Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


“Bir tərəfdən insan kapitalını dünyada inkişaf etdirmək üçün mübarizə aparılır,

digər tərəfdən insanların sosial müdafiə dəyərlərinə əhəmiyyət verilmir”

27.03.2024 11:04
453
A+
A-

Müxbirimiz bu günlərdə Azərbaycan “Xidmət-İş” Həmkarlar İttifaqları Federasiyasının təşkilatçılığı ilə Bakıda keçirilən tədbirdə iştirak edib, “StreetNet International” beynəlxalq həmkarlar ittifaqının vitse-prezidenti Alberto Santana ilə görüşüb ondan müsahibə götürüb. Müsahibəni oxucularımıza təqdim edirik.

- Bu tədbir ilk konqres və son seçkilərdən sonra keçirdiyimiz ilk beynəlxalq toplantıdır. İlk növbədə ev sahibi azərbaycanlı həmkarlarıma tədbiri yüksək səviyyədə təşkil etdiklərinə görə təşəkkürümü bildirirəm. “Ülfət”in oxucuları üçün maraqlı olar deyə diqqətinizə çatdırıram ki,  Beynəlxalq Şura “StreetNet İnternational” təşkilatının beynəlxalq idarəçiliyinin ikinci ən mühüm orqanıdır. Şura ildə bir dəfə toplanır və mühüm layihələr, qərarlar qəbul edilir.

-Cənab Alberto Santana, beynəlxalq təşkilatın əsas prinsipləri nələrdir və bu prinsiplər tətbiq olunarkən təşkilata üzv olan ölkələrin iqtisadi vəziyyəti, qayda-qanunları nəzərə alınırmı?

-Ümumiyyətlə, prinsiplər universaldır və bütün ölkələrə eyni şəkildə tətbiq olunur. Bu prinsiplərin üzərində işçi, fəaliyyət planları  və digər proqramlar hazırlanır. Bu proqramlar isə təşkilata üzv olan ölkələrin hər biri üçün ayrıca tənzimlənir. Məsələn, işçilərin hüquqlarının qorunması bizim bütövlükdə məqsədimizdir. Konkret olaraq hansı ölkədə bununla bağlı tədbirlər necə tətbiq olunacaq, bu, artıq ölkədən-ölkəyə dəyişir. Çünki müəyyən ölkələrdə küçə ticarətçilərinin qeyri-formal məşğulluqdan leqal fəaliyyətə keçməsi artıq baş verib, proses az da olsa irəliləyir, lakin elə ölkələr də var ki, onlarda bu sahədə heç bir nailiyyət, hətta az da olsa fəaliyyət belə yoxdur. Bu ikinci qrup ölkələr üçün bizim “StreetNet İnternational” təşkilatı tərəfindən müəyyən planlar və siyasət hazırlanır. Bütün təkliflərin, proqramların  əsasında isə həmin işçilərin sosial müdafiəsi məsələsi durur. Faktiki olaraq biz burada onların sosial müdafiəsini təmin etməklə, qeyri-formaldan formal iqtisadiyyata keçidi düzgün şəkildə tənzimləməyə çalışırıq.

- “StreetNet International” təşkilatının bütün bu tədbirlərlə yanaşı, Beynəlxalq Əmək Təşkilatına dəstək verdiyini vurğuladınız. Bu dəstək necə tətbiq olunur?

- “StreetNet International” təşkilatı BƏT-lə əməkdaşlıq edir və formal iqtisadiyyata keçidlə bağlı dəstək niyyəti ilə araşdırmalar, tədqiqatlar aparır, statistik məlumatlar toplayır, həmkarlar ittifaqı  təşkilatları ilə birgə çalışaraq məlumatları onlara təqdim edir. BƏT həmin məlumatlardan istifadə edir. Demək olar ki, son 10 il ərzində Beynəlxalq Əmək Təşkilatında (BƏT), özəl sektoru cəmləşdirən  əmək məsələləri ilə bağlı olan konfranslarda, həm hökumətlər, həm də təşkilatlar arasında qeyri-formal iqtisadiyyatın minumuma endirilməsi, küçə və bazar satıcılarının fəaliyyətinin qanuniləşdirilməsi, onlar üçün səmərəli iş şəraitinin yaradılması, əmək və sosial hüquqlarının müdafiəsi ilə bağlı təkliflər tez-tez müzakirə olunur. Səmimi desək, onların əlində hər hansı  işlək mexanizm yoxdur. Yəni formal iqtisadiyyata keçidlə bağlı konkret olaraq bir plan hazırlanmayıb. BƏT öz növbəsində qeyri-formal iqtisadiyyatda çalışan işçilərin dünya üzrə artmasından narahatlığını bildirir və təşkilatın məlumatına əsasən, qeyri-formal iqtisadiyyat ölkələr üzrə 62 faiz təşkil edir. Bu, çox böyük rəqəmdir. Belə ki, burada da bir haçalıq yaranır. Bir tərəfdən insan kapitalını dünyada inkişaf etdirmək üçün mübarizə aparılır, digər tərəfdən insanların sosial müdafiə dəyərlərinə əhəmiyyət verilmir.

Qeyd edək ki, küçə, qeyri-formal bazar, qanunsuz transsərhəd ticarətçiləri və alverçilərinin qlobal beynəlxalq ittifaqı olan “StreetNet International” 2002-ci ildə Cənubi Afrika Respublikasının Durban şəhərində təsis edilib. Təşkilat müxtəlif ölkələrdə küçə və bazar ticarətçilərini təmsil edən və onların əmək hüquqlarını qoruyan həmkarlar ittifaqlarını, birlikləri, formal və qeyri-formal kollektivləri özündə birləşdirir. Qurumda həmçinin Beynəlxalq Şura və onun tərkibində İcraiyyə Komitəsi də fəaliyyət göstərir. Azərbaycan “Xidmət-İş” Həmkarlar İttifaqları Federasiyası “StreetNet International”ın üzvüdür.

- Cənab Alberto Santana müsahibə üçün təşəkkür edirəm.

- Əslində mən ilk növbədə Azərbaycan ev sahibliyi etdiyi üçün, daha sonra “StreetNet İnternational” təşkilatının küçə ticarətçilərinin hüquqlarının qorunması üçün  gördüyü işləri qəzetinizdə işıqlandırdığınız üçün minnətdaram.

Əsli TELMANQIZI

ETİKETLƏR: