Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Seçilmişlər təyin olunmuşlardan daha səlahiyyətli olmalıdır

Bələdiyyələr və icra hakimiyyətləri...

06.03.2024 12:29
11
A+
A-

Milli Məclisin Regional məsələlər komitəsinin martın 1-də keçirilən iclasının gündəliyinə bələdiyyə qanunvericiliyinə dair iki qanun layihəsi salınmışdı.

 Son günlər bələdiyyələrin birləşdirilməsi barədə bəzi deputatların çıxışlarına və kütləvi informasiya vasitələrində gedən məlumatlara əsasən, qanunvericilikdə dəyişiklik edildikdən sonra əhalisinin sayı 3000 nəfərdən və ya ev təsərrüfatlarının sayı 1000 vahiddən az olan bələdiyyələr, onlarda yaranan sosial-iqtisadi vəziyyət, tarixi və digər yerli xüsusiyyətlər nəzərə alınmaqla, Milli Məclisin qərarı ilə digər bələdiyyələrlə birləşdiriləcək.

 Əgər qanunvericilikdə bu dəyişikliklər baş tutarsa, birləşdirilmə hansı prinsiplər əsasında aparılacaq?

Hazırda başlayan proses bələdiyyələrin yenidən şəkilləndirilməsi planının ilk mərhələsidirmi? Yeni formalaşan bələdiyyələr fərqli səlahiyyətlərə, imkanlara malik olacaqmı? Bu nə vəd edir?

Suallarımızı iqtisadçı-ekspert Natiq Cəfərliyə ünvanladıq. O, hesab edir ki, birləşmə ilk addım kimi qəbul olunandır.

Qeyd edir ki, Azərbaycanda bu qanun layihəsinə qədər bələdiyyələr iki dəfə birləşdirilmə mərhələsindən keçib. Bu, üçüncü dəfə verilmiş qərardır. Amma bu dəfə daha sərt şəkildə addım atılır, ciddi kriteriyalar qoyulur. Çünki bu dəfə ərazisində üç mindən aşağı vətəndaş yaşayan bələdiyyələr birləşdiriləcək. Azərbaycanda hazırda yüzlərlə belə kiçik bələdiyyə var. İlk təmərküzləşmə addımı kimi bu, doğru addımdır. Lakin yetərli deyil. Çünki bələdiyyələrin problemi tək kiçik olması ilə bağlı deyil, bələdiyyələrin eyni zamanda səlahiyyət və məsuliyyət, kadr problemi var.

İqtisadçı qeyd etdi ki, bu gün hələ də yerli icra hakimiyyətləri, onların yerli nümayəndəlikləri bələdiyyələrdən daha güclüdür. Onlar problemi daha tez həll edirlər, daha çox maliyyə vəsaitləri var, sözləri daha çox keçərlidir. Bu, məqbul hal deyil. Çünki bələdiyyələr seçilmiş orqandır, onlar isə təyin olunmuşlardır. Məntiqlə seçilmişlər təyin olunmuşlardan daha səlahiyyətli olmalıdırlar. Ona görə də ilk addım kimi, bələdiyyələrin təmərküzləşdirilməsi qəbul olunan bir yanaşmadır. Amma bundan sonra mütləq növbəti addımlar atılmalıdır. Növbəti addımlardan ilki, onların səlahiyyətlərinin, ikincisi, məsuliyyətlərinin, üçüncüsü isə, büdcələrinin artırılmasıdır.

İqtisadçı bildirdi ki, ölkədə bütün bələdiyyələrin icmal büdcəsi üst-üstə heç 50 milyon manata çatmır. Məsələn, qonşu ölkələrin bu sahədə təcrübələrinə nəzər salsaq, Türkiyənin kiçik şəhəri olan Rizə bələdiyyəsinin büdcəsi 80 milyon dollardır. Yəni Azərbaycanın bütün bələdiyyələrinin büdcəsindən az qala 3 dəfə çoxdur. Yəni əsas problemlərdən biri maliyyə ilə bağlıdır. Bunun üçün də bu paralel qurumlardan biri aradan qalxmalıdır. İcra hakimiyyətləri institusional olaraq ləğv edilməlidir. Səlahiyyət seçilmiş bələdiyyələrə verilməlidir. Büdcədən ayrılan vəsaitlər, vergi toplamaları və digər alətlərlə büdcələri formalaşmalıdır. Çünki pulları artdıqca, xidmətlərin keyfiyyəti də yüksələcək.

İqtisadçı dedi ki, ölkədə bələdiyyələr  1999-cu ildən bəri çox pis imic formalaşdırıb. Torpaq satan qurum kimi ad qazanıblar. Əslində isə onların daha ciddi səlahiyyətləri olmalıdır. Bu, mərkəzi hökumət üçün də əlverişli olacaq. Çünki hazırda istənilən rayonda, kənddə işıq, su, qaz, kanalizasiya və digər problemlər yaranan zaman vətəndaşlar  hökumətə, Prezident Administrasiyasına,  Nazirlər Kabinetinə yazırlar. Yerlərdə həll olunası məsələlərin bu cür həll edilmə üsulu hökumətin yükünü artırır. Lakin işlək və səlahiyyətli bələdiyyələr olsa, vətəndaş seçdiyi bələdiyyə vasitəsilə yerlərdə öz problemini həll edəcək. 

Bələdiyyə məsələləri üzrə ekspert İlqar Hüseynli isə bildirdi ki, bələdiyyələrin birləşdirilməsini tələb etməklə yanaşı, böyük şəhər bələdiyyəsinin, mer institutunun yaradılması məsələsi də gündəmə gətirilməlidir. Kiçik bələdiyyələr öz təsərrüfat imkanlarını qura bilmədiyindən onların birləşdirilməsi vacibdir. Amma bu hal özünü o zaman doğruldacaq ki, dövlət büdcəsindən bələdiyyələrə həm də vəsait ayrılsın. Bələdiyyənin yığım imkanı torpaq və əmlak vergisindən formalaşır. Ona görə bələdiyyələrdə xidmətin sayı da çoxaldılmalıdır. Nikah və notariat xidmətləri də bələdiyyələrə verilməlidir. Bu halda özünüidarə orqanlarını inkişaf etdirə bilərik. Ona görə də bələdiyyələrin sayının azaldılması ilə onun səlahiyyətlərinin artırılması, təsərrüfat imkanlarının genişləndirilməsi prosesi paralel aparılmalıdır.

Əsli TELMANQIZI

ETİKETLƏR: