Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Yeni seçilən tərkibin qarşısında vəzifələr qoyuldu

.

27.03.2024 11:55
4
A+
A-

TİAHİ İsmayıllı Respublika Komitəsinin 23-cü hesabat-seçki konfransı keçirilib. Konfransda Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, Respublika Komitəsinin Təşkilat şöbəsinin müdiri Emil Rüstəmov, YAP rayon təşkilatının sədri Zaur Muradov, Rayon Ağsaqqallar Şurasının sədri Valeh Salehov, təhsil veteranları və təhsil müəssisə rəhbərləri iştirak ediblər.

Konfrans nümayəndələri və qonaqlar Ali Baş Komandan İlham Əliyevin “Dəmir Yumruq” siyasəti ətrafında birləşərək torpaqlarımızın erməni separatçılardan geri alınması zamanı şəhid olmuş qəhrəman oğullarımızın, o cümlədən şəhər 3 nömrəli məktəb-liseyin tarix müəllimi Famil Əhmədzadənin xatirəsi bir dəqiqəlik sükutla yad etdilər. Konfransda Rayon Komitəsinin sədri Hafiz Kərimov ittifaq üzvlərinin sosial hüquqlarının qorunması, onların iqtisadi və sağlamlığı sahəsində görülmüş işlərdən, keçirilmiş tədbirlərdən, xüsusən pandemiya və 44 günlük Vətən müharibəsi, eləcə də ondan sonrakı dövrdə aztəminatlı ailələrə, şəhid və qazi ailələrinə göstərilmiş köməkliklər haqqında hesabat verdi. Görülmüş işlərə, keçirilmiş tədbirlərə sərf olunan vəsaitin miqdarı haqqında Təftiş Komissiyasının məruzəsi dinlənildi. Hesabat məruzələri ətrafında şəhər 1, 2, 3, 6 nömrəli, Quşencə, Cülyan kənd tam orta məktəblərin həmkarlar ittifaqı komitələrinin sədrləri, məktəb rəhbərləri, YAP və Ağsaqqallar şurası sədrləri münasibət bildirdilər. Konfransda məruzə və çıxışlarda ittifaq üzvlərinin sosial hüquqlarının qorunması sahəsində yol verilmiş nöqsanlardan da danışıldı. Göndərişlə gəlmiş gənc müəllimlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, onlara torpaq sahəsinin ayrılmasında yaranmış bürokratik çətinliklərin aradan qaldırılması, müəllimlərin dərs yükünün 18 saatdan aşağı olmaması kimi təkliflər səsləndi. Konfrans məruzələri və çıxışları, səsləndirilən təklifləri dinləyərək hesabatın qənaətbəxş olduğunu qərara aldı. Verilmiş təklifləri ümumiləşdirib müvafiq təşkilatlar qarşısında məsələ qaldırmaq yeni seçiləcək tərkibə həvalə olundu.

Konfransda rayonun aztəminatlı ailələrinə, şəhid və qazi ailələrinə mütəmadi olaraq (bayram və əlamətdar günlərdə) ərzaq və digər maddi köməklik göstərdiyinə, həmçinin ittifaq üzvlərinin sağlamlığı sahəsində vaxtaşırı sanatoriya və istirahət müəssisələrinə göndərişlər verdiyinə görə, Respublika Komitəsinə, xüsusən onun sədri millət vəkili Səttar Möhbalıyevə rayonun bütün təhsil işçiləri adından minnətdarlıq bildirildi. Sonra yeni tərkib seçildi. Hafiz Kərimov yekdilliklə yenidən Rayon Komitəsinin sədri seçildi. Konfransın sonunda bir qrup fəal həmkarlar ittifaqı üzvünə, şəhid anasına Respublika Komitəsinin medal, Fəxri Fərman və diplomları təqdim olundu. Konfrans iştirakçılarına nahar verildi, xatirə şəkilləri çəkildi.

ETİKETLƏR: