Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


44 günlük zəfər tarixi öz başlanğıcını Aprel döyüşlərindən götürdü

.

03.04.2024 11:36
6
A+
A-

“2016-cı il aprel ayının əvvəlində baş verən Aprel döyüşləri Azərbaycan Ordusunun qələbəsi ilə nəticələndi. Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Suqovuşan kəndi istiqamətində bəzi mövqelər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi, Cocuq Mərcanlı və Goranboy rayonunun Gülüstan kəndi düşməndən azad edildi. Silahlı Qüvvələrimizin “məğlubedilməz” erməni ordusu mifini darmadağın etməsi ilə Vətən müharibəsindəki şanlı zəfərimizin bünövrəsi qoyuldu”.

Bu fikirləri qəzetimizə müsahibəsində Milli Məclisin deputatı Arzu Nağıyev dedi: “Dünya hərb tarixində xüsusi yeri olan İkinci Qarabağ müharibəsində əldə etdiyimiz şanlı zəfərin təməli Aprel döyüşləri zamanı qoyuldu. Aprel hadisələri zamanı yaşayış məntəqələrimizi və cəbhəboyu mövqelərimizi intensiv atəşə tutan erməni canilərinin başı “dəmir yumruq”la əzildi. Azərbaycan erməni faşizminə böyük zərbə vurmaqla Cənubi Qafqazda sülhün və təhlükəsizliyin bərpası üçün yeni şərtlər yaratdı”.

Millət vəkili qeyd etdi ki, ümumiyyətlə, bu, 1994-cü ildə imzalanmış atəşkəs sənədindən sonra qoşunların təmas xəttində baş verən ən böyük hərbi qarşıdurma idi. Azərbaycan Ordusu 2 min hektardan artıq ərazini düşməndən azad etdi. Aprel döyüşlərində ermənilərə məxsus tanklar, zirehli texnikalar və möhkəmləndirilmiş mühəndis qurğuları sıradan çıxarıldı, o cümlədən düşmənin üç yüzdən çox hərbi qulluqçusu məhv edildi və zərərsizləşdirildi. Aprelin 4-də separatçı qüvvələr itirilmiş mövqeləri geri qaytarmaq məqsədilə mövqelərimizə yenidən hücum etsələr də, onlar əsgər və zabitlərimizin şücaəti qarşısında diz çökməyə məcbur oldular.

Arzu Nağıyev bildirdi ki, Ermənistan Aprel döyüşləri ilə bağlı müxtəlif ziddiyyətli xəbərlər yaymağa çalışsa da, son nəticədə məğlubiyyətini etiraf etdi: “Təsadüfi deyil ki, Aprel döyüşlərindən sonra Ermənistanın çoxsaylı yüksəkrütbəli hərbi rəsmiləri, eləcə də hərbçiləri işdən qovuldular və ya həbs edildilər. Azərbaycan isə sanki sınaq meydanında idi və yaxın gələcəkdə torpaqlarımızı tamamilə işğaldan azad etmək üçün döyüş təcrübəsi toplayırdı. Döyüşlər zamanı silahlı qüvvələrimizin arsenalında olan hərbi sursatları və texniki avadanlıqları sınaqdan keçirdik. Həmçinin müasir texnika ilə işləyə bilən milli kadrlarımızı ortaya çıxardıq. Ermənistan ordusu isə döyüşə nə qədər hazırlıqsız olduğunu göstərdi”.

A.Nağıyev yekunda vurğuladı ki,    Aprel döyüşləri zamanı ermənilərin əvvəllər öz qoşun hissələri və müdafiə mexanizmləri ilə bağlı yaratdıqları mif darmadağın edildi: “Vətən müharibəsindən öncə aparılan əməliyyatlardan ən mühümü məhz Aprel döyüşləridir. Aprel hadisələri ermənilərə vurulan ən ciddi zərbələrdən biri idi. Burada da, təbii ki, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, Azərbaycan Ordusunun rəşadəti, əsgər və zabitlərimizin və xalqımızın sonsuz Vətən sevgisi əvəzedilməz rol oynadı. Bundan başqa, hərbi əməliyyatlar zamanı müasir texnika və texnologiyalardan istifadə edən qoşun növlərinin və kəşfiyyatçıların proseslərdə koordinasiyalı iştirakı öz yüksək nəticəsini göstərdi. Beləliklə, Azərbaycanın zəfəri ilə başa çatan Aprel döyüşləri tariximizə mühüm hərbi qələbə kimi yazıldı. Suverenliyimizin və ərazi bütövlüyümüzün bərpasında mühüm rola malik olan bu döyüşlər tarixin yaddaşında hər zaman qalacaq”. 

Aprel döyüşlərindən sonra - may ayında Ermənistan və Azərbaycan prezidentləri münaqişənin tənzimlənməsi üzrə ATƏT-in Minsk qrupuna həmsədrlik edən ölkələrin rəsmilərinin iştirakı ilə Vyanada görüşdülər, həmçinin iyunun 20-də Sankt-Peterburqda Rusiya Prezidentinin iştirakı ilə üçtərəfli danışıqlar keçirildi. Görüşlərdə münaqişə bölgəsində etimad tədbirlərinin möhkəmləndirilməsi, insidentlərin araşdırılması mexanizmlərinin yaradılması, ATƏT-in fəaliyyətdə olan sədri ofisinin genişləndirilməsi haqqında razılıq əldə edildi.

Aprel döyüşləri bütün dünyaya Azərbaycan Ordusunun gücünü, qələbə əzmini, ədalətin bərpa olunacağını göstərdi.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin prinsipial, qətiyyətli siyasəti sayəsində Azərbaycanın ardıcıl şəkildə qazandığı diplomatik uğurlar Ermənistan rəhbərliyini çətin vəziyyətdə qoyur, həmçinin işğalçı ölkə beynəlxalq iqtisadi layihələrdən kənarda qalır. Dövlət başçımızın Azərbaycan Ordusunun aprel qələbəsinin ildönümü ilə əlaqədar bir qrup hərbçi ilə görüşündə də qeyd etdiyi kimi, Ermənistan öz müstəqil həyatını Azərbaycan torpaqlarının işğalına qurban verib.

Ali Baş Komandanı İlham Əliyev həmişə bəyan edir ki, Ermənistanın müstəqil bir ölkə kimi fəaliyyəti qonşularla münasibətlərini tənzimləməkdən və öz qüvvələrini Azərbaycan torpaqlarından qeyd-şərtsiz və dərhal çıxarmaqdan asılıdır.

“Aprel döyüşləri zamanı biz, sadəcə olaraq, imkanlarımızın cüzi bir faizini nümayiş etdirdik. Bu, bir daha onu göstərir ki, aprel döyüşləri Ermənistanın təxribatı idi. İndi bəziləri müxtəlif versiyalar, fərziyyələr irəli sürürlər ki, Azərbaycan əməliyyat keçirməyi planlaşdırırdı, o da sonra dayandırıldı və sair. Birincisi, biz nəyi etmək istəmişiksə, onu da etmişik. Əks-hücum əməliyyatında qarşımızda hansı hədəflər durmuşdusa, biz o hədəflərə də çatdıq. Bu gün hərbçilər və beynəlxalq mütəxəssislər bilirlər ki, əldə etdiyimiz strateji mövqelər tamamilə vəziyyəti dəyişdirib. Əgər Aprel döyüşləri zamanı genişmiqyaslı əməliyyat keçirmək fikrində idiksə, biz öz hərbi potensialımızdan istifadə edərdik. Bunlar sirr deyil. Burada hər şey beynəlxalq monitorinq altındadır. Bilirlər ki, bizim uzaqmənzilli raketlərimizin, pilotsuz döyüş aparatlarımızın gücü nədən ibarətdir. Biz onlardan, demək olar ki, istifadə etmədik. Amma əgər istifadə etsək, işğal olunmuş torpaqlarda düşmənin daşı-daş üstdə qalmayacaq. Bunu onlar bilsinlər və özünü növbəti dəfə biabır edən Ermənistanın siyasi rəhbərliyi danışığına fikir versin və bizim səbirimizlə oynamasın”.

Prezident İlham Əliyev bu sözləri ilə bir daha təsdiqləyir ki, Azərbaycan torpaqlarında ikinci qondarma erməni dövlətinin yaradılmasına heç vaxt icazə verilməyəcək. “Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsi kimi Azərbaycanın tərkibində həmişə olub, bu gün də onun tərkibindədir, gələcəkdə də olacaq”.  

Əsli TELMANQIZI

 

ETİKETLƏR:

Foto