Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Hərbçi kursantlar “Mübariz” uğrunda yarışdılar

Komandalar açıq havada sıraya düzülərək həyəcanla yarışların başlanmasını gözləyirdi.

09.06.2021 08:32
20
A+
A-

Cəmşid Naxçıvanski adına Hərbi Liseydə keçirilən hərbi idman yarışlarının əsas məqsədi gənc kursantlarda vətənpərvərlik ruhunu yüksəltmək, onlarda cəldlik, dözümlülük kimi keyfiyyətləri inkişaf etdirmək və qalib komandaya təqdim ediləcək Mübariz İbrahimov adına kubokun əhəmiyyətinin aşılanmasıdır. 
Liseydə bu il keçirilən yarış xüsusi önəm daşıyırdı. Komandalar açıq havada sıraya düzülərək həyəcanla yarışların başlanmasını gözləyirdi. Əvvəlcə liseyin fiziki hazırlıq fənn bölməsinin rəisi Rəşad Kazımov çıxış edərək gənclərə göstərilən qayğıya görə, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına (AHİK) və onun sədri, millət vəkili Səttar Möhbalıyevə təşəkkürünü bildirdi. Qeyd etdi ki, bu gün müstəqil Azərbaycanın peşəkar hərbçi kadrlardan ibarət yüksək döyüş qabiliyyətinə, güclü maddi-texniki bazaya, müasir texnika və silahlara malik ordusu var. 
Bu yazının müəllifi AHİK-in sədri, millət vəkili Səttar Möhbalıyevin adından bütün şəxsi heyəti salamlayaraq, onları 44 günlük müharibədə əldə edilən Qələbə münasibətilə bir daha təbrik etdi. Bildirdi ki, Vətən, torpaq uğrunda şəhid olan oğullarımızın xatirəsi həmişə xalqımız tərəfindən hörmətlə anılır. Sevinirik ki, bu gün Milli Ordumuzun sıralarında sizin kimi mərd, vətənpərvər, cəsur gənclərimiz var. 
Sonra yarışlara start verilib. İki gün davam edən yarışların nəticəsinə görə, qaliblər müəyyən edilib. 
Estafet qaçışı (4x400) üzrə yarışlarda 6-cı bölüyün komandası birinci yerə çıxıb. Komandanın üzvləri 261-ci taqımın kursantı Ərkan Məmmədov, 262-ci taqımın kursantları Tural Rzayev və Gündüz İsmayılov, 263-cü taqımın kursantı Nihat Verdiyev mükafata layiq görüldülər. 
Qumbaraatma üzrə yarışlarda 114-cü taqımın kursantı Anar Əhmədov birinci, 122-ci taqımın kursantı İlyas Mehdiyev isə ikinci yeri tutdular. 
Turnikdə dartınma üzrə keçirilən yarışda 265-ci və 114-cü taqımın kursantları Əkbər İmanov və Səid Kərimov birinci və ikinci yerləri bölüşdülər. 
Kəndirdartma üzrə komandalar arasında keçirilən yarışlar 5-ci bölüyün qələbəsi ilə başa çatdı. 
Yarışların ümumi nəticəsinə görə, 6-cı bölüyün kursantları qalib adını qazanaraq Mübariz İbrahimov adına kubokun sahibi oldular.
Gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunmasında və asudə vaxtlarının səmərəli təşkilində xüsusi fəaliyyətini nəzərə alaraq Hərbi Liseyin rəisi, general-mayor Bəkir Orucov, lisey rəisinin tədris üzrə müavini, şöbə rəisi, polkovnik Saday Balayev və İdeoloji iş, mənəvi-psixoloji təminat üzrə müavini, şöbə rəisi, polkovnik Müslüm Nəsirov, yarışların keçirilməsində ən yaxşı hakim-fiziki hazırlıq müəllimi Camal Babayev AHİK-in Fəxri diplomları ilə təltif olundular.
AHİK-in diplomu və qiymətli hədiyyələri 2020-2021-ci tədris ilinin yekunlarına həsr olunmuş təntənəli toplantıda qaliblərə təqdim ediləcəkdir.

Xoşqədəm BAĞIROVA,
AHİK-in mütəxəssisi

ETİKETLƏR: