Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Gürcüstan sahibkarların vergi​​​​​​​ borcunu silir,

Azərbaycanda kapital amnistiyası tətbiq olunacaqmı?

17.04.2024 16:53
5
A+
A-

Gürcüstan hökuməti ölkədə 145 min vətəndaşın ümumi məbləği 590 milyon lari (220 milyon ABŞ dolları) olan vergi borcunu silmək niyyətini bəyan edib. Baş nazir İrakli Kobaxidze bildirib ki, fiskal orqanların apardığı tədqiqatlar göstərir ki, ölkədə vergi ödəyicilərinin bir qismi, əsasən də fiziki şəxslər və fərdi sahibkarlar əvvəlki illərdə yığılıb qalmış borclarını ödəyə bilmirlər. Belə ki, pandemiya dövründə fiziki sahibkarlıq subyektləri biznes fəallığının aşağı düşməsi ilə əlaqədar ödəmə qabiliyyətlərini itiriblər və nəticədə vergi borcları yaranıb. Pandemiyadan sonra sahibkarların fəallığı bərpa olunsa da, onların 2020-ci ildəki borc yükündən azad olması çətinləşib. Ona görə də hökumət yaranmış borcun sahibkarların iqtisadi fəaliyyət imkanlarını məhdudlaşdırdığından 2021-ci il yanvarın 1-dək yaranmış ödənilməmiş və qeydə alınmış vergi borcları, eləcə də hesablanmış cərimələrin silinməsini qərara alıb. İ.Kobaxidze vergi amnistiyası ilə əlaqədar müvafiq iqtisadi və fiskal qurumlara təkliflər layihəsi hazırlamaq tapşırıldığını bildirib.

Qeyd edək ki, pandemiya bir çox ölkələr kimi, Azərbaycanda da sahibkarların iqtisadi fəaliyyət imkanlarını məhdudlaşdırmışdı və onlar təxminən 2 ilə yaxın dövrdə normal gəlir əldə edə bilməyiblər. Hökumət sahibkarlara pandemiya dövründə maliyyə dəstəyi göstərməklə onların üzləşdiyi böhrandan çıxmasına kömək edib. 2021-ci ilin ikinci yarısından sonra pandemiyanın təsirlərinin azalması və iqtisadi sahələrdə məhdudlaşdırma tədbirlərinin aradan qaldırılmasıdan sonra biznes sektorunun fəaliyyəti yenidən bərpa olunmuş və onların gəlirlərinin artmasında növbəti faza açılıb. Ancaq buna baxmayaraq, bir çox sahibkarlıq subyektlərinin hələ də əvvəlki dövrlərdən yığılıb qalmış vergi borcları mövcuddur. Əvvəlki illərdən yığılıb qalmış bütün borclarla birlikdə 2023-cü il yanvarın 1-nə olan müddətə qədər ölkəmizdə 923 min vergi ödəyicisinin dövlət büdcəsinə ümumilikdə 2 milyard 356,7 milyon manat vergi borcu olub. Təkcə 2023-cü il ərzində 215,2 min vergi ödəyicisinin 4 milyard 930 milyon manat məbləğində vergi borcu yaranıb. Hökumət ötən il 210 min vergi ödəyicisinin 4 milyard 511 milyon manat məbləğində vergi borcunu ləğv edib. Ləğv edilmiş borc məbləğindən 674 milyon manatı və ya 28,6%-i məhz 2023-cü il 1 yanvar tarixinə mövcud olmuş borcların payına düşüb. 2023-cü il ərzində artmış borc məbləğinin 288 milyon manatı səyyar vergi yoxlamaları nəticəsində, 505 milyon manatı kameral vergi yoxlamaları nəticəsində, 83,6 milyon manatı isə bəyannaməyə əsasən yaranıb. Nəticədə 2024-cü ilə qədər 96,7 min vergi ödəyicisinin dövlət büdcəsinə 2 milyard 782,1 mln. manat məbləğində borcu olub.

Onu da qeyd edək ki, vergi orqanı tərəfindən bir neçə il əvvəl vergi amnistiyası həyata keçirilib. “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” qanuna əsasən, vergiləri vaxtında ödəməmiş sahibkarların hesablanmış faizlər üzrə bütün borcları silinib. 2017-ci il yanvarın 1-dən qüvvəyə minən qanuna əsasən, ümumilikdə 45 min vergi ödəyicisinin 386,4 milyon manat məbləğində vergi borcu silinməsi təmin olunub. Həmin vəsaitin 125,5 milyon manatı dövlət sektorunun, 260,9 milyon manatı isə qeyri-dövlət sektoruna aid olub.

Bütün bunlara baxmayaraq, ümumi vergi borcu portfelində hələ də borclar qalır və bəzi hallarda il ərzində əlavə borc yükü yaranmış olur. Biznesin köhnədən qalmış borclarının təmizlənməsi üçün onların fəaliyyətinin də tamamilə şəffaflaşması, uçotun “ağardılması” və təmiz mühasibatlığın təşkili, bütün vergi öhdəliklərinin açıq və könüllü prinsiplər əsasında bəyan edilməsi əsas şərtlərdən biridir. Amnistiya birbaşa vergi islahatları çərçivəsində aparılan şəffaflaşmaya xidmət edir. Məhz bütün bu şərtlər daxilində Dövlət Vergi Xidməti biznesə maliyyə-vergi amnistiyası verməyə razıdır. Əgər bu günə qədər hər hansı vergi ödəyicisi tərəfindən bu və ya digər səbəbdən əmlakların gizlədilməsi halları mövcud olubsa, dövlət ortamüddətli dövr ərzində onlara əmlak və kapital amnistiyası verməklə tamamilə şəffaf fəaliyyətlə və maliyyə intizamına riayət etməklə yeni əməkdaşlıq qurmaq niyyətindədir.

Vergi orqanının əsas hədəflərindən biri kapitalın amnistiya prosesindən keçməklə biznes icmasının uçot fəaliyyətinin tamamilə şəffaflaşdırılmasını təmin etmək, uçotdan gizlədilmiş əmlakların bəyan edilməsinə nail olmaq və bu vasitə ilə biznesin tam yeni müstəvidə leqal iqtisadiyyat quruculuğna töhfəsini artırmaqdır. Burada yekun prinsip, sözsüz ki, qara iqtisadiyyatın minimallaşdırılması və leqal dövriyyənin həcminin artırılmasıdır.

Vergi Xidməti hesab edir ki, amnistiya həm ölkədə aparılan iqtisadi siyasətə, iqtisadi prioritetlərə, həm də vergi sahəsində beynəlxalq təcrübənin tətbiqinə əsaslanır. İqtisadiyyat təcrid olunmuş şəkildə mövcud ola bilməz. Bu baxımdan transmilli şirkətlərin dünyanın ayrı-ayrı yerlərində vergilərin ödənilməsi, vergidən yayınmanın, verginin bir ölkədən digərinə daşınmasının qarşısının alınması ilə bağlı beynəlxalq təcrübə araşdırılır. Bu sahədə tətbiq olunan müasir alətlərin milli vergi qanunvericiliyində öz əksini tapması əsas tələblərdən biridir.

Qeyd edək ki, “Azərbaycanın 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda da şəffaflıq səviyyəsinin artırılması üçün vergi siyasətində bir sıra qabaqcıl beynəlxalq təcrübəyə əsaslanmaqla amnistiyaların tətbiqi nəzərdə tutulub. Həmin sənədə əsasən, ortamüddətli dövr ərzində əmlak və kapital amnistiyası verməklə uçotdan yayındırılmış, gizlədilmiş aktivlərin və əmlakların bəyan edilməsinə şərait yaradılması vergi siyasətinin hədəf prioritetlərindən biri kimi müəyyən edilib. Bu baxımdan amnistiyanın tətbiqi biznes sektorunda yükə çevrilmiş borcu tamamilə sıfırlatmaqla onlarda motivasiya yarada, əldə etdikləri aktivləri birbaşa yeni istehsal, xidmət və digər sahələrə daha çox investisiyaların qoyulmasına yönəltməyə imkan yarada bilər. Bu isə istehsalın və xidmətin daha da artması, yeni əlavə dəyərin yaranması baxımından mühüm əhəmiyyət kəsb edir.

 

Elbrus CƏFƏROV

ETİKETLƏR: