Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Dəyərli kadrların dəyərləndirilməsi

gənc liderlərdə də gələcəklərinə inam yaradır

19.01.2022 22:27
9
A+
A-

Dövlət İdarələri və İctimai Xidmət İşçiləri (DİİXİ) Həmkarlar İttifaqı Respublika Komitəsi uğurlarının başlıca səbəbini kadrlarla aparılan işin keyfiyyətində görür. Ona görə də hər bir həmkarlar ittifaqı lideri, fəalı ilə daimi olaraq əlaqə saxlanılır, onların müasir dövrün, daha konkret desək, günün tələblərinə cavab verəcək səviyyədə fəaliyyət göstərməsi üçün daim təşkilati, maarifləndirici tədbirlər həyata keçirir. Fəallara, gənc kadrlara potensial peşəkar həmkarlar ittifaqı işçisi kimi baxılır. Respublika Komitəsinin iş metodologiyasında iki prinsip başlıca meyar götürülür: Tələb və qayğı. Tələblərə cavab verə bilməyən və ya qayğıdan lazımınca bəhrələnmək gücündə olmayan kadrlar, təbii ki, həmkarları ilə yolunu ayırmalı olur. Amma böyük əksəriyyət sahə Hİ-də üzərinə götürdüyü məsuliyyəti əmək fəaliyyətinin sonuna qədər çiyinlərində daşımağı bacarır. Öz peşəkarlığı, əzmkarlığı ilə kollektiv, şəhər, rayon miqyasında nüfuz sahibi olur. Belələrinin əməyi Respublika Komitəsi tərəfindən yüksək qiymətləndirilir. Onların əməyinə verilən qiymət həmkarlar ittifaqı sıralarında yeni fəaliyyətə başlayan gənclərdə öz gələcəklərinə inam yaradır.

Bir neçə gün əvvəl DİİXİ Hİ Respublika Komitəsinin və Yasamal Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 80 illik yubileyi qeyd olunmuş Sevda Hüseynli də həmkarlar ittifaqı hərəkatında öz sözünü demiş, ittifaq üzvlərinin məhəbbətini qazanmış belə nüfuzlu kadrlardandır. Yubiley tədbirində çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov Sevda xanımın, həmkarlar ittifaqı lideri olaraq, rayonun ictimai, iqtisadi, sosial həyatına verdiyi töhfələrdən danışdı. Bildirdi ki, o, həmkarlar ittifaqını dövlət qulluqçularının ərk ünvanına çevirməyi bacarmışdı. İcra hakimiyyətinin rayon əhalisi arasında sosial yükünü xeyli azaltmışdı.

Elşad müəllim öz rayonları timsalında AHİK sədri, millət vəkili Səttar Möhbalıyev başda olmaqla, həmkarlar ittifaqlarının kadr siyasətini yüksək qiymətləndirdi. Dedi ki, Sevda xanım artıq yaşı ilə əlaqədar olaraq bir neçə müddətdir ki, sahə Hİ Rayon Komitəsinin sədri vəzifəsindən istefa verib. Yenə də öz dəyərli məsləhətləri, zəngin təcrübəsi ilə komitənin yanındadır. Rayon komitəsinin yeni sədri Fizzə xanım Mirzəyeva da Sevda xanımın ənənələrini ləyaqətlə davam etdirir. İttifaq üzvləri arasında sevilib, dəyərləndirilir. Mən Səttar Möhbalıyevə təşəkkürümü bildirirəm ki, Fizzə xanımın şəhid qardaşımızın həyat yoldaşı olduğunu və peşəkarlığını nəzərə alıb onun sədr vəzifəsinə namizədliyini şəxsən dəstəklədi.

Tədbirdə DİİXİ Respublika Komitəsinin sədr müavini Əbülfəz Mehtiyev, Rayon İcra Hakimiyyəti başçısının müavinləri Təravət Muradova,  Xaliq Möhbalıyev, sahə Hİ Yasamal Rayon Komitəsinin sədri Fizzə Mirzəyeva çıxış edərək S.Hüseynli haqqında ürək sözlərini tədbir iştirakçıları ilə bölüşdülər.

Xoş sözlərə və diqqətə görə     Sevda xanım minnətdarlığını bildirdi.

Sonda yubilyara Respublika Komitəsinin Fəxri Fərmanı və pul mükafatı, Rayon İcra Hakimiyyətinin hədiyyələri təqdim olundu.

ETİKETLƏR:

Foto