Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Yenilikçi və yaradıcı təhsil ocağı

Örnək təcrübə

10.07.2024 11:37
1127
A+
A-

Cəmiyyətdə baş verən hadisələr, gündəmi zəbt edən mövzularla bağlı işdə vaxt tapdıqca kolleqalarımla, bəzən də rəhbər heyətlə müzakirələr aparırıq. Son aylarda isə ölkədə müəllimlərin sertifikasiyası, şagirdlərin ali məktəblərə qəbulu prosesi getdiyi üçün təhsil sahəsi üzrə söhbətlərimiz daha intensiv hal alıb. Təhsilimizi inkişaf etmiş ölkələrlə müqayisə edir, bu sahədə olan yenilikləri, çatışmazlıqları, problemləri öz aramızda təhlil edirik.

Söhbət əsnasında istəsək daha keyfiyyətli təhsilə nail ola bilərik dedim. Misal kimi də heç uzaq ölkələrə, Finlandiyaya, İsveçə, Norveçə getmədən özümüzün Akademik Zərifə Əliyeva adına liseyini  göstərdim. Lisey haqqında danışdıqlarım hamının marağına səbəb oldu. Vaxtaşırı fikir mübadilələrimizə qatılan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə də mənə dəstək verdi. Bildirdi ki, adını çəkdiyim liseyin uğurlarına yaxşı bələddir.

...Təhsil ocağında direktor Fərqanə İsayeva ilə görüşdüm. O uğurlardan danışmazdan əvvəl onun təməlində duran səbəblərdən söz açdı: “Lisey özünü mühakimə etməyi bacaran, müasir, demoktratik, yaradıcı düşüncəyə malik, dünyada sosiallaşa bilən və rəqabətə davam gətirən, elm və texnologiyanın fərqində olan, dəyişməyə və inkişafa açıq müəssisə kimi formalaşıb. Eyni zamanda lisey milli-mənəvi dəyərləri yaşayan və yaşadan, tolerant, ətrafını diqqətdə saxlayan və müsbət iqlim formalaşdıran ən yaxşı təhsil və elm mərkəzlərindən biri olmağı əsas missiyası hesab edir”, - dedi.

Sözünə davam edərək diqqətimizə çatdırdı ki, dünyada artan rəqabətə hazır olmaq üçün hər bir ölkənin prioritet məsələsi rəqabətə davam gətirən, yüksək intellektli və dünyagörüşlü insan kapitalını formalaşdırmaqdır. Bu baxımdan liseyimizdə debat dərslərin, intellektual oyunların, idman və hərbi yarışların, milli- mənəvi dəyərləri yaşadan bayramların, xeyriyyə aksiyalarının, görkəmli şəxsiyyətlərlə görüşlərin, müxtəlif məzmunlu festivalların keçirilməsi, rəqs və teatr dərnəklərinin mövcudluğu aktiv və sosial mühitin formalaşmasını təmin edir.

Fərqanə müəllimə dedi ki, yenilikçi və yaradıcı təhsil, hər bir şagirdə xüsusi diqqət və qayğı da əsas prioritetimizdir. Bunun üçün liseyə yeni qəbul olunanlarla görüşlər  təşkil olunur, psixoloqumuz hər bir şagirdlə fərdi danışıqlar aparır, testlər edir, oyunlar keçiririk. Onların psixoloji durumlarını öyrənirik. Bu məlumatlar  şagirdlərə oxuduqları müddətdə necə yanaşmağımız üçün mütləqdir. Bəzi hallarda şagirdi yenidən kəşf edirik. Onun bacarıqlarını, fərqli yönlərini aşkarlayırıq. Bizim liseyə qəbul 8-ci sinifdən başlayır. Elə olur ki, başqa təhsil müəssisəsində oxuduğu 8 il ərzində nə məktəb, nə də valideyn onun istedadını aşkara çıxara bilmir. Sonradan övladının musiqiçi, idmançı, aktyorluq, rəqs qabiliyyətinin olduğunu, hətta ansambl yaratdıqlarını görən valideynlər bizə təşəkkür edirlər. Elə də olur ki, şagird sonradan öz arzusu ilə qrupunu dəyişir.

Qeyd edim ki, bizim liseyin müəllimlərinin təxminən 30 faizi kişilərdən ibarətdir. Hesab edirəm ki, məktəb həyatında kişi müəllimlərin olması vacib amillərdəndir. Bəzi hallarda davranışında problemi olduğunu hiss etdiyimiz oğlan şagirdlərimizlə kişi müəllimlərimiz söhbət edir, onlara məsləhətlər verirlər. Bizim Pərviz Ağalarov, Elburus Allahyarov, Rəşad Xamoyev, Mehman Daşdəmirov, Müşfiq Mikayılov, Qılman Eyvazov, Rüfət Rizayev, Əkbər Həsənov, Ələddin Məmmədli, Hüseyn Hüseynov,  Ceyhun Məmmədov,  Orxan Məmmədov, Ceyhun Səlimov və s. digər müəllimlərin bu sahədə çox böyük zəhməti var. Elə olub ki, hüquqşünas olmaq arzusu ilə liseyimizə gələn şagird Pərviz müəllimi tanıdıqdan sonra qərarını dəyişib, onun kimi tarix müəllimi olmaq istəyib. Ümumiyyətlə bütün müəllimlərimiz şagirdlərə qarşı eyni həssaslıqla yanaşır, onların bir şəxsiyyət kimi formalaşmasında xüsusi rol oynayırlar.

Ötən günlərdə İKT işləri üzrə direktor müavini Zəka İbrahimov paylaşımı ilə diqqətimi çəkdi. “Müəllim ancaq təhsil verən olmamalıdır” başlığı altında şagirdləri ilə bərabər çay süfrəsi ətrafında söhbət edib şəkil çəkdiriblər. Müəllimlərin şagirdlərlə sıx münasibəti məni sevindirir. Müəllim hər şagirdi “oxumağı” bacarmalıdır.

Fərqanə müəllimə dedi ki, idman kafedrası xüsusi fəaliyyət planı ilə seçilir. Orada yarışlar, spartakiadalar təşkil olunur, bu, şagirdlərdə ruh yüksəkliyi yaradır. Respublika fənn olimpiadalarında, “Sabahın alimləri” respublika müsabiqəsində iştirak edib yer tuturlar. Bu onlarda komanda, qrup şəklində fəaliyyət bacarığını formalaşdırır. Eyni zamanda bizim liseyin özəlliklərindən biri də Akademik Z. Əliyevanın doğum gününə həsr olunmuş xeyriyyə aksiyasının təşkil edilməsidir. Bu aksiyada şagirdlər əl-ələ verib daha az vəsait xərcləyərək böyük məbləği əldə etmənin mümkünlüyünü görür, onların əl əməyi nəticəsində yığılan vəsaitlə yardımlaşmanın sevincini yaşayırlar.

Qeyd edim ki, sonuncu xeyriyyə aksiyasında biz “Yaşat” Fondu vasitəsilə Vətən müharibəsində anti-terror əməliyyatlarında  boyun nahiyyəsindən zərərçəkmiş Namiq Zöhrabovun sağlamlığına dəstək olduq.

Fərqanə müəllimə əlavə etdi ki, şagirdlərin mütaliə vərdişlərinə yiyələnməsinə xüsusi diqqət ayırırıq. Bu vərdişin formalaşmasında liseyin İnformasiya Resurs Mərkəzi əlahiddə işlər görür.

Mən maraq üçün Mərkəzdə oldum. Mərkəzdə ilk andaca qəribə mənzərə ilə rastlaşdım. Otağın tavanından xeyli sayda kitab asılmışdı. Ortada ətrafı kitablarla zəngin  dairəvi masa qoyulmuşdu. Üzərində də böyük qlobus. Səliqəli rəflər, Azərbaycan tarixində iz qoyan məşhurların rəsmləri və onlar haqqında qısa məlumatlardan ibarət “Tikdim ki, izim qala” adlı lövhə, bir sözlə həm tarixi, dolğun informasiyalı, həm də müasir texnoloji avadanlıqlarla zəngin bir kabinet.

Mərkəzin müdiri İradə Hacızadə dedi ki, hər il bu otağı fərqli konseptdə dizayn edirəm. Məsələn, ötən il şagirdlər buranı “bookcafe” kimi istifadə edirdilər, oxuyanlara kofe təklifimiz olurdu. Bu il oxunmayan kitabları tavandan asmışam, otağa girən hər şagird “bu kitabları niyə asmısınız?” deyə soruşurlar. “Onlar oxunmur deyə edam edilir, oxuyun ki, xilas edəsiniz” deyirəm.

Lisey fəaliyyətə yeni başlayanda cəmi 500-600 kitabımız var idi. İndi isə 4700 kitabımız var. Onlardan 2700-ü liseyimizə hədiyyə edilib. Mən də öz evimdən kitablar gətirmişəm ki, burdakı şagirdlər oxusunlar.

Ayda bir dəfə hər sinifdə ədəbiyyat dərsində kitabların müzakirəsinə saat ayrılır. Müzakirə üçün şagirdlər mütləq həmin əsəri oxumalıdır. Hər ay fərqli ölkələrin ədəbiyyatlarına müraciət edirik. Məsələn, bir ay ingilis ədəbiyyatı, digər ay amerikan ədəbiyyatı və s. Şagirdlər oxuduqları əsərləri birlikdə, oyun şəklində müzakirə edirlər. Suallar hazırlayıram, onlara düzgün və cəld cavab verən şagirdə və ya qrupa hədiyyə təqdim edirik. Dərsliklərdən əlavə kitab oxumağa vaxtı çatmayan şagirdlərə bədii əsərlərin qısa məzmununu təqdim edirəm. Bu da gələcəkdə həmin kitablara müraciət etmələrinə səbəb olacaq. Bu il “Baku Ekspo Mərkəzi” ndə təşkil olunan kitab sərgisində şagirdlərimizlə bərabər iştirak etdik, liseyin büdcəsi hesabına 40 adda kitab aldıq.

İradə xanım danışdıqca özlüyümdə düşünürdüm ki, rəflərdəki bütün kitabların səhifələrinə bələd olmaq, onları uşaqlarla həvəslə müzakirə etmək, kitab oxuma alışqanlığı yaratmaq üçün müxtəlif əyləncəli oyunlar təşkil etmək, sadəcə peşəsini layiqli yerinə yetirmək demək deyil. Bundan da ötə burada qayğı var, məsuliyyət var, sənətinə, şagirdlərinə, elm ocağına, vətəninə məhəbbət var.

Liseydə gəzinti zamanı direktor müavini Samirə Məsimova da diqqətimi çəkdi. Təhsil ocağının qayğıkeş, disiplinli müəllimlərindən olan Samirə xanım bu ilin məzunları ilə sağollaşırdı, onları gülə-gülə, sevinclə, fəxrlə qucaqlayırdı. Şagirdlər Samirə müəlliməyə çəkdiyi zəhmətə görə təşəkkür edir, onunla xatirə şəkili çəkdirirdilər.

 Liseyin uğurları haqqında isə informatika müəllimi Zəka İbrahimovla həmsöhbət olduq.

Fəxrlə dedi ki, bir həftə öncə iki şagirdimiz Çexiyada keçirilən informatika olimpiadasında iştirak edirdi, onlardan biri gümüş medal əldə etdi. Son 4 ildə təkcə respublika fənn olimpiadasında 68 şagirdimiz medal qazanıb. Təkcə bu il 9 nəfər şagird respublika fənn olimpiadasından 10 medal qazanıb. Onlardan 5 medal informatika fənnindəndir. Bu olimpiadada Uveys Əl-salehi adlı şagirdimiz həm riyaziyyat, həm də informatika fənnindən  medal qazanıb.  Şagirdimiz Ayxan Dəmirli bir neçə beynəlxalq yarışdan medalla qayıdıb. Onlardan biri də qızıl medal idi. Bunu da deməyi özümə borc bilirəm ki, bu il fizika üzrə 1, informatika fənni üzrə 2 şagirdimiz beynəlxalq fənn olimpiadalarında iştirak etmək hüququ qazanıb.

Liseyimizin şagirdləri təkcə olimpiadalarda deyil, bir çox istiqamətlərdə özlərini göstərə bilirlər. Ölkədə və beynəlxalq arenalarda keçirilən robot olimpiadalarında, layihə yarışlarında hər il medal qazanan şagirdlərimiz eyni zamanda futbol, voleybol yarışlarında da öz sözlərini deməyi bacarırlar.

Zəka müəlim liseyin uğurlarını sadalayarkən bu yaxınlarda rastlaşdığım statistikanı xatırladım.

Ali məktəblərə yüksək bal toplayanların oxuduqları təhsil ocaqları içərisində Akademik Zərifə Əliyeva adına lisey ilk beşlikdə idi. Bu da liseyin uğurlarının bariz nümunəsidir.

 

Əsli TELMANQIZI

ETİKETLƏR: