Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Hazırda qadınlar həyatda seçilmək, görünmək, eşidilmək uğrunda mübarizə aparırlar

Əbədi axtarış: məqsədim nədir?

25.01.2023 15:08
74
A+
A-

Xoşbəxtlik üçün hər bir insan resurs vəziyyətində olmalı və etdiyi işi sevməlidir.

“Şəxsi inkişaf”. Xüsusilə gənclər arasında məşhur olan bu ifadə son dövrlərdə daha da populyarlaşıb.

Getdikcə daha çox qadın sabit iş saatlarından uzaqlaşır və özəl iş qurmağı seçir. Onların əksəriyyəti üçün işləmək təkcə pul qazanmaq yolu deyil, hər şeydən əvvəl peşədir, böyük arzularını, missiyasını həyata keçirmək yoludur.

Əbədi axtarış: məqsədim nədir?

Meyil, istedad və qabiliyyətli olacağımız iş praktikada edə biləcəyimiz, bizə həzz və məmnunluq hissi gətirəcək, cəmiyyət tərəfindən də qəbul ediləcək və təqdir ediləcəkdir. Onu tapmaq, cəmiyyətə hansı şəkildə ən məhsuldar və məmnuniyyətlə fayda verə biləcəyimizi anlamaqdır.

İnsan ehtiyaclarının iyerarxiyasını humanist psixologiyanın qurucusu olan amerikalı psixoloq Abraham Maslov piramida şəklində təsvir edib.

Maslova görə, ilk və ən əsas ehtiyaclar ən böyük sahəni əhatə edən fizioloji ehtiyaclardır. Bura doğulduğumuz anda ehtiyac duyduğumuz şeylər:  yuxu, tənəffüs, qidalanma  daxildir.

Fizioloji və digər fiziki ehtiyacları ödədikdən sonra ikinci səviyyədə təhlükəsizliyə ehtiyac duyuruq.

Nəhayət, hər bir insana həyatda zövq verən və xoşbəxt hiss etdirən ən vacib ehtiyacı isə piramidanın üst səviyyəsi - həyatda özünü gerçəkləşdirmə ehtiyacıdır.

Yenə Maslova görə, tarixdə müvəffəqiyyət qazanmış bütün insanlar bunu əsas ehtiyac olaraq görmüşlər.

Özünüzü

gerçəkləşdirmək nədir?

Bunu, sadəcə, aşağıdakı kimi tərif edə bilərik:

“Öz potensial və bacarıqlarını tam həyata keçirmək, onları ən yüksək səviyyədə inkişaf etdirmək, həyatı tam yaşamaq, həyatdan zövq almaq”.

Ancaq buradakı fikir səhv anlaşılmasın. Bu özünü gerçəkləşdirmə ehtiyacı hər insan üçün fərqlidir.

Birisi üçün bu, başqalarına

 kömək etmək ola bilər.

Digərləri üçün isə, musiqi və rəsm kimi yaradıcılıq sahələrində uğurlu olmaq.

Beləliklə, bunu aşağıdakı kimi ümumiləşdirə bilərik. Özünü gerçəkləşdirən insan, həqiqətən inandığı, özünü inkişaf etdirmək istədiyi şeyləri digər təsirlərdən asılı olmayaraq edə bilən, bütün təməl ehtiyaclarını yerinə yetirən və indi özünü gerçəkləşdirmə ehtiyacını qarşılamağa başlayan və buna da həqiqətən müvəffəq olan insandır.

Bir çox inkişaf etmiş ölkələrdə gənclər peşə seçimindən öncə həyatda öz məqsədlərini, istəklərini təyin edib, daha sonra həyatda nə işlə məşğul olmağa, hansı istiqamətdə özünü inkişaf etdirməyə qərar verirlər. Bizim ölkədə vəziyyət bir qədər fərqlidir. Yeniyetmələrin əksəriyyəti məktəbi bitirən kimi hər hansısa ali təhsil müəssisəsinə qəbul olunmağa çalışır və ya valideynin göstərişi ilə ixtisas seçimi edir. Halbuki o, ixtisası ürəyinin hökmü ilə seçməlidir.

Bu hal gələcəkdə digər problemlərə gətirib çıxarır. İnsanlar seçdiyi ixtisasla məşğul ola bilmir və ya istəmir.

Son zamanlar cəmiyyətdə qadınlar arasında belə bir hal ilə rastlaşılır. Qadınlar təhsil alıb, ailə qurub, dünyaya uşaq gətirib boya-başa çatdırandan sonra özlərini sanki bir boşluqda hiss edirlər. Analıq məzuniyyətindən sonra nə etmək, nə işlə məşğul olmaq istədiklərini bilmirlər, çünki uzun müddət əvvəl seçdikləri istiqamətdə özlərini görmür, işə qayıtmaq istəmirlər.

Məşhur rusiyalı neyropsixoloq Valentina Payevskaya məsələ ilə bağlı sosial mediada öz fikirlərini paylaşıb: 

“Enerjinizi sonsuz axtarışlara sərf etmək əvəzinə, peşə oriyentasiyası üzrə mütəxəssisə baş çəkməyi məsləhət görürəm. Daha sonra tövsiyə olunan peşələr siyahısına uyğun olaraq, özünüzü müxtəlif kurs və master-klasslarda sınayıb, seçim edin”.

Hazırda peşə oriyentasiyası üzrə mütəxəssislər  dünyanın bir çox inkişaf etmiş ölkəsində tələb olunan ixtisaslardandır. İnsanın qabiliyyətini və istedadını üzə çıxarmağa, güclü və zəif tərəflərini müəyyən etməyə kömək edirlər. Bunun üçün testlər, araşdırmalar, məsləhətlər, sorğular aparır və cavablara əsasən bir insanın psixoloji portretini yaradırlar.

Kouç-təlimçi Həmidə Yaqubova məsələnin aktual olduğunu qeyd etdi. Bir çox xanımların yaşadığı problemlərdən biri olduğunu bildirdi.

Dedi ki, “hazırda qadınlar həyatda seçilmək, görünmək, eşidilmək uğrunda mübarizə aparırlar. Azərbaycan qadını çox fədakar qadındır. Özünü ailəsinə, sevdiklərinə sorğusuz-sualsız fəda edir. Ailənin gündəlik həyatına başı o qədər qarışır ki, özünə zaman ayırmağı belə unudur. Fərqində olmadan illər keçir, övladlar böyüyüb boya-başa çatdıqda artıq o, daxilindəki boşluğu hiss edir. Çünki daha əvvəlki kimi başı gündəlik işlərə qarışmır. Burda vacib məqam fərqindəlikdir. Fərqindəlik yarandıqda insan özünə sual verməyə başlayır. Mən kiməm? Halbuki sonradan doğan bu suallar müstəqil həyatın başlanğıcında verilməli idi.

Belə xanımın ilk verəcəyi  cavab: MƏN ANAYAM olacaq... Çünki illər boyunca öz timsalında məhz bu obrazı yaradıb.

Amma daxilinizdəki istəklərinizi, tələbatlarınızı, xarakterinizi, həyat tərzinizi analiz edib daha geniş cavablar almaq lazımdır.

Bu, daxili potensialı üzə çıxaran, fərqindəliyi artıran kiçik tapşırıqlardan biridir.

Digər bir məsləhətim isə xanımların özlərinə mütləq hobbi tapmalarıdır. Uzun zaman məşğul olmaq istədikləri, lakin zaman ayıra bilmədikləri nə kimi məşğuliyyətlər ola bilər?

Hobbilərinə zaman ayırmaq onları psixoloji olaraq rahatladacaq, eyni zamanda da bacarıqlarını, kreativliyi artıracaq. Kim bilir, bəlkə bu hobbi gələcəkdə böyük biznesə də çevrilə bilər. Təcrübəyə əsaslanaraq qeyd edirəm ki, ən uğurlu iş adamları hobbilərini öz bizneslərinə çevirmiş insanlar olur.

Ekspert vurğuladı ki, sevindirici bir məqam da var. Son illərdə evdar xanımların öz şəxsi inkişaflarına zaman ayırmaları çox qürurlandırır. Çünki əvvəlki illərə nisbətən xanımlarımız daha iddialı olublar. Yaş həddi onlar üçün sərhəd deyil, artıq rahatlıqla gənclərlə ayaqlaşırlar. Bəzən hətta təlimlərdə öz həyat təcrübələri ilə paylaşırlar, bu da öz növbəsində digər xanımlara motivasiya olur:

“Zənnimcə, başlamaq heç vaxt gec deyil. Önəmli olan istəməkdir. Düzgün hədəflər təyin etməkdir. Və ilk addımı atmaqdır. Yol mütləq sizi doğru yerə aparacaq”.

 

Günel QULİYEVA

 

ETİKETLƏR: