Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Birinci yarımillik uğurla tamamlandı...

6 ay ərzində vergi və gömrük orqanları 1,2 milyard manatdan çox əlavə vəsait toplayıb

17.07.2024 11:25
7
A+
A-

Azərbaycan iqtisadiyyatı 2019-cu ildəki sürətli iqtisadi artım tempindən 5 il sonra 2024-cü ilin birinci yarısında daha yüksək artım nümayiş etdirib. Belə ki, 2024-cü ilin yanvar-iyun aylarında ölkəmizdə 59,5 milyard manat həcmində Ümumi Daxili Məhsul (ÜDM) istehsal olunub ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,3 faiz çoxdur. İqtisadi inkişafın təmin edilməsində qeyri-neft sektorunun payı daha da artaraq ÜDM-in 70 faizini ötüb. 6 ay ərzində qeyri neft-qaz sektorunda iqtisadi artım 6,9 faiz böyüyüb ki, bu da son 7-8 ilin ən yüksək göstəricisidir.

Qeyri-neft sektorunun inkişafı fiskal yığımlara da əhəmiyyətli dərəcədə təsir göstərib, xüsusilə də vergi yığımlarında qeyri-neft mənbələrinin payı kəskin şəkildə artıb. Belə ki, 2024-cü ilin birinci yarısında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə vergi daxilolmaları 8,2 milyard manat təşkil edib ki, həmin vəsaitlərin 70,9 faizi və ya 6 milyard manata yaxını qeyri-neft sektorunun payına düşüb. Bu, əvvəlki ilin birinci yarısı ilə nisbətdə 675 milyon manat və ya 13 faiz artıq vergi yığımı deməkdir. Ümumilikdə, 2024-cü ilin ilk altı ayında dövlət büdcəsinin gəlirlərində vergi orqanlarının payı 44 faizə çatıb ki, bu da son illərin ən yüksək rəqəmidir. Vergi orqanı bu müddət ərzində dövlət büdcəsinə 1 milyard 53 milyon manat çox vəsait köçürüb.

Vergi yığımlarının artması iqtisadiyyatda şəffaflaşma ilə bağlı aparılan tədbirlər, qeyri-rəsmi məşğulluğun rəsmiləşdirilməsi və əmək müqavilələrinin sayının artması, xüsusilə də qeyri-neft və biznes sektorlarında sahibkarların maliyyə imkanlarının böyüməsi sayəsində mümkün olub. Hökumətin vergi sahəsində apardığı optimallaşdırma tədbirləri, biznesə dövlət müdaxilələrinin azaldılması və digər iqtisadi stimulları sayəsində 2024-cü ilin ötən dövründə yerli və xarici biznes sahiblərinin sayı artıb. Belə ki, cari ilin birinci yarısında uçotda olan vergi ödəyicilərinin sayı 1 milyon 550 mini ötüb, bu müddətdə vergi ödəyicilərinin sayı 6,5 faiz və ya 95 min vahid artıb. Eləcə də, kommersiya qurumlarının sayında 8,1 % artım qeyd alınıb. Bununla yanaşı, 644  xarici investisiyalı müəssisə qeydə alınıb. Vergi yığımlarında əsas güc mənbəyi olan ƏDV ödəyicilərinin sayı isə 2,1 % artaraq 778 minə çatıb. Nəticədə bu amillər

ümumi vergi potensialının optimallaşması sayəsində vergi yığımına xeyli müsbət təsir edib.

Birinci yarımillikdə gömrük yığımlarında da əhəmiyyətli artım baş verib. Gömrük orqanları bu dövrdə dövlət büdcəsinə 3,2 milyard manatdan artıq vəsait köçürüb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5,7 % və ya 180 milyon manat çoxdur. Hazırda gömrük yığımları büdcə daxilolmalarınını 17,3 %-ni, qeyri-neft daxilolmaları üzrə isə 32,4 %-ni təşkil edir ki, bu da son illərin ən yüksək göstəricisidir.

Ölkədə fiskal intizamın gücləndirilməsi və muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” prosesləri 6 ay ərzində məcburi dövlət sosial və icbari tibbi sığorta haqlarının yığımlarının da artımına stimullar verib. Sosial sığorta haqları üzrə daxilolmalar 2,8 milyard manat yaxın olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 9,4 % çoxdur. Təkcə, özəl sektorun ödədiyi sosial verginin həcmində 12,1 % artım qeydə alınıb. İşsizlikdən sığorta haqları üzrə daxilolmalar isə 12,6 % artaraq 100 milyon manata çatıb.

İcbari tibbi sığorta haqları üzrə daxilolmalar isə 7,7 % artaraq 486,8 milyon manat olub.

Göründüyü kimi neft hasilatı və neft gəlirləri azalsa da, ölkədə iqtisadi inkişafı təmin edəcək əsas sütun kimi qeyri-neft mənbələrinin yığım potensialının genişlənməsi sayəsində dayanıqlı iqtisadi artım formalaşmaqdadır. Proqnozlara əsasən,  ortamüddətli  dövrdə ölkədə qeyri-neft ÜDM-in həcminin 2024-cü ilin sonuna 84,2 milyard manat, 2027-ci ildə isə 106,8 milyard manata qədər artacağı və real artım tempinin 4,6-5 faiz intervalında olacağı gözlənilir. Neft-qaz sektorunun ümumi iqtisadi artımda payı tədricən azalacaq və artımın əsas hərəkətverici dayağı qeyri-neft sektoru olacaqdır.

Azərbaycanın qarşısında duran əsas çağırışlardan biri də karbohidrogen ehtiyatlarının ixracından mövcud asılılığı aradan qaldırmaq, orta və uzunmüddətli perspektivdə qeyri-neft sektorunun sürətli inkişafı hesabına qeyri-neft məhsullarının ixracını artırmaqdır. Hazırda Azərbaycanın qeyri-neft ixracının həcmi 3,5 milyard dollardır, bu rəqəmi ən azı 2 dəfə artırmaq hədəf qoyulub.

“2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda qeyri-neft ixracının, xüsusilə də bu sahədə əsas bölmə kimi yer tutan qeyri-neft sənayesi məhsullarının ixracının stimullaşdırılması ilə bağlı hədəflərə əsasən, qeyri-neft sənayesi hər il ixracı orta hesabla 8-10 faiz artacaq. Bu isə qeyri-neft sektorunun iqtisadiyyatımızın aparıcı artım mənbəyi kimi mövqeyinin möhkəmlənməsinə təkan verəcək.

 

Elbrus CƏFƏROV

ETİKETLƏR: