Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Problemin həlli yolu...

aqreqatorlar işçiləri ilə əmək müqaviləsi bağlamağa məcbur edilməlidir

27.07.2022 11:21
139
A+
A-

Artıq neçə ildir ki, respublikada  ictimai nəqliyyat sistemində taksi xidməti mühüm rol oynayır. Belə ki, şəhər və rayonlarımızda 60- dan çox taksi xidməti ilə məşğul olan şirkət fəaliyyət göstərir. Onların ənənəvi fərdi taksilərdən fərqi  əsasən qiymətlərin daha aşağı və stabil olmasındadır. Bu baxımdan, demək olar ki, hazırda əhalinin çox hissəsi şirkət sürücülərinin xidmətindən istifadə edir.

Bəs, ümumiyyətlə, şirkətlərdə taksi xidmətlərinə sürücülər necə, hansı tələblərlə qəbul edilir? Sosial platformalarda  tez-tez “ofisə gəlmədən tək şəxsiyyət vəsiqəsi ilə taksiçi ol” tipli  reklamlarla rastlaşırıq. Heç bir  tibbi və psixoloji yoxlamadan keçirilməyən sürücülərə həyatımızı nə dərəcədə etibar edə bilərik? Şirkət bu taksilərin insanların rahat şəkildə istədikləri ünvana çatdırılmasında öhdəlik daşıyırmı? Yazımızda taksi sürücülərinin əmək müqavilələri, sosial sığortaları və ictimai narahatlığa səbəb olan  digər məsələlər barədə suallara cavab tapmağa çalışdıq.

Ölkədə fəaliyyət göstərən şirkətlərin birində çalışan taksi sürücüsü təəssüflə bildirdi ki, sürücülərlə əmək müqaviləsi bağlanılmır. Onlar işə qəbul zamanı tibbi və ya psixoloji yoxlamadan keçirilmir. Gündəlik qazancının 20 faizini şirkətə ödəyir və iş saatlarında hər hansı qəza baş verərsə, maşına dəyən zərərə görə şirkət tərəfindən ödəniş edilmir. İstər maşına, istərsə də sağlamlığa dəyən zərər avtomobil sahiblərinin icbari sığortası ilə ödənilir.

Yol-nəqliyyat eksperti Ərşad Hüseynov taksi avtomobillərinin xüsusi yoxlanışdan keçirilməsi ilə bağlı müvafiq dövlət qanunlarının olduğunu bildirdi. Dedi ki, “Avtomobil nəqliyyatı haqqında” qanuna və Nazirlər Kabinetinin 71 saylı qərarına əsasən, hər bir taksi avtomobili reysdən qabaq texniki baxışdan, onun sürücüsü də tibbi yoxlamadan keçməlidir. Bunların məsuliyyəti daşıyıcıların üzərinə qoyulub. Daşıyıcılar da iki yerə bölünür, fərdi taksilər və şirkətlər. Çox təəssüf ki, qanunvericiliyin həmin müddəası real icra olunmur. Səbəbi bu sahənin nəzarətsiz qalmasıdır. Qanuna əsasən, taksi şirkətləri xidmətə götürdükləri sürücünü də, avtomobili də tam yoxlanışdan keçirməlidir. İctimai nəqliyyatın bir növü kimi həm sərnişinlərin təhlükəsizliyi, həm qəzalardan nisbətən sığortalanmaq, həm də kompensasiya ödəməkdən qurtulmaq üçün bunlar vacibdir. Mülki məsuliyyətin icbari sığortası sürücülərin mütləq əksəriyyətində var. Qəza baş verdikdə təqsirlinin kim olduğu müəyyən edilir və ödənişin kimin verəcəyi bilinir. Amma, çox təəssüf ki, fərdi qəza sığortası barədə vəziyyət yaxşı deyil. Taksi sürücüləri və şirkətlərin əksəriyyəti bu növ sığortanı etmirlər, buna dırnaqarası baxırlar.

Eyni zamanda Vergi Məcəlləsinə əsasən, ölkə ərazisində fərdi nəqliyyat vasitəsilə taksi fəaliyyəti göstərən şəxslər sadələşdirilmiş vergi ödəyiciləridir.

Həmin şəxslər fəaliyyət göstərdikləri hər ay üçün müvafiq qaydada fərqlənmə nişanı almalı, əldə etdikləri gəlirin məbləğindən asılı olmayaraq dövlət büdcəsinə sabit məbləğdə aylıq ödəniş etməlidirlər.

“İcbari tibbi sığorta haqqında” qanunun 15-10.1.3-cü maddəsinə əsasən, fərqlənmə nişanı əldə edərək fəaliyyət göstərən vergi ödəyiciləri hər ay üçün minimum əməkhaqqı məbləğinin 4 faizi miqdarında icbari tibbi sığorta haqqı ödəyirlər.

Qeyd olunub ki, “Fərqlənmə nişanı” olmadan avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və ya yük daşınmasına görə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Vətəndaşların Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov mövzu ilə bağlı bildirdi ki, Avropa İttifaqı ölkələrində də bu aqreqator funksiyalarını yerinə yetirən transmilli şirkətlər eyni problemlərlə fəaliyyət göstərirdilər. Avropa İttifaqı onları məcbur etdi ki, işçilərlə əmək müqaviləsi bağlasın və buna nail oldular.  Ölkəmizdə isə onlar, sadəcə, kənarda oturub gəlir götürürlər, vergidən yayınırlar, Azərbaycanın qanunvericiliyini pozurlar. Şəxs öz, yaxud da başqasından icarəyə götürdüyü avtomobili ilə gecə-gündüz yollarda qalır. Çalışır ki, qazandığı məbləğdən  həm şirkətə, həm icarə götürdüyü maşının sahibinə versin, həm də özünə bir şey qalsın. Və nəticədə bir neçə növ təhlükə yaranır.  Birinci, təhlükəni  özləri üçün yaradırlar, heç bir sığortaları  olmadan hərəkət edirlər. İkinci, yol hərəkətinin digər iştirakçılarını təhlükə altında qoyurlar. Üçüncü təhlükə isə, müştərilər üçündür. Bu təhlükə qlobal nəticələr verə bilər.  Çünki tibbi yoxlamadan keçmirlər. Psixoloji, narkoloji və digər tibbi müayinələri, məsələn, infeksional xəstəlikləri var, ya yoxdu bilinmir.

Məsələnin yeganə həlli yolu odur ki, aqreqatorlar işçiləri ilə əmək müqaviləsi bağlamağa məcbur edilməlidir. O cümlədən işçiləri tibbi yoxlamadan keçməli,  iş rejimi müəyyən edilməlidir. Yəni gün ərzində  taksidə nə qədər hərəkət etmək olar və s. Düzdür, qanun var ki, taksiçi vergi ödəyicisi kimi uçotda durubsa, sosial sığortaya  ödəniş edirsə, gələcəkdə pensiya təminatı yaranar. Amma bu, çox cuzi miqdardır, istənilən yığımı toplamaq mümkün olmur. Əmək pensiyasına çıxmaq üçün  ən azı 25 il sığorta stajı lazımdır. Bir sözlə, onlar nə sığorta stajını, nə də 34600 manat məbləği toplaya bilmirlər. Bu istiqamətdə konvensiyalar hazırlanır, qəbul olunur, amma nəticə eynilə qalır.

 

Əsli TELMANQIZI

ETİKETLƏR: