Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Qazaxın 4 kəndinin də geri qaytarılması İlham Əliyevin növbəti qələbəsidir

.

24.04.2024 12:55
3
A+
A-

Aprelin 17-də Azərbaycan daha bir tarixi uğura imza atdı: rus sülhməramlıları Qarabağı təyin olunan vaxtdan tez tərk etdi. Bu hadisə bir tərəfdən Qarabağ ərazisindən xarici hərbi silahlı qüvvələrin tam çıxarılması, digər tərəfdən isə, Azərbaycan dövlətinin qətiyyəti, nüfuzu baxımından təqdirəlayiq oldu. Dünyanın aparıcı dövlətlərinin  bu hadisəni birmənalı şəkildə Azərbaycanın böyük qələbəsi, Ermənistanla davamlı sülhün başlanğıcı kimi dəyərləndirilməsinə baxmayaraq, bəzi siyasi dairələr, necə deyərlər, “torbada pişik axtarırlar”. Rus sülhməramlılarının Qarabağı tərk etməsinin arxasında Azərbaycana qarşı növbəti planların durduğunu “sübut etməyə” çalışırlar. Doğrudanmı, belədir?

İqtisadçı-ekspert Natiq Cəfərli sülhməramlıların Azərbaycanı tərk etməsinin istənilən halda müsbət hal olduğunu bildirdi. Qeyd etdi ki, sülhməramlı kontingentin əsas məqsədi mülki əhaliyə münasibətdə qan tökülməsinin qarşısını almaq, təhlükəsizliyi təmin etmək və humanitar qanunlara riayət etmək idi: “Bilirsiniz ki, ötən il Qarabağda antiterror əməliyyatları keçirildi və nəticədə ölkəmiz öz suverenliyini bərpa etdi. Təbii ki, ərazidə qanunsuz erməni silahlı birləşmələri qalmadığı üçün sülhməramlı kontingentin fəaliyyətinə də artıq ehtiyac yox idi.

Ancaq səbəb təkcə bu deyil, yəni burada müxtəlif məsələlərin sintezi var. İlk növbədə Türkiyə ilə Azərbaycanın birgə atdıqları addımların da çox böyük təsiri var. Bir müddət öncə Xankəndi və ətrafından köçən ermənilərin Qarabağa qaytarılması ilə bağlı Rusiyanın son cəhdi oldu. Bunun üçün komissiya quruldu, hətta bir neçə ay öncə Ermənistandakı Rusiya səfirliyi bununla bağlı görüşlər keçirdi. Ancaq Rusiyanın planı baş tutmadı, verilən vədlərə Ermənistan tərəfi razı olmadı. Çünki artıq onlarda da Rusiyaya qarşı güvən yoxdur.

Bir məsələni də qeyd edim. Xatırlayırsınızsa, Azərbaycan dövlət televiziya kanalı terrorçulardan, separatçılardan geniş müsahibə almışdı və efirdə göstəriləcəyi ilə bağlı anons da getmişdi. Həmin anonsdan sonra o verilişi televiziyada vermədilər. Böyük ehtimal ki, veriliş haqqında artıq Moskvaya məlumat çatdırılıb və Moskva da o müsahibənin getməsində maraqlı olmayıb. Çünki separatizmi, ordakı terrorçuları uzun illər dəstəkləyən məhz Kreml olub. Yəqin ki, bu məsələlərin açılmasının onlara çox ciddi mənfi təsir edə biləcəyini düşünərək icazə verməyiblər.

Bilirsiniz ki, Ağdamda fəaliyyət göstərən Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi də artıq fəaliyyətini dayandırıb. Bununla bağlı Türkiyə Milli Müdafiə Nazirliyi bəyanat yayıb. Təbii ki, bu, elə belə də olmalı idi. Çünki bu gün Qarabağ ərazisində hərbi əməliyyatlar mövcud deyil, dolayısı ilə də mərkəzin fəaliyyətinə də ehtiyac yoxdur. Ancaq düşünürəm ki, Türkiyənin bu addımı da onların getməsinə çox böyük təsir etdi. Necə? Baxın, bəlkə də o mərkəzin fəaliyyət məqsədi olmadığı üçün Türkiyə tərəfi Rusiya tərəfinə öncədən xəbərdarlıq edibmiş ki, Azərbaycan artıq öz suverenliyini, ərazi bütövlüyünü tam bərpa edib, hansısa bir monitorinq aparmağa da ehtiyac yoxdu. Biz bu müqaviləni pozuruq və çıxırıq. Bu cür olduğu təqdirdə Rusiya da məcburən oranı tərk etmiş olacaq. Çünki əgər mərkəz sülhməramlıların torpaqlarımızı tərk etməzdən əvvəl fəaliyyətini dayandırsa idi, bu, Rusiyanın imicinə ciddi zərər vuracaqdı. Sanki elə bir ab-hava yaranacaqdı ki, Türkiyənin təkidi və təsiri ilə Rusiya məcbur oldu oradan çıxmağa. Belə bir fikir yaranmasın, Rusiya az da olsa öz imicini qorusun deyə, mərkəzin bağlanması haqqında elan məhz tərketmədən sonra edildi. Bütün bunlar çox gözəl düşünülmüş şahmat oyununu xatırladır.

Bu hadisə dünyada artıq şok effekti yaradıb. Heç kim inana bilmir, necə oldu ki, ruslar belə sakitliklə Cənubi Qafqazdakı maraqlarından əl çəkdilər. Bu bir daha onu göstərir ki, Azərbaycanla Türkiyənin təhlükəsizliklə bağlı xarici siyasətdəki sinxron davranışları, obrazlı desək, öz ciddi və gözəl meyvələrini verir”.

“Siz necə düşünürsünüz, Rusiya Cənubi Qafqazdakı mövqelərinin əlindən çıxmasını belə rahatlıqla gözə ala bilərmi?” sualını cavablandıran Natiq müəllim dedi ki, əslində Azərbaycanın atdığı addımlar 2020-ci ildən bəri Rusiyanın Cənubi Qafqaza təsirlərini xeyli zəiflətdi. Hətta analitiklər də yazırlar ki, Azərbaycanın atdığı addımlar Rusiyanın Cənubi Qafqazda ən təsirli rıçaqı olan Qarabağ problemini aradan qaldırdı. Doğrudan da, uzun illərdir ki, Qarabağ məsələsi həm Azərbaycanın, həm də Ermənistanın başı üzərində tutulan, obrazlı desək, bir “Damokl qılıncı” idi. Mən xarici mətbuatı ciddi izləyirəm. Hətta ruspərəst erməni politoloq və analitikləri açıq şəkildə Moskvaya müraicət edərək, az qala, yalvarırlar ki, siz Cənubi Qafqazı Azərbaycan və Türkiyəyə təhvil verib bölgədən çıxmış kimi görünürsünüz. Bu isə, təbii ki, bir görüntü deyil, faktdır ki, Cənubi Qafqazda məhz Azərbaycan-Türkiyə birgə addımları nəticəsində Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini müsbət mənada təmin etməsi Rusiyanın mövqelərini Cənubi Qafqazda xeyli zəiflətdi”.

Digər müsahibim hərbi ekspert Şair Ramaldanov dedi ki, Rusiyanın bugünkü vəziyyətini nəzərə alsaq, bu, yerində atılmış qərar idi: “Onlar 1960 nəfər silahlı hərbi qulluqçudan, 90 hərbi zirehli texnika, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət kontingentlə yerləşdirilmişdi. Həmin vaxt sülhməramlıların postlarının sayı 27 olsa da, sonradan onların sayı 30-a çatdırılmışdı. Baxın, bütün bu insanların, texnikanın saxlanması üçün bilirsiniz nə qədər maddiyyata ehtiyac var? Rusiya bu gün Ukrayna ilə müharibədədir. Əlbəttə, bütün bu qüvvəni ora cəmləməyi daha məntiqlidir”.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Arzu Nağıyev də məsələ ilə bağlı fikirlərini bizimlə bölüşdü. Dedi ki, bu son uğurumuzun fonunda Qazaxın 4 kəndinin də geri qaytarılması İlham Əliyevin növbəti qələbəsidir: “Geridə qalan digər dörd kəndimiz var ki, düşünürəm növbəti görüşlərin predmeti həmin kəndlərin ölkəmizə qaytarılması olacaq. Burada əsas məqam ondan ibarətdir ki, delimitasiya prosesində 1991-ci il Alma-Ata Bəyannaməsinə əsaslanacaqlar”.

Aliyə ARİFQIZI

ETİKETLƏR: