Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


“Vətən üçün yaşanılan ömürlər unudulmur...”

​​​​​​​AMEA-nın Dendrologiya İnstitutunun Zəfər TV kanalının “Elm və Həyat” verilişinin növbəti yayımı Anım Gününə həsr olunub

29.09.2021 14:09
44
A+
A-

Azərbaycan xalqı ilk dəfə olaraq 27 sentyabr tarixini möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Sərəncamı ilə təsis edilmiş Şəhidlərin Anım Günü kimi qeyd edir.

Bu məqsədlə AMEA-nın Dendrologiya İnstitutunda Anım Gününə aid silsilə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur:

“Vətən üçün yaşanılan ömürlər unudulmur...”

“Şəhidlər unudulmur...”

“Şəhidləri unutmuruq...”

AMEA-nın Dendrologiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsi sentyabrın 25-də Zəfər TV-də “Elm və Həyat” verilişinin növbəti yayımını Anım Gününə həsr edib.

Verilişin qonaqları Haqq və Şərəf işimiz olan, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımızın əzm və iradə, bir yumruq kimi birləşdiyi həmrəylik  günündən bəhs ediblər.

İllərin həsrətinə qovuşan professor Habil Qurbanov AMEA-nın Azad Həmkarlar İttifaqının sədri, doğulub boya-başa çatdığı Ağdama səfəri zamanı yaşadığı duyğusal anlarından, rəhbəri olduğu təşkilatın Vətən müharibəsi zamanı xalqın birliyindən, cəbhəyə dəstəyindən söhbət açdı.

AMEA-nın müxbir üzvü, Dendrologiya İnstitutunun direktoru Tofiq Məmmədov bir qrup alim və tədqiqatçı ilə Zəngilana səfərindən, erməni vandalların təbiətə qarşı törətdikləri vəhşiliyin nəticələrini müşahidə etmək üçün keçirilən monitorinqdən və gələcəkdə həmin ərazilərdə yaşıllaşdırma, bərpa işlərinin aparılacağından danışdı.

Xəzər Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev şəhid ailələri və qazilərlə görüşü, dövlətimizin təməli olan gənclərdə vətənpərvərlik hisslərinin inkişaf etdirilməsi üçün təşkilatın gələcək layihələri barədə məlumat verdi.

Verilişin ikinci hissəsində şəhid polkovnik-leytnant Ramiz Qasımovun ailə üzvləri, şəhid əsgər Rəşad Novruzovun anası, şəhid əsgər Məmmədzadə Bəhram, İnam qardaşlarının atası, qazi Əfqan Zamanov şəhidlərimiz haqqında ürək dağlayan xatirələri bölüşüblər. Əkiz qardaş kimi tanınan, lakin əkiz olmayan, əkiz kimi də bir gündə Şəhidlik məqamına qovuşan İnam və Bəhramın atası tariximizin əbədi qəhrəmanlıq salnaməsi olan bu Zəfərin yüzlərlə şəhidimizin qanı ilə yazıldığını, müstəqilliyimiz, Vətənimizin ərazi bütövlüyü, namus və ləyaqətimiz uğrunda mübarizəyə qatılmış bu cəsur fədailərin Azərbaycan xalqının başını uca etdiklərini vurğuladı.

Qalibiyyət simfoniyasının yazılmasında savaşa könüllü olaraq qoşulmuş Əfqan Zamanov Şuşa döyüşlərindən, qəhrəman igidlərimizin qorxmazlıqlarından, dostlarının canlarını Vətən yolunda necə qurban verdikləri anlardan bəhs etdi.

Heç vaxt unutmayacağımız bu qəhrəmanlar hər bir Azərbaycan anasının əziz övladı, xalqımızın qüruru və iftixarı oldu. Rəşadət rəmzi olan bu qəhrəmanlar bugünkü və sabahkı gəncliyin əbədi amalı və and yerinə, onların uyuduqları məkan müqəddəs ziyarətgaha çevrildi.

Verilişin sonunda torpaqlarımızın azad olunmasında  göstərdiyi qəhrəmanlığa görə şəhidlərə ölümündən sonra Fəxri Fərman, ailələrinə şəhidlərin fotoşəkilləri və maddi yardım təqdim olundu.

***

Azad Həmkarlar İttifaqının ilk təşkilatları -Riyaziyyat və Mexanika İnstitutu 3 şəhid ailəsinə, Neft Kimya Prosesləri İnstitutu 10 qazi və şəhid ailəsinə ərzaq yardımı, Respublika Seysmoloji Xidmət Mərkəzində 2 şəhid və qazi ailələrinə, Radiasiya Problemləri İnstitutu  öz əməkdaşları olan  qazilərə maddi yardım edib. Fəlsəfə və Sosiologiya İnstitutu Qarabağ qazilərinin övladlarına məktəb ləvazimatları bağışlamışdır. Digər təşkilatlarda da şəhid ailələrinə və qazilərə maddi yardımlar olunub və Anım Günü keçirilib.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

ETİKETLƏR: