalq tərəfindən  hakimiyyətə gətirilən Ümummilli Liderimiz ölkədə hökm sürən xaosa və maliyyə qıtlığına baxmayaraq, gənclərin intellektual və fiziki cəhətdən inkişafı istiqamətində təcili vacib addımlar atdı. 1996-cı il yanvarın 26-da imzaladığı sərəncamla fevralın 2-də Gənclər forumu keçirildi. Bu sərəncama əsasən, fevralın    2-si Gənclər Günü elan olundu.

Forum gənclərin təşkilatlanması işində böyük rol oynadı. 

Heydər Əliyev Gənclər Forumunda çıxışında onların qarşısında ölkənin gələcəyini təmin edəcək vəzifələr qoymuşdu: “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir”. Dahi siyasətçinin bu sözləri qayğısı ilə əhatə olunan gəncliyin vətənpərvər ruhda böyüməsinə və cəmiyyətin aparıcı qüvvəsinə zəmin yaratdı. Ulu Öndərin gənclər siyasəti möhtərəm Prezident İlham Əliyev tərəfindən davam etdirildi. Ölkəmizdə gənclərdən ibarət savadlı, vətənpərvər, gənclər ordusu yetişdi. Bu da  H.Əliyevin istədiyi kimi, dövlətimizin  nəticəsində görülən işlər güclü Azərbaycan gəncliyinin yetişməsinə, bu isə dövlətimizin daha da güclənməsinə səbəb oldu.

Millət vəkili dedi ki, Heydər Əliyevin şəxsi təşəbbüsü sayəsində sovetlər ittifaqının 50-dən artıq iri şəhərinin 170 nüfuzlu ali məktəbində bütövlükdə 150 ixtisas üzrə 15 mindən çox azərbaycanlı gənc təhsil almışdı.  Gənclərin l Forumunda bu barədə danışan ölkə rəhbəri demişdi: “Bütün bunların hamısı o vaxtlar Azərbaycanın gələcəyi üçün yeni-yeni mütəxəssislər hazırlamaq məqsədi daşımışdır. Bu işə biz hələ 70-ci ildən başlamışdıq. Mən bu gün çox məmnuniyyət hissi ilə qeyd edirəm ki, bu, şəxsən mənim təşəbbüsümlə olmuşdur. Mən hələ o vaxtdan ölkəmizin gələcəyini düşünürdüm”. Bu həmin illərin ən böyük nailiyyətlərindən idi. Buna görə də Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışını ən çox alqışlayanlar elə həmin gənclər onların davamçıları idi. Heydər Əliyev gənclərə arxalandığı kimi, gənclər də onu böyük bir lider, əvəzolunmaz tarixi şəxsiyyət, milli dövlət quruculuğumuzun banisi kimi qəbul edirdilər.

Ulu Öndər 22 sentyabr 1993-cü ildə Respublika Ali Sovetində gənclərin nümayəndələri ilə görüşündəki çıxışında onlara dərin inam bəslədiyini ifadə etdi. Onun “Azərbaycanın bugünkü gələcəyi bütövlükdə sağlam düşüncəli gənclərdir” - sözləri hər kəsin həyat devizinə çevrildi.

Ümummilli Liderimiz  Heydər Əliyevin əsasını qoyduğu inkişaf və tərəqqi siyasəti nəticəsində bu gün ölkəmiz yeni bir inkişaf dövrünü yaşayır. Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsində iqtisadi, siyasi, sosial, mədəni, idman sahələrində misilsiz nailiyyətlər qazanılıb və qazanılır. 2020-ci ildə 30 ilə yaxın  davam edən  erməni işğalına son qoyulması düşmən üzərində qazanılan parlaq qələbə isə bu nailiyyətlərin tacı oldu. Bu qələbə ilə məlum oldu ki, Azərbaycanda həyata keçirilən gənclər siyasəti gənc nəslin hərtərəfli inkişafı üçün şərait yaratmaqla yanaşı, onları vətənpərvər ruhda formalaşdırıb. 44 günlük Vətən müharibəsi Azərbaycan gəncinin vətənpərvərliyini, gücünü, əzmini bütün dünyaya nümayiş etdirdi. Müharibənin əsas ağırlığı Azərbaycan gəncinin üzərinə düşdü. Çünki amansız döyüşlərdə əldə silah düşmənin üzərinə gedən ilk növbədə gənclər oldu.

 

Əsli TELMANQIZI

ETİKETLƏR: