Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


“Adam dəhşətə gəlirdi:

yaralıların sızıltısından, uşaqların ağlamasından, balasını, doğmalarını axtaran insanların naləsindən...”

23.02.2022 12:06
46
A+
A-

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri SSRİ-nin 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal etdi və əhalisinə qarşı soyqırımı törətdi. Bu faciə Dağlıq Qarabağ münaqişəsi zamanı baş vermiş ən dəhşətli hadisələrdən biri, eyni zamanda dünya tarixində misli görünməmiş vəhşilikdir.

Artıq Xocalı soyqırımından 30 il keçir. Düzdür, kitablarda, jurnallarda, internet səhifələrində faciə ilə bağlı saysız-hesabsız məlumatlar tapa bilərik. Ancaq düşündüm ki, bir jurnalist, bir vətəndaş olaraq, həmin dəhşəti iliyinə kimi yaşayıb hiss edən Xocalı sakinlərinin dilindən eşidib yazmaq, onların keçirdiyi hissləri qələmə alıb oxucuların diqqətinə çatdırmaq daha təsiredici olar. Şahidlərin dilindən o faciəni dinlədikcə özümü sanki hansısa qorxunc bir filmə baxırmış kimi hiss edirdim. Sonra düşünəndə ki, mənim qorxunc bir filmə bənzətdiyim bu dəhşətin hər zərrəsini əslində onlar yaşayıb, o zaman insanın damarında qanı donur.

Müsahiblərim Xocalı sakinləri - o vəhşiliyin şahidləri olan Azərbaycanın Milli Qəhrəmanı, “Xocalının Mixaylosu” Tofiq Hüseynovun qızı Yasəmən Həsənova və Şahin Əzimovdur.

Yasəmən xanımın həmin vaxtlar 10-11 yaşı olsa da, ancaq hadisələri bu günkü kimi xatırlayır: “Əslində Xocalı soyqırımının qığılcımları baş verdiyi gecədən xeyli əvvəl hiss olunurdu. Atışma səsləri mütəmadi olaraq eşidilirdi. Ancaq ağlımıza belə gəlməzdi ki, bu atışmalar qanlı basqınla nəticələnər. O qədər ki, 3 ay əvvəl evlənən bir kənd sakini qətlə yetirildi. Bu qətl şəhər sakinlərini vahiməyə saldı. Biz artıq evlərimizdə qala bilmirdik. Qaş qaralanda bütün rayon camaatı zirzəmilərə düşürdü. Çünki vəhşi ermənilər gecələr işıq gələn yerləri atəşə tuturdular. Əhali çox əziyyət çəkirdi: yeməyə çörəyimiz yox idi, qaz, işıq üzünə həsrət idik. Rayonun kişiləri müdafiə postlarında olurdu. Ən yaxşı halda 5 nəfərdən ya ikisində, ya üçündə ov tüfəngi olurdu. Düşmən tam silahlandırılmışdı. Bizimkilər isə silahsız idi”.

Yasəmən xanım deyir ki, Xocalı sanki fincan, ermənilərin məskunlaşdığı kəndlər isə nəlbəki idi. Hara gedilsə də, orda erməni ilə rastlaşmamaq qeyri-mümkün idi: “Maşın yolu ilə 6-7 ay idi ki, əlaqə tamamilə kəsilmişdi. Bir Əsgəran yoluna ümid edirdik. Ancaq o yolla çıxmaq istəyən bir xala-balanın getdiyi maşının dəlik-deşik edilməsindən sonra artıq ümidimizi ordan da tamamilə üzdük. 21 nəfər sərnişin tutumu olan helikopterə isə 60 nəfəri güclə yerləşdirirdilər. O da bir-iki dəfədən sonra ümumiyyətlə gəlmədi. Qalırdı bircə meşəlik yolu. Soyuq fevral ayında qarlı meşəliklə getmək çox çətin idi. Demək olar ki, qocaların əksəriyyəti, ümumiyyətlə, rayonu tərk etmədilər. Gedə bilənlərin isə bəziləri o qarlı meşədən çıxa bilmədi, bəzilərinin də ayaqları sonradan donvurmadan kəsildi. Əsir düşənlər isə insanlığa sığmayan işgəncələrə məruz qaldılar.

Əsirlikdən qayıdanlar danışırdı ki, onlara quyu qazdırıb şəhidlərimizin hamısını o quyuya tullatdırıb, elə əsirlərimizin özlərinə də yandırtdırırdılar. Təsəvvür edin, insanın əzizi gözünün qabağında işgəncələrlə öldürülsün, sonra sən onu öz əllərinlə quyuya tullayıb yandırasan...”.

Müsahibim həmin gecədən sağ çıxmasını taleyin qisməti ilə əlaqələndirir. Söyləyir ki, zirzəmidə o qədər çox adam, o qədər qarışıqlıq olurdu ki, demək olar, heç kimin bir - birindən xəbəri olmurdu: “Həmin gecədən sonra biz anam Məxmər, nənələrim Minəş, Zeynəb, babam Mirziyad, əmim Bakir, bibim Qətibə, xalam Məhbubə və onun iki azyaşlı övladı Çinarə və Çingizdən xəbər ala bilmədik. Atam Tofiq Hüseynov batalyon komandiri idi. Fevralın 29-da ermənilər atamı mühasirəyə alıb əsir götürmək istəyib, ancaq o, meşənin dərinliyinə gedərək özünü qumbara ilə partladaraq şəhid etmişdi. Onun nəşi martın 19-da Bakıya gətirilərək Şəhidlər xiyabanında dəfn edildi. Mənə qaldıqda isə, biz xalamla meşə yolu ilə Ağcabədi rayonunun Hindarx kəndinə gəldik. Bir neçə gün orda qaldıqdan sonra əmim bizi, Şuşa türməsinə salınaraq əsir götürülən digər əmimin iki övladını Ağdama apardı və bizi böyüdüb boya-başa çatdırdı”.

Müharibənin ən dəhşətli anlarından biri də odur ki, insan özünün, ailəsinin, doğmalarının əsir düşməyindənsə, şəhid olmasını arzulayır. Necə ki, hadisədən 16 il sonra təsadüfən internet kanallarının birində rus jurnalisti Viktoriya İvlevanın Xocalı ilə bağlı hazırladığı reportajda anasının şəklini ekranda şəhid olanlar siyahısında gördüyünə sevinən Yasəmən xanım kimi. Buna səbəb isə əsirlikdən qayıdanların danışdıqları, onların başına gətirilən olmazın işgəncələrə anasının məruz qalmaması idi.

“Yasəmən xanım, 30 ildən sonra torpaqlarımız azad olundu. Düzdür, hələ Xocalıya gedə bilməsək də, o günlər də uzaqda deyil. Düşünəndə ki, doğma torpağınıza, yurdunuza 30 ildən sonra ayaq basacaqsınız, o zaman nə hisslər keçirirsiniz?” sualını cavablandıran müsahibimin səsinin titrəməsindən hansı hissləri keçirəcəyini təxmin etmək o qədər də çətin olmadı: “İnanın ki, mən bunun xəyalı ilə yaşayıram. İstəyirəm ki, yenidən doğulub boya-başa çatdığım evimizə girəm, evimizin yanındakı bulağa gedib ordan su gətirəm, atamın məzarını öz doğma torpağına köçürəm, anamın şəhid olduğu yerlərə gedib “ana, mən gəlmişəm, artıq burdayam”, deyəm. Bilirəm ki, onun ruhu hələ də ordadır, mənim gəlməyimi gözləyir...”.

Xocalı sakini Şahin Əzimov “Xocalı faciəsi zamanı mənim öz gözlərimlə gördüyümü Allah heç kimə göstərməsin”,-deyir. Təkcə bu cümləni eşitmək, onu dərk etmək kifayət edir ki, sən hadisənin nə dərəcədə dəhşətli olduğunun fərqinə varasan. Bəli, o dəhşətin hər anına o zaman 17 yaşı olan Şahin şahid olmuşdu. Şahin müəllim deyir ki, Kərkicahan, Cəmilli, Malıbəyli və Quşçular kəndləri ermənilər tərəfindən yandırılıb camaatı çıxarılandan sonra artıq hiss olunurdu ki, sıra Xocalıya da çatır: “Fevralın 25-də gecə təxminən saat 10-11-in yarısı Xocalı dörd bir yandan ermənilər tərəfindən mühasirəyə alındı və şiddətli atışma başladı. Əvvəllər də atışma səsləri gəlirdi, fikirləşdik ki, bu da yəqin onlardan biridir. Ancaq məshəti türkləri üçün tikilmiş fin evlərə od vurulub yandırılanda başa düşdük ki, artıq Xocalı və sakinləri təhlükədədir. Əlində silahı olan hər kəs vuruşurdu. Qadınlar, uşaqlar, qocalar evlərin və binaların zirzəmisinə doluşmuşdular. Şəhər, demək olar ki, od tutub yanırdı, insanlar vahimə içində idi. Saat 3-4 radələri olardı, dedilər sağ qalanlar meşəyə qaçsın. Mən, atam, anam, əmim və iki nəfər qonşumuz birlikdə meşəyə tərəf qaçdıq”.

Şahin müəllim təkcə özünün deyil, xeyli sayda insanın da həyatının xilas olmasına kömək edib: “Yaxınlıqda 2-3 mərtəbəli panel evlər var idi, camaat onun zirzəmisinə doluşmuşdu. Onların xəbəri yox idi ki, biz artıq şəhəri tərk edirik. Tez ora qaçıb dedim ki, burdan çıxın, meşəliyə tərəf gedək. Meşəyə çatdıqda bəlkə də iki min insanın ora toplaşdığını gördük. Dedilər ki, Ağdam istiqamətinə gedək. Təsəvvür edin, qışın soyuğunda, şaxtalı gecədə o qədər insan - uşaq, qadın, yaşlı, cavan, yaralı - hər kəs Qarqarçayı keçmək məcburiyyətində qaldı. Adam dəhşətə gəlirdi: yaralıların sızıltısından, uşaqların ağlamasından, balasını, doğmalarını axtaran insanların naləsindən...

Səhər yenicə açılırdı. Əkin yeridir, hər tərəf şum, bacımın yaşlı qayınanasını - Çiçək xalanı gətirirəm deyə dəstədən xeyli geridə qalmışam. Hiss etdim ki, BTR gəlir. Çiçək xalaya dedim, cəld ol, BTR bizi ayaqlayacaq. Yazıq qadın Xocalıdan ayaqyalın çıxıb, yorğundu deyə yeriyə bilmir. Birtəhər dəstəyə çatmağa çalışdıq. Bir az qabağa gəlmişdim ki, gördüm atışma başladı, əmim də döyüşürdü. Hələ başa düşmürəm ki, artıq ermənilər burda da bizi hər tərəfdən mühasirəyə alıblar. Baxdım ki, nə qoca, nə uşaq, nə qadın deməyib, hər kəsi öldürürlər. Qaçdım ki, ata-anamı axtarım. Güllələrdən qorunmaq üçün kolların dibində gizlənmək istədim. Hansı kola yaxınlaşırdım hər tərəf meyit, yaralı. Təsəvvür edin, gizlənməyə yer belə yox idi. Dəhşətə gəlmişdim, bilmirdim nə edim. Axır özümü birtəhər toplayıb cığırla qaçmağa başladım. Elə düz atamla anamın olduğu yerə çatdım. Bir övlad üçün ən dəhşətli səhnə idi o an: atam, anam yaralı, ikisinin də hər iki ayağı qırılıb, hərəkət edə bilmirlər, qıraqda əmimin 6 yaşlı nəvəsi Aynurun və qonşumuz Teybə xalanın cansız bədənləri var. Ağlamağa başladım. Anam dedi ki, “bala, dur qaç burdan”. Anama çox güllə dəymişdi. Atam dedi ki, get qardaşını tap gətir, ananı burdan çıxardaq. Hər tərəf cəsəd, 17 yaşlı uşaq bu cəsədlərin arası ilə qaçaraq ağlaya-ağlaya qardaşını axtarır, bir tərəfdən də başımın üstündən güllələr gedir. Kimə yaxınlaşıram ya dünyasını dəyişib, ya da ağır yaralıdı. Çalışıram sağ qalım ki, ata-anamı burdan çıxara bilim. Bir su kanalı var idi, içində su yox idi, istədim ora girim. Baxdım o qədər meyit, yaralı var ki, mümkün deyil gizlənmək. Təsəvvür edin, o qədər ağlayıram, göz yaşlarımdan qabağı seçə bilmirəm. Ağdama gedən yolun istiqamətini də itirmişəm. Soruşacaq bir kimsə də qalmayıb. Nəhayət, bir xeyli gözlədikdən sonra ermənilərin təpənin arxasına keçdiyini görüb mən və digər 4 nəfər (ikisi yaralı idi) birtəhər Ağdam yolunu tapıb ordan sağ-salamat çıxa bildik.

Onu da qeyd edim ki, bütün bu danışdıqlarım gördüklərimin hamısı deyil. Elə şeylərin şahidi olmuşam ki, onları dilə gətirib danışa bilmərəm...”.

Şahin bəy deyir, Ağdam azad olunanda çox sevinib. Çünki atası, anası və qohumları Ağdamda Şəhidlər xiyabanında dəfn olunmuşdu: “İşğaldan azad olunduqdan sonra Ağdama getdim, sevincimin həddi-hüdudu yox idi, düşünürdüm ki, gedib onların məzarını görəcəm. Ancaq qəddar düşmən o məzarları da qazıb dağıdıblar.

Biz artıq işğaldan azad etdiyimiz torpaqlarımıza qovuşduq. İnanıram ki, 30 il bundan öncə tərk etmək məcburiyyətində qaldığımız doğma Xocalımıza da ayaq basıb o torpaqlarda yenidən gəzəcəyimiz günlər çox yaxındır”.

Xocalı soyqırımı elə bir faciədir ki, bu faciədən neçə 30 illər ötsə də, yenə də heç zaman sağalmayan yaramız kimi qalacaq. Bizim borcumuz bir vətəndaş olaraq gələcək nəsillərə, əsasən də dünyaya bu soyqırımı tanıtmaq, ordakı insanların yaşadığı faciəni nümayiş etdirmək olmalıdır.

 

Aliyə SƏMƏDOVA