Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Yeni dünyanın yeni təhlükəsi

-Kiber təhlükəsizlik nədir və bu, yeni dünyada insanlara nə üçün lazımdır?

17.04.2024 16:48
0
A+
A-

Zaman dəyişir, texnologiya inkişaf edir. Bu dəyişim artıq insanlığı da öz ağuşuna almağı bacarıb. Nəzərə alsaq ki, sosial şəbəkələr milyonlarla insanın saatlarla vaxt keçirdiyi “yerdir”, o zaman onu yeni dünya adlandıra bilərik. Aparılan araşdırmalara görə, qlobal cəmiyyətdə əhalinin üçdəikisi internet bağlantısına sahib, təxminən 60 faizi isə sosial şəbəkələrə üzvdür. Hətta informasiya texnologiyalarından, xüsusən də internetdən asılılıq davamlı şəkildə artır.

Belə olan halda gəlin görək dünyanı və insanları hansı təhlükələr gözləyir? Suallarımızı  İKT üzrə ekspert  Elvin Abbasov cavablandırdı.

-İnsanlar kiberdünya şərtləri ilə nə qədər ayaqlaşa  və öz təhlükəsizliklərini qoruya bilirlər?

-Bəlkə də qoruya bilmirlər. Bu məsələ ilə bağlı hələ izaha ehtiyacı olan suallar çoxdur. Biz müsahibə boyu bacardığımız qədər bu sualların cavablarını tapmağa çalışaq. Hələlik onu deyə bilərəm ki, ilk olaraq  yaşamaq üçün təhlükəni görmək, onunla mübarizə aparacaq yolları bilmək vacibdir. Amma günümüzdə təhlükəsizlik tədbirlərinə əməl etmədən yeni dünyada yaşamağa çalışan insanların sayı- hesabı yoxdur.

-Kiber təhlükəsizlik nədir və bu, yeni dünyada insanlara nə üçün lazımdır?

-Kibertəhkükəsizlik kibercinayətlərdən müdafiə üçün informasiya təhlükəsizliyi üzərində aparılan tədbirlər toplusudur. Məlumdur ki, qurulmuş bir sistem varsa, bu sistemi pozmağa çalışanlar da var. Yeni dünyada isə bu  kibercinayətkarlıq sayılır. Kibercinayətkarlardan qorunmaq heç də asan iş deyil. Kiberhücumların vurduğu ziyan əhatəsi kiberdünyanın sakinlərindən tutmuş, dövlət qurumlarına, idarəetmə sistemlərinə və sairə qədər kəskin şəkildə genişlənməkdədir. Bəlkə də bu səbəbdən kibercinayətkarlıq qlobal sosial bəla hesab olunur və insan hüquqlarına, demokratiyaya və qanunun aliliyinə, eləcə də beynəlxalq sülh və  sabitliyə qarşı əhəmiyyətli təhlükəyə çevrilməklə böyük ictimai - siyasi təsirlərə malikdir.

-Kibercinayətkarlar  hədəflərini necə seçirlər və hansı kiberdələduzluq daha sıx yaşanır?

-Rəqəmsallığın inkişafı  və bütün sahələrə siraət etməsi  kibercinayətkarlığın da həcmini bu müstəvidə artırmaqdadır. Yəni rəqəmsal məhsullar artdıqca, dövlət və özəl münasibətlərdə xidmətlər rəqəmsal müstəviyə keçir.  Nəticədə isə vətəndaşların məlumatları  burada toplanır. Əvvəllər baxırdıq ki, cinayətlər fiziki müstəvidə baş verirdi.  Hazırda bir çox cinayətlər, xüsusən də fərdi məlumatların oğurlanması, insanların bank vəsaitlərinin  ələ keçirilməsi və bunun kimi bir çox məsələlər rəqəmsal dünyada baş verir.

 Kibercinayətkarlar hücum hədəflərini şəxsi maraqlarına uyğun olaraq seçirlər. Bu maraqlardan biri də dələduzluq yolu ilə pul əldə etməkdir.  Şəxsi məlumatların oğurlanması, xaricdən pul təklifləri, uduşlar, mükafatlar, lotereyalar. Oxuduqca bəlkə də bu variantlar sizə olduqca tanış gələcək. Bəlkə də nə vaxtsa kibercinayətkarların qurbanı olmusunuz. Bəlkə də son anda vəziyyəti başa düşmüsünüz.

Qısaca sizə belə deyim, cinayətkarlar hədəf seçərkən  üç istiqamətə yönəlirlər.

1.Hədəf seçilmir. Rast gəlir. Yəni  tələyə kim düşdü, düşdü.

2.Hədəf seçilir və onun barəsində araşdırma aparılır. Buna sosial mühəndislik deyilir. Həmin şəxsin rəqəmsal fəaliyyəti, sosial şəbəkələrdə paylaşımları, şəxsi məlumatları toplanılır. Bundan sonra isə həmin şəxsə uyğun olaraq hücum planı hazırlanır.

3.Bir siqment ələ alınır. Misal üçün,  hər hansı bir bank müəllimlər üçün güzəştli kredit verilməsini elan edir. Bu zaman kiberdələduzlar həmin kateqoriyadan olan insanlara eyni  mətndə hazırladıqları saxta elan mesajları və ya linkləri göndərib onlarda çaşqınlıq yaradırlar. Və nəticədə istifadəçilərin bəzilərini aldatmağa müvəffəq olurlar.

-Elvin müəllim, bəs ölkəmizdə  bu səpkidən olan cinayətlərin qarşısını almaq üçün hansı tədbirlər görülür? Bu işin öhdəsindən gələ bilən yetərli kadr potensialımız varmı?

-Bəli, Azərbaycanda kifayət qədər kibertəhlükəsizlik  mütəxəssisi var. Elə Vətən müharibəsi dövründə mütəxssislərimizin nələrə qadir olduqlarının şahidi olduq. Lakin mütəxəssislərdən öncə hər kəs özünü kiber bəlalardan müdafiə etməyi bacarmalıdır. Ən azından istifadə etdikləri sosial şəbəkələrin təhlükəsizlik tədbirləri ilə yaxından tanış olmalı, şəxsi məlumatlarını vacib olmadığı halda ikinci şəxslərlə bölüşməməlidirlər. Bütün ehtiyat tədbirlərini gördükləri halda əgər yenə də qurbana çevrilirlərsə, müvafiq orqanlara həmin anda şikayət etmələri məqsədə uyğundur.

 Leyla BƏHRAMQIZI

 

ETİKETLƏR: