Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Çörək imtahanı:

ölkəmiz bu imtahandan necə çıxacaq?

12.01.2022 12:09
21
A+
A-

Son dövrdə dünya bazarlarında ərzaqlıq buğdaya tələbin yüksək olması və istehsalçısı olan ölkələrin daxili bazarı qorumaq məqsədilə həyata keçirdiyi tədbirlər fonunda buğdanın qiyməti kəskin artmışdır. Əlavə olaraq ən böyük ərzaqlıq buğda istehsalçılarından və ixracatçılarından olan Rusiyanın 2021-ci ilin fevral ayından yüksək ixrac rüsumları tətbiq etməsi səbəbindən ölkəmizə idxal olunun ərzaqlıq buğdanın qiymətində 2019-cu illə müqayisədə təxminən 58% bahalaşma baş vermişdir. Və nəticə etibarilə də idxal qiymətləri və emal xərcləri nəzərə alınmaqla, hazırda bu məhsula real qiymət formalaşmış, un və çörək istehsalçıları ilə qiymətin maksimal yuxarı həddi müəyyənləşdirilmişdir. Belə ki, 50 kq-lıq bir kisə unun topdansatış qiyməti 35,9 manat, 500 qr-lıq ənənəvi (dairəvi) çörəyin pərakəndə satış qiyməti 50 qəpik, 650 qr-lıq ənənəvi (dairəvi) çörəyin pərakəndə satış qiyməti isə 65 qəpik olmuşdur.

Bu cür qiymət artımının qarşısını almaq mümkündürmü? Ümumiyyətlə, taxıl və buğda asılılığını aradan qaldırmaq və ya minimuma endirmək üçün hökumətin əlində hansısa rıçaqlar varmı?

 “Taxılın həm yerli səviyyədə istehsalı, həm də idxalı fərqli-fərqli sahibkarlar üzərindən həyata keçirilir. Bu kimi ticari və istehsal prosesləri birbaşa olaraq bazar tərəfindən tənzimləndiyi üçün unun qiymətində baş verə biləcək dəyişikliklər qaçılmazdır”. Bunu iqtisad elmləri üzrə fəlsəfə doktoru Elmir Səfərli qəzetimizə açıqlamasında bildirdi. Dedi ki, dünya bazarlarında taxılın qiyməti əvvəlki dövrlərə nisbətdə 30-40% həcmində artım göstərmişdir. Hətta ölkələr üzrə taxılın qiyməti və eləcə də unun qiymətinin artması BMT-nin Qida və Kənd Təsərrüfatı Təşkilatının illik hesabatında da qeyd olunmuşdur: “Təbii ki, Azərbaycanda istehsal olunan taxıl və unun həcmi yerli tələbatı ödəmədiyi üçün biz həm də idxal edirik. Bu zaman idxala bağlı olduğumuz üçün, dünya bazarında baş verən qiymət dəyişiklikləri birbaşa olaraq respublikada taxılın və unun qiymətinin dəyişməsinə təsir edir. İkinci əsas səbəb ondan ibarətdir ki, biz taxılı əsasən Rusiyadan idxal edirik. Və keçən il ərzində Rusiyada taxılın ixrac rüsumlarının dəyişdirilməsi, təbii ki, qiymətə öz təsirini göstərdi.  Və dünya səviyyəsində taxılın qiymətində baş verən dəyişikliklər də birbaşa olaraq Azərbaycanda taxılın, unun, çörəyin və un məmulatlarının qiymətinin dəyişməsinə təsir etdi”.

E.Səfərli bildirdi ki, taxıl strateji məhsul hesab edildiyindən Azərbaycan dövləti qiymətlərin tənzimlənməsində həmişə maraqlı olub: “Artıq 2020-ci ilin martından etibarən buğda idxalı, eləcə də, unun və çörəyin istehsalı ilə məşğul olan sahibkarlar birbaşa olaraq ƏDV-dən azad olunublar. Hətta sonradan bu müddət 2024-cü ilə qədər uzadılmışdır. Buna paralel olaraq ərzaq buğdası təchizatçılarına dövlət xüsusi subsidiyalar ayırır. Yuxarıda da qeyd etdiyim kimi, təbii ki, ərzaq buğdasının qiymətində baş verən artımlar, öz növbəsində çörək, un və un məmulatlarının qiymətinin artmasına səbəb olacaqdır. Düzdür, burada qiymət artımlarının hansı səviyyədə olacağından danışmaq bir az çətindir, bu, birbaşa olaraq ərzaq buğdasının qiymətinin dəyişməsinə bağlıdır. Burada əsas məsələ ondan ibarətdir ki, ölkədə taxıl ehtiyatının balansda saxlanılması üçün dövlət xüsusi addımlar atmalı və idxaldan asılılığı minimum, hətta sıfıra endirməyə çalışmalıdır. Azərbaycanın geoloji strukturuna nəzər yetirsək görərik ki, taxılın istehsalı üçün yetəri qədər ərazi və münbit şərait var. Önəmli olan, sahibkarlara, fermerlərə taxıl istehsalının həcminin artırılması ilə bağlı şəraitin yaradılmasıdır. Bura suvarma sistemlərinin təkmilləşdirilməsindən tutmuş, sahibkarlara verilən subsidiyaların həcminin artırılması məsələləri də aiddir”.

İqtisadçı-ekspert Eldəniz Əmirov ölkəmizdə buğda istehsalı və idxalı statistikasına toxundu: “2020-ci ildə Azərbaycanın icmal ərzaq balansına görə ölkədə 1.818 milyon buğda istehsal olunub, 1.365 milyon ton buğda isə idxal edilib, 0,86 milyon ton buğda isə 2019-cu ildən qalıq kimi qalıb.  Bu qədər buğdadan istifadəyə gəlincə, 134 min ton toxum üçün, 501 min ton mal-qara və quşlar üçün, 2,57 milyon ton sənaye ehtiyacları üçün istifadə edilib, 87 min ton isə emal edilmədən ərzaq məhsulu kimi satılıb.  Göründüyü kimi, burada əsas tələbat 2.5 milyon ton olmaqla sənaye istehsalı üçün sərf edilib ki, bunun da 80%-ə yaxını un istehsalı təşkil edir. Göründüyü kimi, Azərbaycanın istehsal etdiyi buğdanın həcmi onun un istehsal etmək üçün istifadə etdiyi həcmə təxminən bərabərdir. Ancaq istehsal edilmiş buğda qida standartlarına cavab vemədiyi üçün biz bunu heyvanlara, quşlara yediririk, un üçün isə kənardan idxal edirik. Özümüzün istehsal etdiyimiz keyfiyyətli buğda isə tələbatımızın təxminən 55-60%-ni təşkil edir. Yerdə qalan 40-45% keyfiyyətli buğdanı isə idxal hesabına təmin edirik.

Düşünürəm ki, ən təməl qida ehtiyacımız olan buğda istehsalının həcmini artırmaq üçün təxirəsalınmaz tədbirlər görülməlidir. Bu zaman həm buğda istehsalı üçün ayrılmış torpaq sahələrinin artımına önəm verilməli, eyni zamanda keyfiyyət göstəricilərinin yüksəldilməsinə nail olunmalıdır. Hazırda taxıl sahələrinin 62%-nin buğda, 38%-nin arpa olduğunu nəzərə alsaq, buğdaya olan payın artırılması mümkündür”.

İqtisadçı bildirdi ki, aqroparklar, elmi-tədqiqat müəssisələri və digər strukturlar yaradılsa da, ancaq nəticə gözlədiyimiz kimi deyil: “Mən başa düşürəm, Azərbaycan su qıtlığından əziyyət çəkən bir ölkədir. Əksər yerlərdə dəmyə əkinçiliyinin aparılması da lazımi həcmdə məhsul istehsalına imkan vermir.  Amma yenə də reallıqları daha dəqiq qiymətləndirib nəticəyönümlü fəaliyyəti artırmaq lazımdır”.

 

Aliyə ARİFQIZI