Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Analar niyə uzağı iki uşaqla kifayətlənirlər

Ölkədə əhalinin sayının azalması həm demoqrafik, həm siyasi, həm də etnik tərkibin dəyişməsi cəhətdən çox təhlükəlidir

03.04.2024 12:21
6
A+
A-

Dövlətin çoxuşaqlı ailələrə ayırdığı diqqətə baxmayaraq, müasir ailələr ən yaxşı halda 2 övladla kifayətlənməyə üstünlük verirlər. Niyə? Bu sualla sosioloq       Əhməd Qəşəmoğluna müraciət etdik. Əhməd müəllim dedi ki, sovet dövründə “çoxuşaqlı ailə” məfhumu var idi. Bu da 4-dən çox uşağı olan ailələrə şamil olunurdu. Bundan başqa, 10 və daha çox uşağı olan analara “Qəhrəman ana” medalı verilirdi. Məqsəd isə əhalinin sayının azalmasının qarşısını almaq idi. “Bu gün ölkəmizdə 3 və 4-dən çox uşağı olan ailələr çoxuşaqlı ailə hesab edilir. Elə hər kəsin dediyi bir şey var: iqtisadi vəziyyət çox uşağa baxmağa imkan vermir. Yaxşı, mən onda valideynlərə sual verirəm: bəs 70-80 il bundan əvvəl iqtisadi vəziyyət o qədərmi yaxşı idi ki, ailələrdə ən azı 7-8 uşaq olurdu? Bu gün elə zəngin ailələr var ki, baxırsan hərəsinin bir, ən çox halda iki uşağı var. Deməli, məsələnin kökündə başqa şeylər durur. Burada əsas məsələ odur ki, artıq insanların dünyagörüşü fərqlidir, fərqli aspektdən yanaşırlar. Öncə təhsil məsələsinin burada çox böyük rol oynadığını vurğulamalıyam. Təhsili, işi-gücü, sosial həyatı olan insanlar çox uşağa üstünlük vermirlər. Bundan başqa, bu gün ən aktual problemlərdən biri də uşaqpulunun verilməsi məsələsidir ki, bu da rol oynayır. Dünyanın inkişaf etmiş ölkələrində çoxuşaqlı ailələrə təminatlarla bağlı qanunlar qəbul olunub. Çox uzağa getməyəcəyəm. Rusiyada qadına hamiləliyin 6-cı həftəsindən doğuşadək aylıq, bizim məzənnə ilə, 140 AZN pul ödənilir. Doğuşdan sonra uşaq 3 yaşına çatanadək ayda 250 AZN, 3-dən 7 yaşına kimi hər ay 187 AZN, 16 yaşına kimi isə ayda 125 AZN uşaqpulu ödənilir. Bundan əlavə, doğulan hər uşaq üçün dövlət 10.000 AZN dəyərində sertifikat verir, bu məbləği valideyn əmlaka yatıra bilər, ipoteka ilə ev alanda ilkin ödəniş kimi verə bilər. 3-cü uşaq üçün isə torpaq sahəsi və yaxud ev verilir. Uşaqların 1 yaşına kimi əlavə qidası, bezi, meyvə püreləri, südü üçün ödəniş dövlət büdcəsindən edilir”.

“Bəs bu gedişlə 10-15 ildən sonra nə gözlənilir” sualını cavablandıran sosioloq dedi: “Dəfələrlə demişəm ki, bu hadisələr başlı-başına buraxıla bilməz, ölkədə bununla bağlı iş aparılmalıdır, sosial müdafiə sistemi güclənməlidir. Bilirsiniz, bu gün valideynlər tək uşaq sahibi olmaqla yalnız özlərini düşünürlər. Ancaq fikirləşmirlər ki, birincisi, o uşaq yaşıdlarının əhatəsində böyüməlidir. Uşaq gözünü açandan ana, ata, nənə, baba görür. Ətrafında ancaq böyük insanlar olur. Tək uşaq həm də eqoist böyüyür. Çünki evdə hər şey onun üçün alınır, hər kəs onun istəklərinə çatması üçün əlindən gələni edir, bir dediyi iki olmur. Sabah bu uşaq böyüyüb cəmiyyət arasına qatılanda artıq o şeyləri görməyəcək. Ailəsinin ona canla-başla elədiklərini başqaları etməyəndə aqressiv, tələbkar, eqoist davranışlar sərgiləyəcək. Və nəticədə cəmiyyət onu o cür qəbul etməyəcək. Mən heç iki uşaq tərəfdarı da deyiləm. Çünki iki uşaq olanda da onlar oyuncağın və yaxud da nəyinsə üstündə çox vaxt mübahisə edirlər, bu cür uşaqlar da münaqişəyə meyilli olurlar. Ona görə də ən yaxşısı və idealı 3 uşağın olmasıdır. Təbii ki, tərbiyədən də çox şey asılıdır. Ananın böyütmə təcrübəsi, uşağın qəbul etməsi, rədd etməsi, sözə qulaq asması və ya asmaması və ona qarşı səbirli olub-olmaması uşağın ruhi sağlamlığı baxımından daha əhəmiyyətli yer tutur.

Bir məsələni də vurğulamaq istəyirəm. Bu gün selektiv abortlar hədsiz çoxalıb. Artıq valideynlər uşaqların sayını cinsə görə müəyyənləşdirirlər. Təsəvvür edin, elə ailələr var ki, ilk övladı qızdırsa, ikinci övladı oğlan olana kimi hamiləlikləri yarımçıq sonlandırır. Təbii ki, mən də oğlan uşaqlarının çox olmasının tərəfdarıyam. Çünki gələcəkdə ölkəni təhsil, iş və sairə səbəblərdən ən çox tərk edənlər oğlanlardır. Bundan başqa, yol-nəqliyyat hadisələri, iş qəzaları, müharibə və sairədə də dünyasını dəyişənlərin əksəriyyəti kişilər olur. Ona görə də ölkədə, ümumiyyətlə, oğlan uşaqlarının sayı nə qədər çox olarsa, o qədər məqsədəuyğundur. Ancaq, təbii ki, bu o demək deyil ki, qız övladlarımızı doğulmamış tələf etməliyik. Bu, cinayətdir”.

Əhməd müəllim dedi ki, ölkədə əhalinin azalması həm də demoqrafik problemlər yaradır. Bu da qorxuludur. Çünki ölkədə əmək qabiliyyətli insanlar azalır, istehsal sahələri yarandıqda başqa millətlərdən axın olur. Bu, həm etnik tərkibin dəyişməsinə, həm də ölkədə miqrantların yerli əhalini bir növ sıxışdırmasına səbəb olur: “Baxın, bu gün Fransada, qardaş Türkiyədə öz millətlərindən çox bəlkə də ərəblər var. O ölkələrdə ən çox cinayətlər elə o gəlmələr tərəfindən törədilir. Almaniya II Dünya müharibəsindən sonra xeyli sayda istehsalat sahələri yaratdı. Və məlum oldu ki, işçi çatışmır. Sərhəd qapılarını açdı və nəticədə Türkiyədən ora 5 milyona yaxın insan gəldi. Mən Almaniyaya tez-tez işgüzar səfərlər edirəm. Frankfurtun yarıdan çoxu, demək olar ki, türklərdir. Bir dəfə tərcüməçimə zarafatla dedim ki, sən burda nəyi tərcümə edəcəksən? Məni Almaniyaya apar, bura Türkiyədir. Deməli, görün vəziyyət nə yerdədir. Ölkədə əhalinin sayının azalması həm demoqrafik, həm siyasi, həm də etnik tərkibin dəyişməsi cəhətdən çox təhlükəlidir. Ona görə də bir daha təkrar edirəm, bu məsələlər başlı-başına buraxıla bilməz. Azərbaycanda, çox təəssüf ki, ailələrlə, demoqrafik problemlərlə bağlı məsələlərə elmi cəhətdən yanaşılmağa imkan yaradılmır. Mən dəfələrlə bununla bağlı lazımi qurumlara çağırış və təkliflər etmişəm. Elmi  mərkəzlər olmalı, həmin elmi mərkəzlər tövsiyələr verməli, elmi əsaslarla elmi proqramlar hazırlanmalıdır. Bir sözlə, cəmiyyətə bu istiqamətdə elmi əsaslarla dəstək lazımdır”.

 

Aliyə SƏMƏDOVA

ETİKETLƏR:

Foto