Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Ölüm niyə bu qədər cavanlaşıb?

Tibb elmləri doktoru, professor Adil Qeybulla ilə bu barədə söhbət apardım.

27.03.2024 12:18
5
A+
A-

Son vaxtlar gənclər arasında ölüm halları hədsiz artıb. Artıq sosial şəbəkələri, mətbuatı açanda insanın ağlına gələn ilk şey “İnşallah, yenə hansısa gəncin ölüm xəbəri qarşıma çıxmaz” olur. Elə bu yazını hazırlamaqda məqsədim də həm bunun səbəblərini öyrənmək, həm də gənclərin, az da olsa, səbəblərdən nəticə çıxarmasını təmin etməkdir. Bunun üçün kiçik bir araşdırma apardım. Son bir ay ərzində iki gənc ürəktutmadan, bir gənc isə qaraciyər sirrozundan dünyasını dəyişib.

Bəs, görəsən, ölüm niyə bu qədər cavanlaşıb?

Tibb elmləri doktoru, professor Adil Qeybulla ilə bu barədə söhbət apardım.

-Adil həkim, gənclər arasında ölüm halları ən çox hansı səbəblərdən baş verir?

-Hazırda nəinki gənclər, bütün yaş qruplarında ölüm hallarında birinci səbəb məhz ürək-damar və yüksək qan təzyiqi xəstəliyidir. Elə son 10-15 ildə dünya əhalisinin ən çox əziyyət çəkdiyi xəstəlik məhz qan təzyiqidir. Demək olar ki, hər il bu xəstəlikdən 7-8 milyon insan dünyasını dəyişir. Rəsmi statistikaya görə, hər 10 nəfərdən 3-ü hipertoniya xəstəsidir. Onu da deyim ki, damarla bağlı problemlər çox vaxt orqanizmdə özünü ciddi büruzə vermədiyi üçün insanlar da bundan xəbəriz olurlar. Ona görə də bu cür hallar baş verir.

-Bəs bu səbəblər nələrdən qaynaqlanır?

-Birinci növbədə qidalanma və həyat tərzindən. Baxın, dünyada saysız-hesabsız “fast food” restoranları, marketlərdə ucsuz-bucaqsız paketli qidalardan ibarət bölümlər var. Elə bu qidalar birbaşa ölüm səbəbidir. Və təsəvvür edin ki, bugünkü gənclərin, hətta deyərdim uşaqların belə, rasionunda bu qidalar əsas yer tutur. Baxın, atalarımızdan, babalarımızdan soruşun görün, onların zamanında bu qədər gənc yaşda ölüm hallarına rast gəlinirdimi? Təbii ki, var idi. Ancaq bu qədər də deyildi axı. Birincisi, indi hər şey avtomatlaşdırılır, artıq fiziki güc tələb edən işlər çox azalıb. O dövrün insanları daim hərəkətdə idi, fiziki işlərlə məşğul idi. İndi isə hər şey texnika ilə idarə olunur, insanlar çox oturaqdır, idmanla məşğul olanların sayı azdır. İnsanlarda tənbəlləşmə, zərərli həyat şəraitinə meyil artıb. Gənclərin əksəriyyəti alkoqola, siqaretə meyillidir. Bütün bunlar da orqanizmdə zərərli qida maddələrinin depolaşmasına gətirib çıxarır ki, bu da ürək-damar xəstəliklərinin erkənləşməsinə və orqanizmin, bir mexanizm olaraq, sıradan çıxmasına səbəb olur. Mən, həkim olaraq, sizə bir statistika deyəcəm, başa düşəcəksiniz vəziyyətin nə dərəcədə ciddi olduğunu. Bu gün 40 yaşında olan insanların 10-undan birinin ürəyində stend var. Bu, çox dəhşətli bir göstəricidir. Bayaq da qeyd elədiyim kimi, xüsusən də repreduktiv yaşda olan gənclərin sağlam həyat tərzi sürməməsi, idmanla məşğul olmaması, fiziki hərəkətin kəskin aşağı səviyyədə olması onların ömrünün qısalması üçün əsas faktorlardır.

-Adil bəy, son 6-7 illə müqayisədə cavan yaşda ölüm halları hansı səviyyədədir?

-Təəssüf ki, bu statistikanı konkret olaraq deyə bilməyəcəm. Ancaq onu deyə bilərəm ki, çox ciddi fərq var. İndi, demək olar ki, hər 1-2 ayda ən azı bir gənc dünyasını dəyişir. Bu, qorxunc bir vəziyyətdir. Artıq həyəcan təbili çalınmalıdır. Bunların qarşısı təcili alınmalıdır.

-Siz, həkim olaraq, nə kimi tövsiyələr verə bilərsiniz, gənclər sağlamlıqlarının qayğısına necə qalsınlar?

-Öncə, yuxarıda da dediyim kimi, həyat tərzlərini normallaşdırmalıdırlar, qidalarına xüsusi diqqət etməlidirlər, zərərli qidalardan, vərdişlərdən uzaq olmalıdırlar. Bu gün onlar gəncdirlər, həyatlarının, sağlamlıqlarının nə qədər dəyərli olduğunun fərqində deyillər, yaşları artdıqca başa düşəcəklər ki, həyatda ən qiymətli şey sağlamlıqdır.

Mən hesab edirəm ki, televiziyalarımızda mənəviyyata zərərli verilişlərin sayı gündən-günə artmaqdansa, sağlamlıqla bağlı maarifləndirmə xarakterli mövzular müzakirə olunsun, insanlarımız maariflənsin. Baxın, bu gün nə qədər anadangəlmə ürək qüsurlu uşaqlar var. Hər 1000-2000 uşaqdan biri ürək qüsurlu olur. Ciddi ürək qüsurları vaxtında müalicə olunmadığından birdən-birə ölüm halları ola bilir. Eyni zamanda ürəyin ritmi və keçiriciliyi ilə bağlı qəfil ölümlər də olur.

Bundan başqa, bəli, biz həkim olaraq pasiyentlərimizi həmişə idmana təşviq edirik. Ancaq bir nüans da var ki, bu gün gənc ölümlərin arasında idmançılarımıza, idmanla məşğul olanlara da rast gəlirik. Bunun da əsas səbəbi dopinqlərin qəbuludur. Məhz bu preparatlar fiziki gücün artırılması üçün istifadə olunduğundan yüksək qan təzyiqinə, həmçinin ürək-damar sisteminə mənfi təsir göstərir. Onlar bəzən apteklərdən həkim təyinatı olmadan, məsləhətsiz və özbaşına alıb qəbul etdikləri bu dərman preparatlarının əslində onların həyatına son qoya biləcəyindən xəbərsiz olurlar.

Ona görə də həm gənclərin özü, həm də valideynlər diqqətli olmalıdırlar. Uşaqlarının həyat tərzinə, sağlamlıqlarına biganə qalmamalıdırlar. Bunun üçün də, düşünürəm ki, efirlərimizdə bu tip maarifləndirici verilişlərin olması vacibdir ki, gənclərimiz sağlamlıqlarının qorunmasının yolları ilə bağlı məlumatlı olsunlar.

 

Aliyə SƏMƏDOVA

 

ETİKETLƏR: