Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


“Xalqı xalq edən,milləti millət edən onun ana dilidir”

Baxın, 15, 16, 17 yaşlı uşaq necə ola bilər ki, bütün ömrünü Azərbaycanda yaşayır, amma azərbacancanı bilmədən keçinə bilir? Bu, gerçəkdən də, faciədir.

14.02.2024 12:19
121
A+
A-

Yaxınlarda qazaxıstanlı bir şairə xanım övladları ilə Bakıya səfər etmişdi. O, facebook hesabında yazmışdı ki, oğlum deyir, ana, burada hamı öz doğma dilində danışır, bizsə rusca danışırıq. Niyə? Xanım bu suala cavab verə bilmədiyini yazmışdı. Ola bilər, bizdə doğma dilə münasibət Qazaxıstandan yaxşıdır. Amma ümumilikdə bizim də “niyə?” sualımız çoxdur.

Söhbət təkcə rus dilindən getmir. Fərqi yoxdur, o dil hansı dil olursa-olsun, lap çox yaxın, doğma Türkiyə türkcəsi də olsun.

“Dil xalqın milli kimliyini səciyyələndirən başlıca amillərdən biridir. Dilimizi qorumaq, yaymaq, daha çox insanın dilimizi bilməsinə yardımçı olmaq zəruridir”. Bunu türkoloq, yazıçı, Sankt-Peterburq Dövlət Universitetinin müəllimi Şahnaz Kamal qəzetimizə verdiyi müsahibədə bildirdi.

Dedi ki, son illərdə Bakıdan Azərbaycan dilini öyrənmək üçün müraciət edənlər olur. Nə qədər qəribə səslənsə də, Bakıda yaşayanlara Azərbaycan dili öyrədir. Bunların arasında orta məktəb şagirdi, abituriyent, hansısa firmalarda işləyən azərbaycanlılar var: “Bir dəfə birindən dilimizi niyə bilmədiyini soruşdum. Həmin şagirdin ata-anası azərbaycanlıdır, məktəbdə isə rus bölməsində oxuyur. Dedi, mənə Azərbaycan dili heç vaxt lazım olmayıb.

Baxın, 15, 16, 17 yaşlı uşaq necə ola bilər ki, bütün ömrünü Azərbaycanda yaşayır, amma azərbacancanı bilmədən keçinə bilir? Bu, gerçəkdən də, faciədir.

Bir neçə tələbəmin atası azərbaycanlı, anası rus olub. Ata uşaqlar körpə olanda ailəni tərk edib, uşaqlar atasız böyüyüblər. Buna baxmayaraq, onlar böyüyəndə Azərbaycan dilini öyrəniblər, Azərbaycana səfər ediblər, Sankt-Peterburqda yaşaya-yaşaya milli rəqslərimizi öyrəniblər. Hətta dilimizi öyrənən bir tələbə qız var, o, uşaq olanda atası anasından ayrılmışdı. Uşaqlarla da əlaqə saxlamırdı. Amma o qız dilimizi öyrəndi, dəfələrlə Azərbaycana getdi, hətta bir dəfə Göyçaya nar festivalına da getmişdi. Ata qohumlarını da tapıb əlaqə qurmuşdu. Deyirdi, içimdə nə isə məni oraya çəkir. Görünür, genə, soykökə qalib gəlmək olmur, o özünü göstərir”.

Həmsöhbətim həm də Sankt-Peterburqda Mayakovski kitabxanasının nəzdində ödənişsiz Azərbaycan dili danışıq klubu təşkil edir. Maraqlı fakt odur ki, bu dərslərə həmyerlilərimizdən daha çox, ruslar və başqa millətlərin nümayəndələri qoşulurlar. Bu o demək deyil ki, Rusiyadakı Azərbaycan əsilli gənclər dilimizi mükəmməl bilirlər. Xeyr, bilməyənlər çoxdur. Sadəcə, onlar “nəyimizə lazımdır?!”, - deyə düşünürlər. Çünki Azərbaycana belə səyahət edəndə, orada rusca danışıb özlərini idarə edə bilirlər.

Şahnaz xanım istisnalar olduğunu da söylədi: “Rusiyada və ya Avropada yaşayan bəzi azərbaycanlıların uşaqları fərqli dillərdə danışır və təhsil alırlar. Amma onlar uşaqlarına kiçik yaşlardan doğma dili öyrətməyə başlayırlar. Belə hallar kütləvi deyil, amma var. Belələrini görəndə çox şad oluram.

S.Peterburqda nəşr etdirdiyimiz “Uşaqlar üçün Azərbaycan dili 6-7 yaş” və nağıl kitablarının yazılmasına da bu uşaqlar stimul verdilər”.

Şahnaz xanım S.Peterburqda Azərbaycanla bağlı bir neçə kitab nəşr etdirib. Onlarla elmi araşdırma və publisistik məqalə müəllifidir.

Bəs xarici ölkələrdə, elə Azərbaycanın özündə yaşayan soydaşlarımızın dilimizi öyrənməsi üçün hansı addımlar atılmalıdır?

Ş.Kamal hesab edir ki, ilk növbədə dövlət büdcəsindən maliyyələşən təhsil ocaqlarında tədris dili yalnız dövlət dili, yəni Azərbaycan dili olmalıdır. İnsanlar nə qədər çox dil bilsələr, o qədər yaxşıdır, amma doğma dil öndə gəlməlidir. Özəl təhsil müəssisələrində Azərbaycan dili, ədəbiyyatı və tarixi azərbaycanca tədris olunmalıdır: “Bilirəm, buraxılış sinifləri üçün Azərbaycan dili imtahanları mövcuddur. Buna daha ciddi yanaşılmalıdır. Dərsliklərə ciddi fikir verilməlidir. Eyni zamanda işəalmada dövlət dili bilməyin önəmliyi ön plana çəkilməlidir. İnsanlar dövlət dilini bilmədən işə qəbul olunmayacaqlarını görməli və bilməlidirlər.

Məni ən çox narahat edən bir məqam da var - cizgi filmləri. Azərbaycanda indi cizgi filmləri az çəkilir və keyfiyyəti də çox vaxt qənaətbəxş olmur. Ona görə də uşaqlarımız Bakıda rusca, bölgələrdə türkcə cizgi filmlərinə baxırlar. Bu məsələyə çox ciddi fikir verilməli və uşaqların marağını çəkə biləcək cizgi filmləri çəkilməlidir.

Xaricdə yaşayan azərbaycanlıların da dilimizi yaşatmaq üçün kurslar təşkil etməsi, kitablar yazması, yerli kitabxanalarla əlaqə yaradıb onları azərbaycanca kitablarla təmin etməsi mütləqdir”.

 

Günel RAFAYILQIZI

ETİKETLƏR: