Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Tədris ocağı ölkəmizin təhsilinə böyük töhfələr verəcək

.

17.04.2024 16:47
106
A+
A-

Fevralın 19-da Ankarada Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan-Türkiyə sənədlərinin imzalanması mərasimi olub. Mərasimdə “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə Respublikasının Ali Təhsil Şurası arasında Türkiyə-Azərbaycan Universitetinin yaradılmasına dair Anlaşma Memorandumu” imzalanıb. Sənədi Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev və Türkiyənin Ali Təhsil Şurasının (YÖK) sədri Erol Özvar imzalayıblar.

Universitet binasının Bakı şəhərində yerləşəcəyi gözlənilir. Elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli də media nümayəndələrinə açıqlamasında “Türkiyə-Azərbaycan Universiteti” nin binasının Bakıda yerləşəcəyini söyləyib.

Türkiyə-Azərbaycan Universiteti bu il fəaliyyətə başlayacaq. Layihənin ən mühüm xüsusiyyəti Türkiyənin ən köklü və güclü universitetlərinin proqramlarını eyni vaxtda bir universitetdə cəmləşdirməkdir.

Bu barədə Türkiyə Ali Təhsil Şurasının (Yüksək Öyrətim Kurulu) sədri Erol Özvar deyib.

O qeyd edib ki, Bakıda təhsil ilk növbədə səhiyyə, mühəndislik və informatika sahələrində veriləcək. Qəyyumlar Şurası hansı proqramların açılacağını müəyyənləşdirəcək. Qəyyumlar Şurası Türkiyə və Azərbaycanın ali təhsil sahəsində çalışan ekspertlərdən ibarət olacaq. Buraya təkcə azərbaycanlı tələbələr deyil, dünyanın hər yerindən maraqlananlar müraciət edə bilər.

Proqram, Türkiyədə hansı universitet ilə açılırsa, o universitetin diplomu veriləcək. Məsələn, Hacettepe ilə açılırsa, tələbə Hacettepenin diplomunu alır, İstanbul Texniki Universitet ilə açılırsa, tələbə həmin universitetin diplomunu alır. Bu yeni modeldə Türkiyə universitetləri açacaqları proqramların tədris planını, kredit saatlarını və professor-müəllim heyətini müəyyən edə biləcək.

Bu ali təhsil müəssisəsində tədris türk və ingilis dillərində aparılacaq. Bina xarici universitetlərin də istifadəsinə veriləcək. Məsələn, Sorbon və ya Yel universitetləri proqram əsasında bu binada təhsil vermək istəsələr, onlar da sistemdə iştirak edə bilərlər. Həmçinin bu ali təhsil müəssisəsi Türkiyənin ən nüfuzlu universitetlərini və ən yaxşı proqramlarını Bakıda bir araya gətirəcək. Bu, daha əvvəl oxşar məqsədlər üçün yaradılmış Qırğızıstan-Türkiyə Manas Universiteti və Ahmet Yesevi Universitetindən fərqli bir model olacaq. İnzibati və maliyyə işləri Azərbaycanın, akademik məsuliyyət isə Türkiyənin tərəfində olacaq.

Yeni yaradılacaq universitet vasitəsilə akademik biliklər Türkiyədən Azərbaycana, bütün regiona və dünyaya ötürüləcək. Universitet üçün maddi-texniki tələblər Azərbaycan tərəfindən, akademik məsələlər isə Türkiyə tərəfindən təmin ediləcək. Rektor və prorektorların necə seçiləcəyinə və hansı meyarların tətbiq olunacağına Qəyyumlar Şurası qərar verəcək.

Bu il Azərbaycan-Türkiyə Birgə Universitetinin fəaliyyətinin təmin edilməsi məqsədilə dövlət büdcəsindən ayrılacaq vəsaitin həcmi də artıq məlumdur. Belə ki, mühəndislik və tibb ixtisasları üzrə olmaqla, 240 nəfər tələbənin təhsil alacağı yeni yaradılacaq bu universitetin fəaliyyətinin təmin edilməsi məqsədilə dövlət büdcəsindən10 milyon manat vəsait ayrılması proqnozlaşdırılıb.

Təbii ki, bu universitetin yradılması siyasi, iqtisadi, mədəni və tarixi əlaqələrimizə görə labüddür. Sevindirici haldır ki, bu gün Türkiyə universitetlərinin əksəriyyəti dünya reytinqində qabaqcıl yerlərdədir. Həmçinin bu universitetlərin məzunları dünya standartlarına və əmək bazarının tələblərinə tamamilə uyğun gəlir.

Ölkəmizdə Azərbaycan-Fransa Universiteti, Rusiyanın bir neçə ali məktəbinin filialları fəaliyyət göstərir, amma Türkiyə-Azərbaycan Universiteti yox idi. Bu universitet həm iki qardaş ölkə arasında əlaqələrin inkişafında, həm də bütün türk dünyası ilə mədəni, iqtisadi, təhsil sahəsində əməkdaşlığın genişlənməsində mühüm rol oynayacaq.

Yaxın gələcəkdə bu universitetin nəinki Azərbaycanda, həm də bölgədə ən aparıcı ali məktəblərdən birinə çevriləcəyi gözlənilir. Azərbaycan-Türkiyə Universiteti ölkəmizin təhsilinə böyük töhfələr verəcək.

 

ETİKETLƏR: