Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


28 Aprel

işğal, çevriliş, yoxsa inqilab?

04.05.2022 10:58
21
A+
A-

Aprelin 28-i Rusiya bolşeviklərinin Şərqdə ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətini (AXC) devirərək ölkəmizi işğal etdiyi gündür. 1920-ci ilin aprelin 28-də baş verən qanlı işğal müstəqillik tariximizə ən ağır, ən kədərli və hüznlü günlərdən biri kimi yazılıb. Bu tarix eyni zamanda 70 minlik rus ordusuna qarşı son damla qanına kimi vuruşmuş 350 azərbaycanlının qəhrəmanlığı kimi də yaddaşlara həkk olunub.

Bu tarixi daha dərindən araşdırmaq, əslində həmin illərdə nələrin baş verdiyini öyrənmək üçün tarix üzrə fəlsəfə doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix İnstitutunun “Azərbaycan Sovet dövrü tarixi” şöbəsinin müdiri İlqar Niftəliyevlə görüşüb bu barədə söhbət apardım.

İlqar müəllim dedi ki, hələ 1919-cu ilin sonundan başlayaraq Türkiyə azadlıq hərəkatının üzvləri olan Qarabəkir Paşa və Mustafa Kamal Atatürklə Moskva hökuməti arasında gizli danışıqlar gedirdi. Məqsəd Sovet Rusiyasının Anadoluda baş qaldıran Milli Azadlıq Hərəkatına hərbi yardım etməsi idi: “Amma burda belə bir məsələ var idi. Həm Sovet Rusiyası, həm də Anadoluda olan Milli Azadlıq hərəkatı üçün əsas düşmən Antanta ölkələri idi, xüsusən də Böyük Britaniya. Düşmənçiliyə rəğmən Böyük Britaniya ilə Azərbaycan Xalq Cümhuriyyəti arasında münasibətlər çox yaxın idi. Belə ki, 1920-ci il Paris Konfransında Böyük Britaniyanın Qafqazdakı nümayəndəsi Oliver Vordropun Azərbaycanın de-fakto tanınmasında böyük xidmətləri olub. Təbii ki, Rusiya - Türkiyə əlaqələrinin qurulmasında bu, bir maneəyə çevrilməzdi. Çünki birbaşa əlaqə ya Azərbaycan, ya Ermənistan vasitəsilə mümkün idi. Beləliklə, 1920-ci ilin yanvarından başlayaraq Sovet Rusiyasının xarici işlər komissarı Qeorqi Çiçerin ilə Azərbaycan xarici işlər naziri Fətəli Xan Xoyski arasında yazışmalar gedir. Həmin yazışmalarda Rusiya hökuməti Azərbaycan hökumətinə təzyiqlər edir. Onlar tələb edirdilər ki, Azərbaycan Sovet Rusiyası ilə birləşib Anton Denikinin ordusuna qarşı birgə mübarizə aparsın. Amma Azərbaycan hökuməti bunun Rusiyanın daxili işi olduğunu bildirir. Ancaq vəziyyət elə gətirdi ki, sovet ordusu Şimali Qafqazda könüllülər ordusunu məğlub edəndən sonra Azərbaycanın sərhədlərinə yaxınlaşdı. Hətta Paris Konfransında Azərbaycan nümayəndə heyəti sovet təhlükəsindən qorunmaq üçün dəfələrlə qərb dövlətləri qarşısında məsələ qoymuşdu. Amma böyük dövlətlərin bu məsələdə vahid bir fikri olmadığı üçün 1920-ci ilin aprelində AXC Sovet Rusiyası ilə təkbətək qaldı. O dövrdə Azərbaycanın təxminən 30 minlik ordusu var idi. Ermənistan cümhuriyyət dövrü boyunca da Azərbaycanın o bölgələrinə təcavüz etdiyi üçün həmin ordunun böyük bir hissəsi Qarabağda cəmləşmişdi. Buna görə də Azərbaycanın şimal sərhədləri, eyni zamanda Bakının özü də çox az qüvvə ilə (təxminən 2 minə yaxın) qorunurdu. Bundan istifadə edən Sovet Rusiyası çox sürətlə Dərbənd tərəfdən Bakı istiqamətində hərəkət edir. Sizə deyim ki, o dövrdə AXC parlamentinin özündə də bu məsələyə birmənalı münasibət yox idi. Sosialist fraksiyasının üzvləri olan Əliheydər Qarayev, Məhəmmədhəsən Hacınski Rusiya ilə əlaqələrin qurulmasının və qoşunların Azərbaycan vasitəsilə Anadoluya getməsinin tərəfdarı idilər. Amma Müsavat fraksiyasının rəhbəri Məmməd Əmin Rəsulzadə isə deyirdi ki, şimaldan gələn istənilən bir qüvvə Azərbaycan üçün düşmən bir qüvvədir, ona görə də biz onu Azərbaycan ərazisinə buraxa bilmərik. Çünki bir dəfə buraxsaq, daha heç vaxt onları burdan çıxarda bilməyəcəyik.

Ancaq əfsuslar olsun ki, həmin o sol qüvvələrin fikirləri üstünlük təşkil edir və bir neçə maddədən ibarət qərar qəbul olunur. İlk maddə ondan ibarət idi ki, AXC rus qoşununun, Bakıda dayanmamaq şərtilə, Azərbaycan ərazisindən keçərək Anadoluya getməsinə icazə verməli idi. İkinci maddə hakimiyyətin müvəqqəti olaraq Azərbaycan kommunistlərinə verilməsi idi. Üçüncü və əsas maddə isə Azərbaycanın müstəqilliyinin saxlanılması idi. Bolşeviklər isə o dövrdə bu məsələyə “müstəqil sovet Azərbaycanı” donu geydirirdilər. Və çalışırdılar ki, bunu işğal kimi yox, yerli bolşeviklərin hakimiyyəti ələ alması səbəbindən onların Sovet Rusiyası ordusunu köməyə çağırmaqları kimi qələmə versinlər. Ancaq aprelin 27-də parlamentdə bu qərar qəbul olunanda artıq ondan əvvəl Qırmızı Ordu Azərbaycan sərhədlərini keçmişdi və sürətlə Bakı üzərinə hücum edirdi. Bakıda həmin vaxt Şirvan alayı və türklərdən ibarət bir hərbi hissə var idi. Onlar da gələn qoşuna qarşı heç bir müqavimət göstərmədilər. Düzdür, sərhədi qoruyan Quba alayı müəyyən qədər müqavimət göstərmişdi. Ancaq həmin vaxt ölkədə böyük bir təbliğat getmişdi ki, Qırmızı Ordu işğalçı ordu deyil. O, Azərbaycanın müstəqilliyinə son qoymaq üçün yox, məhz Anadoluya qardaşlarımızın köməyinə gedir. Azərbaycan əvvəldən ciddi bir müqavimət üçün hazırlıqsız idi. Ona görə də yerli hökumət bu hakimiyyəti heç bir qarşıdurmasız, heç bir qanlı müqavimətsiz təhvil vermişdi. Çünki onlara verilən vədlərə inanmışdı.

Ümumiyyətlə, bu hadisələri müxtəlif formalarda adlandırmaq olar. Birincisi, bu, işğal idi. Sovet dövründə bu hadisə Azərbaycanda Sovet hakimiyyətinin qurulması kimi qeyd olunurdu. Ancaq həqiqət isə o idi ki, müstəqil bir dövlətin ərazisinə başqa bir dövlət öz ordusunu yeridərək işğal etmişdi. İkincisi, bu, çevriliş idi. Çünki ölkə daxilində kommunistlər zor gücü ilə qanuni hökuməti devirmişdilər. Üçüncüsü, bu, inqilab idi. Çünki Azərbaycanın bundan sonrakı inkişafı tamamilə yeni bir məcrada gedəcəkdi”.

Bəzi mənbələrdə bu hadisələrdə türk zabitlərinin də əlinin olduğu bildirilir. Bu, həqiqətdirmi?” sualını cavablandıran tarixçi bildirdi ki, Məmməd Əmin Rəsulzadə “Azərbaycan Cümhuriyyəti” əsərində göstərir ki, Bakıya daxil olan əsgərlər arasında türk zabitləri də var idi: “Hətta məlumdur ki, Xəlil Paşa Moskva ilə əlaqəsi olan bir şəxs idi. Onu da qeyd edim ki, M.K.Atatürk həmin ilin aprelin 26-da Leninə məktub yazır. Məktubda Atatürk öz üzərinə öhdəlik götürürdü ki, Azərbaycanın sovet dövlətlərinin sırasına daxil olmasına nail olacaq. Və Azərbaycan hökumətini razı salacaq ki, rus qoşunu Azərbaycandan keçməklə Antanta dövlətlərinə qarşı mübarizədə Anadoluya köməyə getsin”. Məktub ünvanına mayın axırında çatmışdı. O vaxta qədər artıq Sovet Rusiyası bu missiyanı həyata keçirmişdi.

İ.Niftəliyev onu da qeyd etdi ki, həmin dövrdə Azərbaycan qoşununun çox hissəsinin Qarabağda çəmləşməsi əslində ermənilər tərəfindən qurulan bir plan idi. Hətta son illərdəki sənədlər də onu göstərir ki, Dağlıq Qarabağdakı ermənilərin 1920-ci il martın 22-də qiyam qaldırması əslində Şimali Qafqazda yerləşən bolşevik komandanlığı ilə əlaqəli bir hadisə idi: “Bunun haqqında biz artıq sənədlər də tapmışıq. Çox maraqlıdır ki, Ermənistanda çap olunan sənədlər toplusunda açıq şəkildə göstərilir ki, Bakıda hakimiyyətin dəyişilməsində Dağlıq Qarabağdan Şimali Qafqaza gedən emisarların da xidməti olub. Bunu ermənilər özləri etiraf edirlər. Yəni bu, bilərəkdən olmuşdu ki, ordunun böyük bir hissəsi məhz qərb sərhədlərində cəmləşsin və Bakı müdafiəsiz qalsın. Ümumiyyətlə, sizə deyim ki, 1920-ci il fevralın 11-də gizli şəkildə keçirilən qurultayda cümhuriyyətin devrilməsi və sovet hakimiyyətinin qurulması haqqında qərar artıq qəbul olunmuşdu. Və elə həmin qurultayda Azərbaycan Kommunist Partiyası yaradılmışdı”.

Bəli, 71 illik işğal dövründən sonra ölkəmizin müstəqilliyini yenidən əldə etməsi bizi gözləyən ağır faciələrin qarşısını aldı. Lakin müstəqilliyimizi əldə etdikdən sonra da rus-erməni işbirliyi bitmədi. Üstündən neçə illər keçsə də, bu işbirliyin əziyyətlərini torpaqlarımızı işğaldan azad etdiyimiz müddətdə də, hətta bu gün də çəkməkdə davam edirik.

 

Aliyə SƏMƏDOVA

ETİKETLƏR: