Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Aqroturizmin inkişafı üçün nə etməliyik?

Xarici turistlərin ölkəmizdə bu sahəyə marağı necədir, kütləvi şəkildə tanınması üçün nə etmək lazımdır?

06.03.2024 12:10
54
A+
A-

Bir sıra ölkələrdə turizmin bir növü kimi aqroturizmin də inkişafına xüsusi diqqət göstərilir. Qeyd edək ki, bu sahəyə maraq göstərən turistlər  səfər etdikləri ölkələrdə müəyyən ödəniş əsasında kənd təsərrüfatı məhsullarının istehsalı ilə tanış ola bilir, hətta istəsə həmin prosesdə iştirak da edirlər. Məsələn, fermada heyvanları yemləyə və onlara qulluq göstərə bilərlər. Həmçinin meyvə ağaclarının əkilməsində, diblərinin bellənməsində və budanmasında, eyni zamanda tarlalarda əkin prosesində və mövsümi məhsulların yığımında da iştirak edə bilirlər. Bu arada, istəkdən asılı olaraq, kənd evlərinə, təsərrüfat sahələrinə və emal müəssisələrinə səyahət  də təşkil olunur. Kənd təsərrüfatının müxtəlif sahələri ilə tanış olan turistlər həm asudə vaxtını səmərəli keçirir, həm  də bir növ dincəlirlər. Eyni zamanda səfər etdikləri ölkələrdə kənd həyatı, mədəniyyəti və adət-ənənələri haqqında məlumat toplayırlar.

- Bəs ölkəmizdə bu sahənin hazırkı durumu ilə bağlı vəziyyət necədir?

Sualımıza cavab verən iqtisadçı -ekspert Eldəniz Əmirov bildirib ki, ölkəmiz aqroturizm baxımından çox geniş potensiala malikdir. Aqroturizm iki istiqamətin - kənd təsərrüfatı və turizmin vəhdətindən yaranmış bir sahədir, müasir dünyanın inkişaf etməkdə olan bir trendidir. Bu, həm kənd təsərrüfatının, həm də turizmin, eyni zamanda regionların inkişafına töhfə verən bir istiqamətdir. Təbii ki, Azərbaycanda bununla bağlı müəyyən işlər görülüb. Amma bütün hallarda mövcud potensialın, demək olar ki, heç də yarısı istifadə olunmamış qalmaqdadır. Kənd təsərrüfatı sahələri dedikdə  burada heyvandarlıq, bitkiçilik, balıqçılıq  təsərrüfatı, ev təsərrüfatı  və s. yer alır. Qeyd edək ki, hər ev təsərrüfatı da aqroturizmin inkişafı  baxımından potensial bir istinad nöqtəsidir.

- Xarici turistlərin ölkəmizdə bu sahəyə marağı necədir, kütləvi şəkildə tanınması üçün nə etmək lazımdır? Bu arada qeyd edək ki, sosial şəbəkələrdə bir ingilis xanımın Şəki, Zaqatala, Oğuz və digər rayonlarda olması və bununla (əsasən milli yeməklərimizin hazırlanmasında iştirak edib və dadına da baxıb) bağlı paylaşımı da var. Təbii ki, əcnəbi turistlərin belə bir məlumat paylaşımları ölkəmizin aqroturizm sahəsinin də tanınmasına xidmət edir.

E.Əmirov deyib ki, xarici turistlərin cəlb edilməsi ilə bağlı göstəricilərə gəldikdə isə, təəssüf hissi ilə qeyd etmək lazımdır ki, Azərbaycan bu sahədə hələ də digər ölkələrdən geridədir. Xüsusən də qonşu ölkə olan Gürcüstan bu sahədə bizdən xeyli öndədir. Gürcüstan 2023-cü ildə, təsəvvür edin ki, 2019-cu il ilə müqayisədə ciddi şəkildə artımlar əldə edib. Hətta bu artım 26 faiz ətrafında qiymətləndirilir. Keçən il bu ölkənin turizm ilə bağlı gəlirləri 4,1 milyard dollara bərabər olub.

Azərbaycana 2019-cu ildə 3,9 milyon turist gəlmişdirsə, 2023-cü ildə gələn turistlərin sayı  2 milyon 85 min nəfərdir. Təxminən 1,9 milyon Azərbaycan vətəndaşı isə turist kimi digər ölkələrə səfər edib. Ölkəyə gələn və gedən turistlərin sayında təxmini bərabərlik var. Bizim 2023-cü ildə olan göstəricilərimiz 2019-cu ildə olan göstəricilərdən aşağıdır. İlk növbədə bu fərqi aradan qaldırmaq lazımdır. Düşünürəm ki, burada bir neçə amil var. Birinci səbəb, quru sərhədlərin bağlı olmasıdır. İkinci, manatın məzənnəsinin möhkəmliyidir. Qeyd etmək lazımdır ki, turizm ucuz valyutanı sevir və bu ona stimul verir.

Əlbəttə, müəyyən strateji məqsədlərdən dolayı quru sərhədlərin bağlı saxlanılması, eyni zamanda manatın məzənnə sabitliyinin qorunması daha vacibdir. O zaman turizmi, eyni zamanda aqroturizmi inkişaf etdirmək üçün digər məsələlərə önəm vermək lazımdır. Bunun üçün mütləq şəkildə regionlarda ev təsərrüfatlarında emal proseslərinin rəsmiləşdirilməsi üçün prosedurlar asanlaşdırılmalıdır. Məsələn, Gürcüstanda istənilən insan (ev təsərrüfatı ilə məşğul olan) öz həyətindən olan toyuğun yumurtasını sata bilir, istədiyi zaman hotelə təklif edə bilir. Üzümdən şərab, tutdan doşab hazırlayır. Bütün bunları sərbəst şəkildə satır. Bizim ölkədə isə bu, mümkün deyil, dərhal sertifikat tələb olunur. Bu da qanunvericilikdən irəli gələn məsələdir. Ona görə də bu istiqamətdə qanunvericilikdə müəyyən düzəlişlərin edilməsinə çox böyük ehtiyac var. Təsəvvür edin ki, rayonlarda kəndlərin kənarında yerləşən otellərdə turistlərə Bakıdan aparılan (fabrik istehsalı olan) yumurtalar verilir. Sual olunur ki, niyə görünən toyuqların yumurtası verilmir? Deyirlər ki, o yumurtadan istifadə üçün sertifikat tələb olunur. Amma Gürcüstanda bu tələb yoxdur. Ölkəmizdə sertifikatı əldə etmək üçün tələblər çox sərtdir. Sadə kəndli bu şəraiti evində qura bilməz. Buna görə də regional turizmə, aqroturizmə mane olan faktorlar aradan qaldırılmalıdır.

 

Azər MUSTAFAYEV

ETİKETLƏR:

Foto