Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


“Yaşıl vergi” - xarici investorlar üçün güzəşt və tətillər

.

24.04.2024 14:53
6
A+
A-

Azərbaycan hökuməti inkişaf gündəliyində əsas prioritetlərdən biri kimi müəyyən etdiyi “yaşıl enerji” strategiyası çərçivəsində biznes icması və xarici sərmayədarlar üçün stimullaşdırıcı və təşviqedici iqtisadi alətlərin, vergi güzəştlərinin tətbiqini genişləndirmək niyyətindədir. 2023-cü ildə bərpa olunan enerji mənbələrinin istehsalı məqsədilə investorlar üçün vergi tətillərinə qərar verən hökumət bu istiqamətdə daha əlavə güzəştlərin tətbiqini planlaşdırır. Belə ki, COP29 və “Yaşıl dünya naminə həmrəylik ili” ilinə töhfə kimi nəzərdə tutulan yeni vergi güzəştlərinin başlıca məqsədi beynəlxalq investorlar sinfini Azərbaycanın “yaşıl iqtisadiyyat”ına cəlb etməkdir. Bu məqsədlə Vergi Məcəlləsinə əlavə və dəyişikliklər layihəsi hazırlanıb.

Yeni vergi güzəştlərinə əsasən, COP29 ili ilə əlaqədar  sahibkarlar tərəfindən təqdim edilən malların satışı və tədarükü, iş və xidmətlərin göstərilməsi 2024-cü il martın 1-dən 9 ay müddətinə gəlir vergisindən azad olunacaq. Bu, qeyri-rezident fiziki şəxslərin, yəni xarici iş adamlarının həmin fəaliyyət sahələri üzrə əldə etdiyi gəlirlərə görə nəzərdə tutulan vergi güzəştləridir. Bundan başqa, qeyri-maddi aktivlər üzərində müəllif hüquqlarından istifadə olunmasına görə, investorlara ödənilən royalti gəlirləri də 2024-cü il ərzində vegilərdən azad olunur. Müvafiq iqtisadi qurumlar tərəfindən sahibkarlara verilmiş təsdiqedici sənəd əsasında digər gəlirlərin də vergiyə cəlb edilməməsi qərara alınıb.
Yeni vergi güzəştləri faktiki olaraq Azərbaycanda “yaşıl vergi” strategiyasına keçidin prinsiplərinin icrasından xəbər verir. Beynəlxalq praktikada təmiz ekoloji mühit konsepsiyalarına uyğun olaraq bir çox ölkələr biznes sektorunu “yaşıl hidrogen” və “yaşıl enerji”yə cəlb etmək, onların bu sahəyə sərmayə qoyuluşlarını təşviq və motivasiya etmək məqsədilə vergi-gömrük sistemində bir sıra müasir alətlərdən istifadə edir. İqlim dəyişikliyinə qarşı mübarizənin hazırda daha da aktuallaşdığı və beynəlxalq koalisiyanın öz kapitallarını  dayanmadan “yaşıl texnologiyalara”a yatırdığı dövrdə “yaşıl vergilər”in tətbiqi də geniş xarakter almaqdadır. Azərbaycan da bu sırada yer almaq üçün qabaqcıl beynəlxalq təcrübəni öyrənir, həmin alətlərdən biri kimi hibrid avtomobillərin idxalı və satışı üzrə vergi təşviqləri ötən ildən tətbiq olunur. Ancaq “yaşıl enerji”nin əhatəsinin artırılması, xüsusilə də bərpaolunan enerji mənbələri sahəsinə investorları cəlb etməyin ən optimal yollarından biri kimi bu sektorlarda “yaşıl vergi” konseptinin geniş tətbiqi hədəf tədbirlərinə daxil edilib.
Azərbaycanın bərpa olunan enerji növləri ilə zəngin olması da “yaşıl vergi”yə keçidi sürətləndirməyi tələb edir. Çünki son 2 ildə ölkəmizə səfər edən xarici şirkətlərin nümayəndələri külək, günəş, termal sular və digər resursları öyrəndikdən sonra birgə işləmək üçün investisiya planlarını hökumətə təqdim ediblər və nəticə də ürəkaçandır. Ötən il Səudiyyə Ərəbistanın “ACWA Power” və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətləri ilə energetika sektorunda 2 iri sərmayə layihəsinə start verilməsi də bunu təsdiq edir. Hər iki şirkət alternativ və ekoloji cəhətdən təmiz enerji mənbələrinin istehsalında bu layihələrlə kifayətlənmək niyyətində deyil və işğaldan azad edilmiş ərazilərdə daha böyük sərmayə layihələrini həyata keçirməyi planlaşdırır ki, bu da “yaşıl enerji” sektorunun iqtisadi cəlbedicliyindən xəbər verir.
İşğaldan azad edilmiş ərazilərdəki yaşıl enerji mənbələrinin qiymətləndirilməsi də xarici şirkətlərin marağını artırıb və dövlət başçısının müvafiq sərəncamına əsasən, işğaldan azad edilmiş ərazilərdə “Yaşıl Enerji Zonası”nın yaradılması bu işi sürətləndirib. Həmin sənədə əsasən, Qarabağ və Şərqi-Zəngəzurda günəş, külək, termal, geotermal və digər bərpa olunan enerji potensialının istismarına xarici şirkətlərin cəlb olunmasının həvəsləndirilməsi üçün daha motivasiyaedici addımların atılması tapşırığı verilib. Həmin ərazilərdə investisiyaların təşviqi mexanizmlərinin təkmilləşdirilməsi, istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlar üçün xammal və materialların idxalı ilə bağlı gömrük və vergi güzəştlərinin müəyyən edilməsi də “yaşıl vergi”nin xüsusi önəm kəsb etdiyini təsdiqləyir.
“Yaşıl vergi”nin tətbiqi Azərbaycana hansı dividentlər qazandıracaq?
 İlk növbədə vergi güzəştləri “Yaşıl Enerji Zonası”na beynəlxalq investorlar icmasını gətirəcək və işğaldan azad olunmuş bölgələrdə günəş, külək, biokütlə, termal, geotermal və digər bərpa olunan enerji mənbələrinin istehsalına tezliklə start veriləcək. Strateji plana əsasən, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın və Kəlbəcərdə günəş elektrik stansiyalarının tikintisi üçün ümumi sahəsi 14 min 427 hektar və güc qoyuluşu potensialı 7214 meqavat olan 8 perspektiv ərazi müəyyən edilib. Bu bölgədə külək və günəş enerji stansiyalarının, həmçinin su anbarlarında, göllərdə, kiçik çaylarda su elektrik stansiyalarının tikilməsi reallaşacaq ki, bu, Azərbaycanın “yaşıl enerji” gücünü artıracaq və Avropaya yaşıl hidrogen ixrac edən ölkələrdən birinə çevrilməsinə səbəb olacaq.

 

 

Elbrus CƏFƏROV

ETİKETLƏR: