Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Vergi orqanları 2 ayda büdcəyə 550 milyon manatdan çox vəsait ödəyib

Bəs büdcə gəlirlərinin və vergi daxilolmalarının əhəmiyyətli artımını təmin edən əsas iqtisadi amillər nədir?

30.03.2022 11:32
18
A+
A-

Pandemiyanın iqtisadi sektorlarda yaratdığı təsirli məhdudiyyətlərin 2021-ci ilin ortalarından etibarən aradan qalxması və 2022-ci ilin yanvar ayından isə iqtisadiyyatın tamamilə bərpa və yeni inkişaf fazasına daxil olması biznesin fəaliyyətini və gəlirlərini də əhəmiyyətli dərəcədə artırıb. Cari ilin yanvar-fevral aylarında yeni sahibkarlıq fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinin sayı 10 faiz artaraq 1 milyon 352 mini ötübdür. Həmin vergi ödəyicilərinin 87,9%-i fiziki, 12,1%-i isə hüquqi şəxslərdir. Son 1 ildə fərdi sahibkarların sayı 10,1%, müəssisə və təşkilatların sayı isə sayı isə 7,8% çoxalıb. Beləliklə, həm biznesə yeni başlayan sahibkarların sayının artması, həm də onların gəlir əldə etmək imkanlarının yaxşılaşması nəticəsində vergi daxilolmalarında da əhəmiyyətli artımlar baş verib. Belə ki, 2022-ci ilin yanvar-fevral aylarında vergi daxilolmaları ötən ilin eyni dövrü ilə müqayisədə 25,2% artaraq   1 milyard 830,4 mln. manat təşkil edib və proqnoz 108,7% səviyyəsində icra olunub. Yəni vergi orqanları 2 ayda büdcəyə proqnozdan əlavə 150 milyon manatdan çox vəsait ödəyib. 

Daxilolmaların strukturuna nəzər yetirsək görərik ki, dövlət büdcəsinə əlavə gəlirlərin mühüm payı qeyri-neft-qaz sektorundan ödənilən vergilərin yüksək artım dinamikası ilə bağlıdır. Özü də əvvəlki illərə rəğmən, daha çox artım faizləri müşahidə edilir. Belə ki, pandemiyadan əvvəl qeyri-neft sektoru üzrə daxilolmalar adətən illik 10-12 faiz təşkil edirdisə, indi bu rəqəm 30 faizdən də çoxdur. Məsələn, 2022-ci ilin yanvar-fevral aylarında vergi daxilolmalarının strukturunda qeyri-neft gəlirləri 41,8% artaraq 1 milyard 398 milyon manata bərabər olub. Bu, həm də onu təsdiqləyir ki, iqtisadiyyatın yığım potensialının böyük bir hissəsi, yəni 76,5 faizi birbaşa neftdən kənar sahələrin hesabına formalaşır. Neft gəlirləri ümumi vergi daxilolmalarında cəmi 23,5 faizə bərabərdir. Beləliklə, qeyri-neft bölmələrindən əlavə vergi daxilolmaları fiskal dayanıqlığın hədsiz dərəcədə güclənməsində fundamental rol oynayır.

Onu da nəzərə almaq lazımdır ki, bu dinamika sahibkarlığın inkişafının sürətlənməsi məqsədilə vergi stimullarının tətbiqi şəraitində müşahidə olunur. Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları üzrə proqnozun yüksək icra səviyyəsi və artım dinamikasının iqtisadi artımla müqayisədə əhəmiyyətli dərəcədə yuxarı olması dövlət büdcəsinin fiskal dayanıqlığının gücləndirilməsinə və qeyri-neft büdcə kəsirinin azaldılmasına yönəldilmiş yeni büdcə qaydalarının effektiv tətbiqinə imkan verir.

Vergi daxilolmalarının artması, sözsüz ki, dövlət büdcəsinin gəlirlərinin də artmasına səbəb olub. 2022-ci ilin yanvar-fevral aylarında dövlət büdcəsinin gəlirləri 4 milyard 626,1 milyon manat təşkil edib. Gömrük daxilolmalarını və neft transfertlərini də əlavə etdikdə, ümumilikdə büdcənin bütün xərcləri icra edildikdən sonra əlavə 2 milyard manat xəzinə qalığı, profisit yaranıb.

Bəs büdcə gəlirlərinin və vergi daxilolmalarının əhəmiyyətli artımını təmin edən əsas iqtisadi amillər nədir?

Məlum olduğu kimi, son 3 ildə ardıcıl olaraq hər il vergi qanunvericiliyinə əsaslı dəyişikliklər edilir. Həmin dəyişikliklərin əsas istiqamətləri biznesin vergi yükünün azaldılması və onların vergi ödəmə potensiallarının artırılmasını təşviq etməkdir. Məhz bu tədbirlər sayəsində qeyri-leqal iqtisadiyyatın aradan qaldırılması və iqtisadiyyatın şəffaflaşdırılması, sahibkarlığın inkişafının dəstəklənməsi, vergitutma bazasının genişləndirilməsi, vergi inzibatçılığının təkmilləşdirilməsi sahəsində kifayət qədər müsbət nəticələr əldə olunub. Nəticədə qeyri-leqal dövriyyə azalır və sahibkarlar öz gəlirlərini “ağartmaqla”, həmçinin iş yerlərini leqallaşdırmaqla  dövriyyələrinin uçotunu tam açıq bəyan edirlər və vergidən yayınma azalır. Bütün bunların hesabına dövriyyədən kənarda qalan vergilər də büdcəyə cəlb olunur və verginin həcmi də çoxalır. Həmçinin qeyri-neft bölməsində aksiz vergi ödəyicilərinin payının da əhəmiyyətli artımı nəzərə çarpır.

Vergi gəlirlərinin artmasına səbəb olan ən mühüm amillərdən biri də əmək bazarının şəffaflaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdir. Belə ki, sahibkarların iş yerlərini və verilən əməkhaqlarını rəsmiləşdirməsi üçün vergi qanunvericiliyində onlara vergi stimulları müəyyən edilib və nəticədə hər ay əmək müqavilələri və rəsmi iş yerləri ilə bağlı elektron dövriyyədə e-əmək müqavilələrinin sayının artması müşahidə edilir. Bu, nəticə etibarilə biznes sektorunda əməkhaqqı fondunun artım templərinə də səbəb olmuş, sosial gəlir vergisinin illik ən azı 12-15 faiz yüksəlməsini təmin edibdir. Bu fiskal siyasət büdcə üçün orta hesabla illik 300 milyon manat vergi itkisinə səbəb olsa da, əslində əməkhaqqı fondunun “ağarması” hesabına DSMF-yə daha çox sosial sığorta vergisi daxil olmaqla həmin “itkini” nəinki kompensasiya edib, həm də sosial sığorta ödənişlərinin ən azı 350 milyon manat çoxalmasına gətirib çıxarıb. Ən əsası isə büdcədə uzunmüddətli sosial gəlir mənbələrinin yaradılmasına nail olunub.

Şəffaflaşma indikatorlarından biri də ƏDV ödəyicilərinin sayının və ƏDV-yə cəlb olunan dövriyyələrin artımıdır. Son 3 ildə aktiv ƏDV ödəyicilərinin sayı 30 faizdən çox artıb. Digər mühüm indikator malların, işlərin və xidmətlərin təqdim edilməsi zamanı “e-qaimə” ilə rəsmiləşən dövriyyələrin artımıdır. Məsələn, 2021-ci ildə təkcə qeyri-neft-qaz sektorunda ƏDV ödəyicilərində “e-qaimə” ilə rəsmiləşən dövriyyələrin həcmi əvvəlki illə müqayisədə 16 faiz artımla qeydə alınıb.

 

Elbrus CƏFƏROV

ETİKETLƏR: