Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Dünyada vaxtını ən çox yollarda sərf edən

Bakı sakinləri...

15.03.2024 00:23
64
A+
A-

Bir neçə gün əvvəl Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində keçirilən ictimai dinləmələrdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev bildirib ki, 2030-cu ilə qədər Bakıda səfərlərin 30-40 %-nin şəxsi minik avtomobilləri, qalanının isə ictimai nəqliyyatla reallaşdırılması hədəflənir.

“Ümumilikdə isə ictimai nəqliyyatdan istifadə edənlərin payının 90%-i ötməsi, sərnişinlərin və piyadaların hərəkətinin rəqəmsallaşdırılması planlaşdırılır. Bundan başqa, sistemli göstəricilərin dəyişdirilməsi, bununla da insanların istənilən nöqtəyə daha qısa vaxtda çatması, tıxacların aradan qaldırılması nəzərdə tutulur. Ekoloji cəhətdən vəziyyətin yaxşılaşdırılması da hədəfdədir. Adambaşına CO2 normasının 600 kiloqramdan aşağı endirilməsi planlaşdırılır. Bu da Parislə eyni səviyyədir”, - deyə o qeyd edib.

“Bakıda il ərzində təxminən 2 milyard səfər həyata keçirilir. Bunun da 52 %-i fərdi nəqliyyat vasitələrinin və taksilərin, 28 %-i ictimai nəqliyyatın payına düşür. Bakıda ictimai nəqliyyatın payını sürətlə artırmaq mümkün olmayacaq, ancaq səfərlərin 41%-nin ictimai nəqliyyata ötürülməsini nəzərdə tutmuşuq. Ümumiyyətlə, biz başqa ölkələrdə bu məsələ ilə bağlı hansı işlər görüldüyünü nəzərdən keçirmişik, ümumilikdə 60-dan artıq proqram və təşəbbüsə baxmışıq”, - deyə AYNA sədri əlavə edib.

İqtisadçı-ekspert Rəşad Həsənov isə təəssüf hissi ilə bildirdi ki, indiyə kimi bu istiqamətdə aidiyyəti qurumların məsuliyyətsizliyi və uğursuz siyasəti nəticəsində kifayət qədər acınacaqlı vəziyyət yaranıb. Avtonəqliyyat vasitələrinin və vətəndaşların hərəkəti, həmçinin sərnişindaşıma ilə əlaqədar kifayət qədər ciddi problemlər ortaya çıxır. Hazırkı sıxlıq, tıxac hətta şirkətlərin belə öz fəaliyyətini intensiv şəkildə təşkil etməsi üçün imkanlarını məhdudlaşdırır. Xidmətin keyfiyyətini də aşağı salır.

Ekspert vurğuladı ki, bakılılar bəlkə də dünyanın ən çox vaxtını yollarda sərf edən sakinlərdir. Bu isə sosial indiqatorları zəiflətməklə əhalinin psixoloji gərginliyini artırır.

Amma müsbət nəticələrin əldə edilməsi mümkündür. Bunun üçün aidiyyəti qurumların koordinasiyalı şəkildə, kompleks fəaliyyəti özündə əks etdirən strategiya icra etməsi lazımdır. Bu da çox çətin deyil. Bakı şəhəri və onun ətraf ərazilərində ilk növbədə alternativlər təşkil edildikdən sonra məhdudiyyətlər tətbiq edilməlidir. Bu alternativlər isə indiki halda ictimai nəqliyyatın səmərəli təşkilindən keçir.

Onu da qeyd edim ki, biz müstəqillik dövründə 5-6 metrostansiya açsaq da, yerüstü nəqliyyatın tənzimlənməsi istiqamətində kifayət qədər səy göstərməmişik. Xüsusilə şəhərətrafı ərazilərdə avtobus nəqliyyatının intensivliyinin, həmçinin keyfiyyətinin təşkili və metro nəqliyyatı ilə şaxələndirilməsi vacibdir.

Nəzərə almaq lazımdır ki, yerüstü nəqliyyat vasitələri, o cümlədən qatarla sərnişindaşımanın təşkili ilə bağlı yeni layihələr icra edilməlidir. Metrobusların xidmətlərindən geniş şəkildə istifadə edilməlidir. Eyni zamanda şəhərsalma planında orta və uzunmüddətli dövr  üçün, ən azından yaxın 50 il ərzində, tələb nəzərə alınmaqla, yol infrastrukturunun inkişaf etdirilməsinə, bəzi bölgələrdə yolların genişləndirilməsinə və məhdudiyyət yaradan infrastrukturun təkmilləşdirilməsinə ehtiyac var.

Əminəm ki, mütəxəssislər kifayət qədər keyfiyyətli planlar hazırlaya bilərlər. Sadəcə, icraedicilər üzərlərinə düşən məsuliyyəti anlayıb bu işləri layiqincə görməlidirlər. Çünki, həqiqətən də, bu istiqamətdə vəziyyət çox acınacaqlıdır.

R.Həsənov onu da qeyd etdi ki, inkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, əslində keyfiyyətli ictimai nəqliyyatın təşkilindən sonra müəyyən məhdudlaşdırmalar olmalıdır. Misal üçün, avtomobillərin şəhərin müəyyən hissələrinə girişinin məhdudlaşdırılması və ya yükdaşıma ilə bağlı müddət məhdudiyyəti və sair kimi addımlarla paralel olaraq proses dəstəklənərsə, fərdi avtomobillərdən istifadə səviyyəsini əhəmiyyətli şəkildə aşağı salmaq mümkündür. Bu, təkcə insanların zaman sərfi, vaxtlarına qənaət baxımından imkanlarının genişləndirilməsi deyil, eyni zamanda ölkə atmosferinin təmizlənməsi baxımından da müsbət nəticələrə gətirib çıxara bilər. Nəzərə almaq lazımdır ki, Azərbaycanda atmosferin çirklənməsinə 85-90 % nəqliyyat vasitələri səbəb olur. Görün vəziyyət nə dərəcədə kritikdir.

 

Gülöyşə MƏMMƏDLİ

ETİKETLƏR: