Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


“Heç bir ayrı-seçkilik qadınların iş seçiminə əngəl olmamalıdır”

Qanunvericilikdə dəyişiklik iqtisadiyyatda böyük dəyişikliyə gətirib çıxaracaqmı? Qadınlar əmək bazarında müxtəlif sahələrdə iştirak edəcəkmi?

27.03.2024 12:19
37
A+
A-

Məşğulluqda və təhsildə gender məhdudiyyətlərinin aradan qaldırılması günümüzdə aktual məsələlərdən biridir. Araşdırmalara görə, Azərbaycanda kişilərlə qadınlar arasında qazanc fərqi 46%-dir. Bu, beynəlxalq statistika ilə müqayisədə kifayət qədər böyük rəqəmdir.

2022-ci ilə qədər Azərbaycanda qadınlar qanuna görə bir çox vəzifələrdə işləyə bilmirdilər.

Bəziləri çox sadə peşələrdir. Misal üçün, 12 nəfərdən yuxarı sərnişin daşıyan avtobusları qadınlar sürə bilməzdilər. Bu, keçmiş SSRİ vaxtından qalan qanunvericilik idi. Qanunvericiliyin məqsədi əslində qadınları qorumaq idi. Amma gender bərabərliyi prinsipinə zidd yanaşma idi. Əgər bir peşə qadınlar üçün zərərlidirsə, kişilər üçün də zərərlidir. Yəni hər iki cinsi qorumalıyıq. Həm qadınlar, həm kişilər üçün doğru iş şəraiti yaratmalıyıq.

İkinci məsələ isə, peşə seqreqasiyasıdır. Nəticədə Azərbaycanda qadınlar daha çox həkim, müəllim, pedaqoji fəaliyyətlə və təmizlik işləri ilə məşğuldular. Əfsuslar olsun ki, bir çox yerlərdə küçələri süpürənlərin əksəriyyəti də məhz qadınlardır.  Sizcə, bu hallar nəyə gətirib çıxarır?

Bu gedişlə qadınlar yüksək əməkhaqqı olan işlərdə çalışa bilmirlər. Çünki həmin sahələrə neft-qaz emalı, nəqliyyat sektorunda və digər “qadına uyğun olmayan” sahələrdə də kifayət qədər yüksək maaşlı bir çox işlər var. Deyə bilərsiniz ki, nə vacibdir? Gərək qadın da maşinist olsun? Qadın qatar sürməsə olmur?

Məsələnin vacibliyi ondadır ki, qadınların əmək bazarında fəal iştirakı iqtisadi artıma çox böyük təsir göstərir. İqtisadi artım və əmək bazarının canlanması üçün qadınlar əmək bazarında kişilərlə bərabər iştirak etməlidirlər. Üstəlik, işəgötürənlərin seçimi, yaradıcılıq, qərarvermə keyfiyyəti və məhsuldarlıq artır. Hər iki genderin bir sahədə çalışması çox müsbət nəticələr verir.

Bu ayrı-seçkilik həm də qanuna və sosial ədalətə ziddir. Azərbaycanın qanunvericiliyi, Əmək Məcəlləsi də daxil olmaqla, genderinə görə, qadınların müəyyən işlərdən məhrum olmasını qadağan edir. Azərbaycan Konstitusiyasında yazılır ki, qadınların kişilərlə bərabər iştirak hüququ var və bütün hüquqları bərabərdir. Məsələn, ağır metallurgiya sahəsində çalışmaq və ya geoloji tədqiqatlar aparıb geoloq olmaq istəyən bir xanım üçün - ixtiyarını əlindən almaq deməkdir. Sosial ədalətdən danışırıqsa, onu da qeyd etmək lazımdır ki, bu məsələlər qadınların bir çoxlarının qeyri-formal iqtisadiyyatda çalışmasına gətirib çıxardır. İstirahət mərkəzlərində, restoranlarda təmizlik işlərini görən, qabları yuyan əksər vaxtlarda qadınlardır. Onların bir çoxunun əmək sığortası yoxdur, pensiyası hesablanmır. Pandemiya zamanı iş yerlərində ixtisarlar baş verəndə də, birinci məhz qeyri-formal iş sahəsində işləyən, əmək müqaviləsi olmayan insanlar  işdən məhrum oldular. Və onların əksəriyyəti qadınlar idi.

Yaxşı xəbər odur ki, bu məsələ Azərbaycan hökumətinin diqqətindədir. Dünya Bankının Azərbaycan hökuməti ilə tərəfdaşlığı nəticəsində ölkəmizdə hazırda qanunvericilikdə dəyişiklik olub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin uzunmüddətli vəkilliyi nəticəsində bu qanunvericilik 2022-ci il noyabrın 5-də dəyişdirildi və 674 peşədəki qadağalar ləğv olundu. Hazırda 204 peşə qadağadadır. Bu qadağalar ancaq 1 yaşında uşağı olan və yaxud da hamilə qadınlar üçün nəzərdə tutulub.

Qanunvericilikdə dəyişiklik iqtisadiyyatda böyük dəyişikliyə gətirib çıxaracaqmı? Qadınlar əmək bazarında müxtəlif sahələrdə iştirak edəcəkmi?

Mütəxəssislərin fikrincə, bunun üçün vaxt lazımdır. Baxmayaraq ki, ölkəmizdə ali təhsil alan qadınların sayı kişilərdən çoxdur, əmək bazarında onların bərabər iştirakına hələ uzun yolumuz var.

Daha öncə də qeyd etdiyim kimi, qadınların əmək bazarında bərabər iştirak etməyinə ən böyük maneələrdən biri gender ayrı-seçkiliyidir. Valideynlər, məktəb, müəllimlər qızları nəyə yönəldirlər? Əgər qızların hamısını humanitar sahəyə, həkimliyə, müəllimliyə yönəldiriksə, əmək bazarında texniki peşələrdə, neft-qaz və tikinti sektorunda işləyə bilən qadın mütəxəssislər yetişməyəcək.

Dünyanın təəccübləndirən statistikalarından biri Hindistanda pilotların 12 faizinin qadın olmasıdır. Bu, 1200-ə qədər qadın pilot deməkdir. Bu, dünya ortalamasının 5 faizidir və nisbətdə çox böyük bir rəqəmdir. Niyə bizdə də olmasın?

Texnologiya, yenilik və rəqəmsallaşmanın idarə etdiyi qlobal iqtisadiyyatda rəqabətə dözümlü olmaları üçün qızların STEAM bacarıqlarına yiyələnmələri zəruridir.

İş yerlərində mühiti dəyişmək də önəmlidir. İş yerlərində kişilərin əksəriyyət təşkil etdiyi mühitdə qadınlar özlərini rahat hiss etmirlər. Daha sivil iş yerləri yaratmaq vacibdir ki, orada qadına, kişiyə fərq qoyulmadan onların bacarıqlarına, gördükləri işin keyfiyyətinə, qabiliyyətinə qiymət verilsin.

Digər məsələ isə, qadınların liderlik qabiliyyətləri olsa belə, lider vəzifələrinə çıxması çox çətin olur. Təəssüf ki, bu da daha çox stereotiplər ilə bağlıdır. Əmək bazarında bu və digər sadalamadığımız baryerlərin aradan götürülməsi üçün işəgötürənlərin yeni qanunu düzgün tətbiq etmələri, əmək şəraitinin yaxşılaşdırılması, təhlükəsizliyin təmin olunması mütləqdir.

Bu yaxınlarda “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilk dəfə maşinist qadınlar hazırlığına başlayıb. Bu, çox mühüm addımdır, çünki böyüyən nəsil üçün də simvol xarakteri daşıyır. Bəzən kiçik qızcığazlar saç və ya makiyaj ustası olmaq istədiyini bildirirlər. Düzdür, hər zaman ehtiyac duyulan peşələrdir. Amma niyə bu peşə? Çünki ətrafında bunu daha çox görüb. Gözünü açıb evdə və ya ətrafında, baxdığı sosial şəbəkələrdə qadın pilot, neft sahəsi mühəndisi, uçan aparat mütəxəssisi görsə idi, o onun peşə haqqında təsəvvürlərini daha çox genişləndirərdi. Ona görə həm də “role-model”lərə böyük ehtiyac var.

“Təhsil, səhiyyə, mədəniyyət sahələrində çalışanların 80 faizi qadındır”.

Bunu Vətəndaşların Əmək Hüquqlarını Müdafiəsi Liqasının sədri Sahib Məmmədov bildirdi. O, həm də iş yerlərinin sayının az olmasını və əməkhaqlarının aşağı olmasını da səbəb kimi gətirdi.

 

Günel RAFAYILQIZI

ETİKETLƏR:

Foto