Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Pensiya islahatı əleyhinə etirazlar

.

25.01.2023 15:03
9
A+
A-

Fransızlar hökumətin tətbiq etmək istədiyi pensiya islahatı əleyhinə ilk dəfə olaraq səfərbərliyə və tətilə başlayıblar.

Fransa Ümum Əmək Konfederasiyasının (CGT) çağırışına qoşularaq yüz minlərlə insan nümayişə çıxıb. İctimai nəqliyyatın bütün sahələrində, eləcə də iqtisadiyyatın müxtəlif sektorlarında baş verən tətillər ölkədə həyatı iflic vəziyyətinə salıb.

Qeyd edək ki, Fransa üzrə ümumilikdə 221 etiraz nümayişi planlaşdırılıb. Nümayişçilər pensiya islahatlarına səs verəcək deputatların səlahiyyətlərinə xitam verilməsi məsələsini də gündəmə gətiriblər.

Yanvarın 19-da pensiya islahatına qarşı ilk etirazlar zamanı polislə nümayişçilər arasında qarşıdurma yaranıb. Nəticədə Fransa polisi zorakılığa əl atıb, nümayişçilərə qarşı gözyaşardıcı qazdan və digər vasitələrdən istifadə edib.

Etiraz nümayişlərinə Fransa televiziya və radio işçiləri, hətta Xarici İşlər Nazirliyinin və dövlət idarələrinin nümayəndələri də qatılıb. Fransa Daxili İşlər Nazirliyinin məlumatına görə, etiraz nümayişlərində 1,1 milyon, həmkarlar ittifaqlarının hesablamalarına görə isə 2 milyon insan iştirak edib.

Müxtəlif sektorlar üzrə həmkarlar ittifaqlarının rəhbərləri çıxış edərək əhalinin 80 faizinin qəbul etmədiyi bir qanunun hökumət tərəfindən qəbul edilməsini demokratiyaya zidd kimi qiymətləndiriblər.

Nümayişçilər pensiya islahatına qarşı tətil, etiraz yürüş və nümayişlərini davam etdirəcəklərini bildiriblər.

CGT pensiya yaşının tam nisbətdə 60 yaş götürülməsi və pensiya sistemini yaxşılaşdırmaq üçün təkliflərini də təqdim edib. Qeyd olunur ki, həqiqi məşğulluq siyasəti, 32 saatlıq iş həftəsinə keçid, əməkhaqqının artırılması, işçilərin 60 yaşa qədər işdə saxlanılması, qadın və kişilər arasında bərabərsizliyin ləğvi sosial tərəqqinin yüksəlməsinə səbəb olacaq milyardlarla avro gəlir gətirəcək.

Buna görə də CGT sahə, ərazi təşkilatlarını və həmkarlar ittifaqlarını işçilər, özəl məşğulluq sektorunda çalışanlar, gənclər və təqaüdçülərlə təkliflərini müzakirə etmək üçün şirkətlərdə, xidmət sahələrində və yaşayış yerlərində səfərbərliyi genişləndirməyə davam etməyə çağırır.

Fransa həmkarlar ittifaqları artıq növbəti ümummilli etiraz nümayişini yanvarın 31-nə təyin edib.

ETİKETLƏR: