Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Gənclər idmandan uzaqlaşır, yoxsa uzaqlaşdırılır?

Sanki biz xalq olaraq idmanı, fiziki məşqi həyatımızın ritminə daxil edə bilmirik.

21.02.2024 22:27
6
A+
A-

Yetişməkdə olan gənc nəslin sağlam böyüməsi fiziki tərbiyənin başlıca vəzifələrindən biridir. Məlumdur ki, bədən tərbiyəsi və idman məşğələləri insan orqanizminin fiziki və psixoloji cəhətdən formalaşması üçün böyük əhəmiyyətə malikdir. Fiziki tərbiyə həm də gənc nəslin, şəxsiyyətin hərtərəfli və harmonik inkişafına böyük təsir göstərir.

Gənclərin mənəvi-fiziki inkişafı ilə bağlı bu günə qədər bir sıra sənədlər qəbul edilib, müxtəlif illəri əhatə edən dövlət proqramları təsdiq edilib. Proqram çərçivəsində görülən işlər gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, onların faydalı məşğulluğunun təmin edilməsi, dövlət idarəçiliyi sistemində iştirakının gerçəkləşdirilməsi yönündə ciddi irəliləyişlərə gətirib çıxarıb.

Ancaq bütün bunlara baxmayaraq, bu sahədə hələ də çatışmayan cəhətlər var. Sanki biz xalq olaraq idmanı, fiziki məşqi həyatımızın ritminə daxil edə bilmirik. Bəs buna səbəb nədir? Gənclər idmandan niyə uzaqlaşırlar? Ya da sualı başqa cür verək: gənclər idmandan uzaqlaşdırılırmı?

Gənclər və İdman Nazirliyindən əldə etdiyim məlumata görə, rayonlarımızda hazırda kifayət qədər idman zalları və idman qurğuları yoxdur. Yəni rayon əhalisini təmin edəcək qədər idman qurğuları mövcud deyil. Nazirliyin əməkdaşı dedi ki, 45 rayonumuzda olimpiya kompleksi var ki, o da böyük rayonları, demək olar ki, təmin etmir.

“Bəs artıq neçə illərdir qəbul edilən dövlət proqramları çərçivəsində idmanın inkişafı ilə bağlı nə kimi işlər görülür” sualıma nazirlik əməkdaşı “dövlət proqramları ilə hər il olimpiya komplekslərinin sayı artır” cavabını verdi. Dedi ki, burada əsas məqsəd respublikanın hər rayonunda olimpiya idman komplekslərinin yaradılmasıdır.

İqtisadçı-ekspert Natiq Cəfərli dedi ki, əslində əsas problem məktəbdən başlayır. Məktəbdə bədən tərbiyəsi və idman dərsləri, demək olar ki, normal keçirilmir: “Hətta uşaqlara müəllimlər özləri deyir ki, ehtiyac yoxdu, tərləyərsiniz, xəstələnərsiniz. Heç idman formalarınızı gətirməyin. Halbuki məktəblərdə idman dərslərinin normal keçirilməsi bədən tərbiyəsinə, idmana marağın artmasına səbəb ola biləcək böyük bir vasitədir.

Bundan başqa, Azərbaycanda, demək olar ki, bütün rayonlarda olimpiya kompleksləri tikilib. Amma, demək olar ki, heç biri də normal şəkildə fəaliyyət göstərmir. Ya hotel kimi, ya əyləncə, ya da ödənişli idman növlərinin, məşqlərinin keçirilməsi üçün nəzərdə tutulan mərkəz kimi işlədilir. Gəlin, açıq danışaq, bu gün regionlarda əksər insanların dolanışıq səviyyəsi öz uşaqlarını idman seksiyasına göndərməyə imkan vermir. Olimpiya kompleksləri dövlət vəsaiti hesabına tikilib. Bunlara hansısa bir özəl sektor investisiya qoymayıb ki, xərcini götürmək üçün pullu seksiyalar təşkil etsin. Düşünürəm ki, bizim yetəri qədər imkanlarımız var ki, dövlət poqramı çərçivəsində regionlarda olan olimpiya mərkəzləri idman mərkəzləri ilə əvəz olunsun və istənilən şəxslər orda pulsuz idman növləri ilə məşğul ola bilsin. Ancaq, təəssüf ki, bunu yaxın gələcəkdə görməyimiz mümkün deyil. Elə bütün bunlara görə də getdikcə idmanla məşğul olanların sayı azalır.

Bir məsələni də qeyd etmək istəyirəm. Şəxsən bu mövzu mənim özümə də çox maraqlı olduğu üçün bir neçə il bundan öncə öyrənməyə çalışmışdım ki, ölkədə ən çox hansı idman seksiyalarında uşaqlar məşğul olur. Təəssüf ki, bir nəticə əldə edə bilməmişdim. Ancaq əminliklə deyə bilərəm ki, idman seksiyaları sovet vaxtında olandan dəfələrlə azdır. Çünki öz uşaqlığımı da yadıma salıram, o zaman bizim sinifdə, məhəllədə, demək olar ki, hamı hansısa bir idman növü üzrə məşğul olurdu. Həm musiqiyə, həm idmana vaxt ayırıb gedirdik. İndi isə çox az sayda belə uşaqlara rast gəlmək olar. Onların da əksəriyyəti buna daha çox peşəkarlıq kimi baxırlar. Yəni kiminsə hansısa bir idman növünə istedadı varsa, valideynlər ona da vəsait ayırır, məşqçi tutur. Yəni bu gün idmana bir növ kommersiya yanaşması var. Bu da doğru deyil.

Bir də uşaqlar məktəb dərsləri ilə həddindən artıq yükləndikləri üçün məcbur qalıb dərsdən sonra hazırlıqlara gedirlər. Bu da onlarda digər məşğuliyyətlərə vaxt qoymur. Ona görə də bu gün uşaqlar passiv böyüyür, sağlamlığı ilə bağlı problemlər olur. Yəni idman ilk növbədə sağlamlıq nöqteyi-nəzərindən vacib bir elementdir”.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Fazil Mustafa isə su hovuzları ilə bağlı problemdən söz açdı. Dedi ki, bu, diqqətdən kənarda saxlanılmış bir sahədir: “Bu məsələ təkcə sizi, məni narahat edən bir məsələ deyil. Bu, vətəndaşların əksəriyyətini narahat edir. Çünki üzgüçülük, deyərdim ki, bəlkə də insan sağlamlığı üçün ən xeyirli və ən vacib idman növüdür. Ancaq, təəssüf ki, bu gün normal, təmiz hovuz tapmaq çox çətindir. Olanlar da kifayət qədər bahadır.

Yay gələn kimi dənizdə boğulma halları artır. Bunun əsas səbəbi bilirsiniz nədir? Normal üzə bilməmək. Bu gün üzməyi öyrənmək üçün normal, münasib qiymətə hovuzlar təşkil olunsa, sizi əmin edirəm ki, ölkədə bu qədər boğulma halları da baş verməz.

Bundan başqa, uşaqlar arasında onurğa xəstəlikləri gündən- günə artır. Bilirsiniz ki, onurğa xəstəliklərində həkimlər əsas müalicə üsulu kimi üzməyi məsləhət bilirlər. Ancaq, təəssüf ki, nəticə ortadadır: bu sahəyə vəsait ayrılmadığı üçün ya hovuzların əksəriyyəti sanitar qaydalarla işləmir, ya da ki, yuxarıda dediyim kimi, qiyməti “cib yandırır”. Həlli yollarını soruşsanız, açığı, söyləməkdə mən də çətinlik çəkirəm”.

 

Aliyə ARİFQIZI

ETİKETLƏR:

Foto