Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Ekologiyamızın taleyi etibarlı əllərdədir

“Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 16 yanvar 2019-cu il Fərmanına əsasən, nazirlikdə struktur yenilənir, daha təkmil, daha çevik fəaliyyət təmin olunur.

25.05.2022 12:24
15
A+
A-

Hər il olduğu kimi, bu il də Ekologiya və Təbii Sərvətlər Nazirliyi sistemində çalışan işçilər öz peşə bayramlarını yeni-yeni nailiyyətlərlə qarşıladılar. Onlar ətraf mühitin mühafizəsi, insanların sağlam təbii mühitdə yaşaması, eyni zamanda təbii sərvətlərdən xalqımızın rifahının yaxşılaşdırılması naminə istifadə edilməsi istiqamətində aparılan dövlət siyasətinin həyata keçirilməsi işinə layiqli töhfələr verdilər.

Ölkəmizdə uzun illər ərzində yaranmış ekoloji problemlər Respublika Prezidentinin tapşırığı ilə təhlil edilərək, onların kompleks həllinə yönəldilən və davamlı inkişaf prinsipinə əsaslanan milli və dövlət proqramları təsdiq edilmiş və icrasına başlanmışdı. Mövcud qoruq və yasaqlıqların ərazisi genişləndirilmiş, milli parklar yaradılmış, ətraf mühitin qorunmasının gücləndirilməsinə dair tədbirlər həyata keçirilməkdədir. Bu proqramların əsas məqsədi ətraf mühitin mühafizəsinə yönəldilmiş dövlət əhəmiyyətli investisiya layihələrinin sistemli və səmərəli şəkildə tətbiqini təmin etməkdir.

Ötən ildən respublikamızda aparılan uğurlu kadr siyasəti, iş sahələrindən daha səmərəli istifadə edilməsi, işin əmsalının yüksəldilməsi, təkmilləşdirilməsi sahəsində aparılan islahatlar ekoloqların da məsuliyyətini artırmış, ölkə Prezidentinin etimadının doğruldulması sahəsində mühüm addımlar atılmışdır.

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin rəhbərliyi altında “Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyətində xərclərin optimallaşdırılması və vəsaitlərin səmərəli idarəsinə yönəldilmiş işlərin icrasına dair tədbirlər planı”nın işlənməsi, həmçinin ayrı-ayrı departamentlərdə tabeli qurumların  rəhbər heyətinə kadrların düzgün seçilib yerləşdirilməsi nəticəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi sistemində islahatların sürətlə və keyfiyyətlə həyata keçirilməsinə nail olunmuşdur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 16 yanvar 2019-cu il Fərmanına əsasən, nazirlikdə struktur yenilənir, daha təkmil, daha çevik fəaliyyət təmin olunur.

Bütün bu proseslərin həyata keçirilməsində həmkarlar təşkilatının da üzərinə ciddi məsuliyyət düşür. İttifaq üzvlərimiz ölkə Prezidentinin fərmanından irəli gələn məsələlərin həyata keçirilməsində yaxından iştirak edirlər. Müəssisə və təşkilatların birləşdirilməsi və yaxud ləğv edilməsi prosesində həmkarlar ittifaqı işçilərin əmək hüquqlarının qorunmasında, onların yeni yaradılan strukturlarda işlə təmin olunmasında, ixtisasları üzrə yerləşdirilməsində öz işini Azərbaycan Respublikası qanunvericiliyinə uyğun qurub.

Həmkarlar ittifaqı təşkilatı olaraq, nazirlik rəhbərliyi ilə sıx əlaqə quraraq, kollektivdə əmək şəraitinin yaxşılaşdırılması mexanizmlərinin təkmilləşdirilməsinə, normal iş şəraitinin yaradılmasına, işçi və işəgötürən arasında yaranmış mübahisələrin həllində hüquqi yardımın təmin edilməsinə, əmək mübahisələrinin aradan qaldırılmasına, əməyin keyfiyyətinin yüksəldilməsinə səy göstəririk.

Bununla yanaşı, həmkarlar ittifaqı üzvlərimizin mədəni istirahətinin təşkili də diqqətdən kənarda qalmamışdır. Mədəni-kütləvi tədbirlərin keçirilməsi, Yeni il və Novruz bayramı şənliklərinin təşkili, digər respublika və beynəlxalq əhəmiyyətli bayramların yüksək səviyyədə qeyd olunması ümumi işimizin tərkib hissəsinə çevirilmişdir. İşçilərin sağlamlığının təmin olunması üçün sanatoriya-kurortlara yollayışlar verilir. Həmçinin işçilərin yay istirahətinin təşkili məqsədilə mütəmadi olaraq həftə sonları Quba və Xaçmaz rayonlarına qısamüddətli gəzintilər keçirilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi əməkdaşlarının böyük bir hissəsini qadın işçilər və gənclər təşkil edir. Bu təbəqə işçilərlə qadınlar və gənclər şuraları səmərəli iş aparır.

Bilik və təcrübələrinin artırılması məqsədilə hər il 20 nəfər gənc işçinin Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında tədris kurslarında iştirakı təmin edilmişdir. Ekologiya sahəsində uzunmüddətli səmərəli fəaliyyət göstərən işçilərə qayğı ilə yanaşılmışdır. Yubiley yaşlarında onlara Respublika Komitəsinin Fəxri Fərmanı və qiymətli hədiyyələr verilmişdir.

Həmkarlar ittifaqı olaraq yalnız öz üzvlərimizə deyil, həmçinin müharibə veteranları və əlil vətəndaşlara da tərəfimizdən maddi və mənəvi dəstək göstərilmişdir.

Xüsusi qeyd etmək istərdim ki, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev təşkilatımızın qəbul etdiyi qərar və təşəbbüslərə önəm verir. İşçilərin əmək hüquqlarının müdafiəsində, sosial problemlərin həllində nazirliklə imzalanmış kollektiv saziş, həmçinin idarə və müəssisə rəhbərləri ilə bağlanmış kollektiv müqavilələrin bəndlərinə ciddi əməl edilir. Belə bir iş ortamında çalışmaq, qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsinə nail olmaq, vəzifə və mövqeyindən asılı olmayaraq, hər bir işçidə yüksək əhval-ruhiyyə yaradır. İnamla deyə bilərəm ki, təbiətimizin mühafizəsi etibarlı əllərdədir.

 

Telman QULİYEV,

Təbii Sərvətlər və Ekologiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri

ETİKETLƏR: