Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Dünya bu vəhşiliyə yenəmi kor qalacaq?

.

12.10.2022 10:13
15
A+
A-

Məlumdur ki, Birinci Qarabağ müharibəsi zamanı 4 minə yaxın Azərbaycan vətəndaşı itkin düşmüş, onların taleyi barədə hələ də heç bir məlumat yoxdur. Torpaqlarımız işğaldan azad olunduqdan sonra isə bir neçə məzarlığın, xüsusilə də Xocavənd rayonunun Edilli kəndində kütləvi şəkildə basdırılan 12 insan qalığının aşkar edilməsi artıq hər şeydən xəbər verir. Belə məlum olur ki, elə itkin saydığımız həmin o insanların da aqibəti bu cürdür. Hər zaman olduğu kimi, bu vəhşilikdən də boyun qaçırmağa çalışan düşmən bu dəfə sübutları dana bilməyəcək. Qalıqların üzərində qalan hərbi paltar və nişanlar, əlləri və ayaqları bağlı şəkildə basdırılması onların bizim hərbçilər olduğunu göstərsə də, düşmən yenə də etdikləri vəhşiliklərdən boyun qaçırmağa çalışır. Hətta həmin qalıqları bizim özümüzün torpağa basdırdığımızı belə iddia edirlər. Təbii ki, bu məsələnin dövlət səviyyəsində təsdiqi üçün artıq işlərə start verilib. Belə ki, Baş Prokurorluğun qərarı əsasında sümük qalıqlarından nümunələr götürülüb və məhkəmə molekulyar-genetik tədqiqatına təqdim edilib. Hazırda qalıqlar üzərində məhkəmə tibbi ekspertizası aparılır. Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyindən verilən məlumata görə, hər bir skeletdən bir neçə nahiyədən sümük qalıqları götürülərək genetik ekspertiza aparılır. Şəxsiyyəti təyin olunandan sonra isə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təlimatı ilə qalıqlar ailələrinə təqdim olunacaq.

Məlumdur ki, tibbi ekspertizadan sonra qalıqların bizim hərbçilərə aid olduğu təsdiqlənəcək. O zaman sual yaranır: beynəlxalq aləm, beynəlxalq məhkəmələr buna da göz yumacaqmı, yoxsa artıq adil qərar veriləcəkmi?

Məsələ ilə bağlı Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Arzu Nağıyevə müraciət etdik. Arzu müəllim dedi ki, görünən odur ki, bu cür qalıqların tapılması son olmayacaq: “Bilirsiniz ki, dövlət başçısının tapşırığına əsasən, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə birlikdə fevral ayından əsir və itkin düşmüş vətəndaşların axtarışına başlamışdır. Axtarışlar ilk olaraq Xocavənd rayonunun Edilli kəndində aparılıb. Fevralda bu ərazidə 7 şəxsə aid insan qalıqları aşkar edilib. Sentyabrın 14-dən yenidən davam edən qazıntılar nəticəsində isə 12 şəxsə aid kütləvi məzarlıq aşkar edilib. Təbii ki, belə qazıntılar təkcə Xocavənd rayonunda deyil, digər azad edilmiş ərazilərimizdə də davam etdiriləcək. Belə görünür ki, bu cür vəhşiliklərə hələ çox rast gələcəyik. Rus sülhməramlılarının nəzarətində olan, ermənilərin müvəqqəti yerləşdiyi ərazilərimizdə, xüsusilə də olmazın işgəncələrə “şahidlik edən” Xocalıda da tam nəzarətimizə keçdikdən sonra aparılan qazıntı işlərini nəzərə alsaq, qarşılaşacağımız mənzərə indidən insanı dəhşətə gətirir. Əlbəttə, bu cür qalıqlar daha öncə Daşaltı, Kəlbəcər, Xocavəndin digər ərazilərində, Fərrux dağında da tapılmışdı. Bizim Ermənistan qarşısında qoyduğumuz 5 əsas maddədən biri də məhz 4 minə yaxın itkin vətəndaşlarımızla əlaqəlidir ki, həmin şəxslərin taleyi ilə bağlı bizə məlumat verilməlidir. Bu, delimitasiya və demarkasiya ilə paralel olaraq sülh müqaviləsinin imzalanması üçün atılacaq ən ciddi addımlardan biridir. Edilli kəndində də 12 hərbçiyə məxsus həmin o qalıqların tapılması bir daha göstərir ki, ermənilər ciddi şəkildə azərbaycanlılara qarşı vəhşiliklər törədiblər.

Beynəlxalq məhkəmələrə müraciətə gəldikdə isə, təbii ki, tibbi ekspertizanın nəticəsindən asılı olaraq, məsələ ilə bağlı beynəlxalq məhkəməyə müraciət olunacaq. Konkret olaraq cinayət işi qaldırmaq üçün isə materaiallar toplanıb onlara təqdim olunmalıdır. Məlumdur ki, dünyada Azərbaycan-Ermənistan məsələsində ikili standartlar var. Müharibə zamanı dünyanın bizə qarşı gözlərinin “kor” olmasını nəzərə alsaq, bu məsələyə münasibətin nə yerdə olacağı, hələ ki, sual altındadır. Ancaq bütün bunlara baxmayaraq, istər diplomatik səviyyədə, istərsə də diaspora təşkilatları səviyyəsində biz müsbət yöndə nəticələr əldə edə bilərik. Bunun üçün də həm vətəndaş olaraq, həm də dövlət olaraq əlimizdən gələni əsirgəməməliyik.

Aliyə ARİFQIZI

 

Foto