Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


İlk növbədə məsələnin kökündə duran problemlər həllini tapmalıdır

“Qanun şahdır, hökmən ona riayət olunmalıdır. Lakin bu qanunun icra mexanizminin tətbiqi üçün ilk növbədə məsələnin kökündə duran problemlər aşkarlanmalıdır”.

25.01.2023 13:14
18
A+
A-

Ölkədə vətəndaşların  qeydiyyatının dəqiqliyini təmin etmək, bu sahədəki pərakəndəliyi aradan qaldırmaq məqsədilə qanunauyğun tədbirlərin görüləcəyi barədə ötən sayımızda məlumat vermişdik. Hərbi səfərbərlik, sosial müavinət, icbari sığorta, evlənmə-boşanma və digər məsələlərlə əlaqədar aidiyyəti dövlət qurumlarından daxil olan müraciətlərə baxılarkən həmin şəxsləri öz ünvanında tapmaq üçün hər bir vətəndaş yaşadığı yeri 60 gün müddətinə tərk edəcəksə, qaldığı ünvan barədə 7 gün ərzində  mütləq aidiyyəti orqana məlumat verməlidir. Qaydalara əməl etmədiyi zaman vətəndaşa xəbərdarlıq  və ya 30 manat məbləğində cərimə tətbiq olunacaq.

 Təbii olaraq, bu, yaşadığı ünvanda qeydiyyata düşə bilməyən vətəndaşların narahatlığına gətirib çıxarır.

“Qanun şahdır, hökmən ona riayət olunmalıdır. Lakin bu qanunun icra mexanizminin tətbiqi üçün ilk növbədə məsələnin kökündə duran problemlər aşkarlanmalıdır”.

Bunu Daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev dedi. Bildirdi ki, sual yaranır, niyə axı şəxs öz evi ola-ola, qohum, tanış evlərində və ya  polis orqanlarında qeydiyyata düşməlidir?

Səbəblərdən biri kimi Bakı və Abşeronda inşa olunan 2000-dən artıq çoxmərtəbəli binanın əksər hissəsini və şəhərətrafında tikilmiş yarım milyondan artıq sənədsiz həyət evlərini  göstərmək olar. Hər birinin öz dərdi var deyən ekspert qeyd etdi ki, çoxmərtəbəli binaların tikintisini aparan şəxs mənzilləri sakinlərinə təhvil verərkən  çıxarış verməkdə  maraqlı olmur. Çünki bina təhvil verildikdən sonra  hər bir mənzilin alqı-satqısı zamanı kifayət qədər, 1500-3000 man. arası  vəsait qazanır. Sözsüz ki, sahibkar bu qazancı itirmək istəmir. İlk növbədə bu məsələ həllini tapmalıdır. İkinci isə sənədsiz həyət evləridir.

E.Fərzəliyev bildirdi ki, İqtisadiyyat Nazirliyi tərəfindən ölkə üzrə inventarlaşdırılma prosesinə başlanılsa da, təəssüflər ki, bu proses 2019-cu ilə qədər davam edib. Pandemiya səbəbindən də müəyyən ləngimələr olub. Ümid edirəm ki, proses davam etdiriləcək. Plana, təhlükəsizliyə riayət olunmadan, yaşayış üçün deyil, kənd təsərüffatı təyinatlı torpaqlarda tikilən sənədsiz evlərə bir çarə tapılmalıdır.  Hesab edirəm ki, bu yöndə çıxarışın verilməsi yubadılsa da, yaşayış məntəqələrinə və ya sənədsiz mənzillərə ünvan verilməlidir ki, vətəndaş o ünvana qeydiyyata düşə bilsin. Başqa bir məsələ isə kirayə mənzillərdə qalan əhalinin qeydiyyatıdır. Paytaxta hər il bölgələrdən gələn minlərlə tələbə var ki, təbii ki, ilk olaraq onların da qeydiyyat prosesi asanlaşdırılmalıdır. Məsələn, yataqxanaların sayı  kifayət qədər olsaydı, tələbə orada yaşayıb qeydiyyata düşə bilərdi. Təəssüf ki, onların sayı yetərli olmadığından tələbələr də kirayə evlərdə qalmağa məcbur olurlar.

Düşünürəm  ki, qanunun tətbiqi çıxarışı olmayan mənzillərin sənədləşməsi məsələsinə diqqət çəkəcək. Hər bir vətəndaşdan öz yaşayış ünvanında qeydiyyata düşmək tələb olunursa, onların bu sahədəki problemlərinin həllinə də çalışılmalıdır. Nə səbəbə yeni binalar tikilib hazır olduqdan sonra aidiyyəti bütün orqanlardan sənədlər toplanılıb sənədləşmə prosesi yekunlaşmır?! Əgər bu tikintiyə dövlət orqanı razılıq veribsə, nəyə görə qeydiyyata alınmır, çıxarış verilmir. Çıxarış verilmirsə, ünvan verilməlidir. Həmçinin fərdi yaşayış evləri, bütün kommunikasiya xətləri olduğu halda, birmənalı olaraq sənəd verilməsində problem yaranmamalıdır.

 

Əsli ƏHMƏDOVA

ETİKETLƏR: