Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Biznes və vətəndaşlar üçün Elektron Rəqabət platforması

Beləliklə, həm Rəqabət Məcəlləsinin qüvvəyə minməsi, həm də ERİS-in yaradılması ölkədə azad rəqabət mühitinin təmin edilməsində əhəmiyyətli rol oynayacaq.

10.07.2024 15:18
12
A+
A-

Prezidenti İlham Əliyev Elektron Rəqabət İnformasiya Sisteminin (ERİS) yaradılması haqqında fərman imzalayıb. Yeni sistem bazar iştirakçıları arasında rəqabət mühitinin təmin edilməsi və istehlakçıların hüquqlarının müdafiəsi sahəsində elektron platforma rolunu oynaycaq. Belə ki, vətəndaşlar hansısa mal alarkən onun qiymətinin süni şəkildə artımı, istehlakçı qaydalarının pozulması halları ilə üzləşdikdə Elektron Sistemə daxil olaraq öz şikayətlərini qeyd edəcəklər. Yaxud, hansısa sahibkar fəaliyyət göstərdiyi sahədə onunla bərabər çalışan digər sahibkarın rəqabət mühitini pozduğu, yaxud haqsız rəqabətə yol verdiyi halda öz irad və narazılığını ERİS vasitəsilə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə ünvanlayacaq.

ERİS-in sahibi funksiyalarını Antiinhisar Xidməti həyata keçirdiyindən bu qurum bütün şikayət və müraciətləri sistemdə cəmləyərək hər bir sorğuya cavab verməli olacaq. Xidmət müraciətləri araşdırdıqdan sonra rəqabət qanunvericliyinin tələblərinin pozulması halları barədə qərar qəbul edəcək, yaxud müvafiq ölçü götürəcək. ERİS-in yaradılmasında məqsəd istehlak bazarında rəqabətin aliliyini təmin etmək və haqsız rəqabət hallarının qarşını almaqdır. E-Rəqabət sistemi antiinhisar, haqsız rəqabət və istehlakçıların hüquqlarının qorunması sahələrində innovativ idarəetmənin təmin edilməsində mühüm rol oynayacaq.

ERİS-də nəzərdə tutulan başlıca prinsiplər 2024-cü il iyulun 1-dən qüvvəyə minən Rəqabət Məcəlləsinin tələblərinə əsaslanır və yeni sistem də məhz Məcəlləyə uyğun olaraq hazırlanıb. Qeyd edək ki, artıq bir həftədir ki, tətbiq olunan Rəqabət Məcəlləsi azad bazar institutlarının fəaliyyətinə nəzarətlə bağlı müddəaları özündə  əks etdirir. Sənəddə rəqabətin əhəmiyyətli dərəcədə məhdudlaşdırılması hallarına qarşı mübarizə, rəqabəti məhdudlaşdıran müqavilələrə dair tələblər, təsərrüfat subyektlərinin bazar payı, haqsız rəqabət, iqtisadi təmərküzləşmələr, dövlət orqanları tərəfindən rəqabət qanunvericiliyinə əməl edilməsi və təbii inhisarların fəaliyyətlərinin tənzimlənməsi ilə bağlı müddəalar öz əksini tapıb.

Rəqabət Məcəlləsi ölkə iqtisadiyyatının inkişafı, biznes mühitinin əlverişliliyinin artırılması, azad sahibkarlığın təşviqi baxımından mühüm əhəmiyyət kəsb etməklə, ölkədə sahibkarların sağlam rəqabət şəraitində fəaliyyətinin hüquqi əsaslarını müəyyən edir, istehlakçıların hüquqlarının müdafiəsini, məhsul və xidmətlərin keyfiyyətinin daha da artırılmasını təşviq edir.

Məcəllə əsas etibarilə kiçik və orta biznes subyektlərinin bazara girişinin və bazarda inkişafının qarşısını alan maneələrin ortadan qaldırılmasına xidmət edir. İlk növbədə biznesin maraqlarının müdafiəsi ilə bağlı əhəmiyyətli detallar öz əksini tapıb ki, bura ədalətli rəqabət mühitinin təmin olunması, inhisarçılığa qarşı təsirli mübarizə mexanizmlərinin tətbiqi, haqsız rəqabət hallarının qarşısının alınması ilə bağlı hədəflər daxildir.

Məcəllənin 15-ci maddəsinə (Bazarda hökmran mövqe) əsasən, bir təsərrüfat subyektinin 50 faiz və daha çox bazar payı ola bilməz, əks halda o, hökmran mövqe, yəni inhisarçı hesab edilir. Eləcə də 2 və 3 təsərrüfat subyektinin birləşərək 50 faiz bazar payına sahib olmasına da icazə verilmir, bu da inhisarçılıqdır. Bununla yanaşı, bazarda 35 faiz payı olan, ancaq dolayı yollarla bazara digər təsir imkanları olan təsərrüfat subyekti də hökmran mövqe tutmuş və rəqiblərinin fəaliyyətini sıxışdırmış kimi hesab edilir.

Məcəllədə satıcı şirkət və müəssisə tərəfindən müştərinin heysiyyatına toxunmaq, onun təkliflərinə qeyri-etik davranış sərgiləmək və s. hallar da məsuliyyət yaradır. Əgər satıcı və ya tədarükçü müştərilərə qarşı aqressiv davranış nümayiş etdirərsə, vətəndaşın həmin şəxs barəsində şikayət etmək hüququ vardır (Maddə 20. Müştərilərə qarşı aqressiv davranış).

Vətəndaşları ən çox düşündürən mağaza və ticarət şəbəkələri tərəfindən bazar qiymətlərinin qoyulmasıdır. Hazırda istehlakçıların ən çox gileyləndiyi məsələ də məhz süni qiymət artımlarıdır. Məcəllənin 17-ci maddəsində (Aşağı və yüksək inhisar qiymətləri) qiymətin aşağı və ya yüksək inhisar qiyməti meyarları müəyyənləşib. Belə ki, ticarət müəssisəsi satdığı məhsulun qiymətini gömrük rüsumları, vergi və digər tariflər nəzərə alındıqdan sonra müəyyən edilmiş gəlirlilik marjasından yuxarı təyin edə bilməz. Yəni məhsulun bütün meyarlar nəzərə alınmaqla maya dəyəri xərcləri, tutalım ki, 1 manata başa gəlirsə, onun satışı 1 manat 25 qəpikdən çox olmamalıdır. Əks halda bu, inhisar qiyməti hesab edilir.

Beləliklə, həm Rəqabət Məcəlləsinin qüvvəyə minməsi, həm də ERİS-in yaradılması ölkədə azad rəqabət mühitinin təmin edilməsində əhəmiyyətli rol oynayacaq.

 

Elbrus CƏFƏROV

ETİKETLƏR: