Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Hökumətimiz sahibkarlığın daha da aktivləşməsi üçün nə kimi tədbirlər görür?

Hazırda ölkədə aktual olan məsələlərdən biri də sahibkarlığın  inkişafı ilə bağlıdır. Bu haqda vətəndaşlarımızı maraqlandıran sualları Milli Məclisin deputatı Elnur   Allahverdiyevə ünvanladıq.

04.05.2022 11:00
48
A+
A-

 

- Ərzaq təhlükəsizliyinin artıq qlobal xarakter daşıdığı indiki zamanda onun həlli yükünü təkcə hökumətin öz üzərinə götürməsi, təbii ki, çıxış yolu deyil və ya istənilən səmərəni verməyəcək. Mövcud şərait sahibkarların  fəaliyyətinin güclənməsini, onların iqtisadiyyatın bütün sahələrində rolunun artmasını tələb edir. Dövrün bu tələbinə uyğun olaraq hökumətimiz sahibkarlığın daha da aktivləşməsi üçün hansı təsirli tədbirləri görür?

- Hazırda dünyada həqiqətən də ərzaq təhlükəsizliyi sahəsində mümkün qıtlıq barədə müxtəlif qurumlar, beynəlxalq təşkilatın rəsmiləri, iqtisadçılar və siyasətçilər həyəcan təbili çalmağa başlayıblar. Bu, ilk növbədə iki aydan çoxdur davam edən Rusiya-Ukrayna müharibəsi və ondan doğan amillərlə bağlıdır. Rusiya iri buğda ixracatçısıdır. Ukraynanın da dünya bazarında, məsələn, qarğıdalı ixracatında öz rolu var. Bu vəziyyət, təbii ki, tək bizi deyil, bütün dünyanı narahat edir. Bu baxımdan, sizin qeyd etdiyiniz kimi, hökumətin sahibkarları aktivliyə səsləməsi ilə mümkün problemin aradan qaldırılması o qədər də inandırıcı görünmür. İlk növbədə qeyd etməliyəm ki, Azərbaycanda hələlik real təhlükə barədə hər hansı həyəcan yoxdur. Proses hökumətin nəzarətindədir, üstəlik, bir ictimai nəzarət də var ki, bu da vətəndaşdır. Vətəndaş bazara, marketə gedir və real vəziyyəti görür. Mən hökumət rəsmiləri ilə görüşürəm, söhbətlərimiz olur, heç bir narahatlığa əsas yoxdur. Hər həftə Nazirlər Kabineti sahibkarlarla, ölkəyə ərzaq idxal edən iş adamları ilə əlaqə saxlayır və real vəziyyəti öyrənir. Hər hansı istiqamətdə çatışmazlıq olarsa, təbii olaraq dövlət müdaxilə edəcək, sahibkara lazımi dəstəyi verəcək ki, bu sahədə hər hansı qıtlıq yaşanmasın. Yəni bu baxımdan dövlətlə özəl sektor sıx işbirliyi və əlaqədədirlər.

O ki qaldı sahibkarların aktivləşməsinə, təbii ki, burada da bazar amili var. Təklif-tələbat faktoru unudulmamalıdır. Dövlət sahibkarlara hər cür dəstək verir və bu dəstəyi ehtiyac yarandığı zaman daha da gücləndirəcək.

- Məlumdur ki, məhsulların maya dəyəri xammalla bərabər onun tərkibində olan irili-xırdalı komponentlərin qiyməti ilə müəyyənləşir. Bizdə istehsal olunan məhsulların isə komponentlərinin böyük hissəsi xarici ölkələrdən alınır. Bu da bahalaşmaya gətirib çıxarır. Bu komponentlərin, hamısını olmasa da, çox hissəsinin istehsalı yerli sahibkarlara həvalə oluna bilməzmi? Bu işdə onlara güzəştli qiymətlərlə, kreditlərlə yardım göstərilə bilməzmi?

- Bilirsiniz, Azərbaycan sahibkarları hər şeyi istehsal edə bilməz. Necə ki, bir ölkə hər şeyi istehsal edə bilməz. Dünya qloballaşıb, ölkələr, iqtisadiyyatlar, istehsal sahələri bir-birilərinə çox yaxındırlar, sıx əlaqəlidirlər.

Ölkə daxilində istehsal coğrafiyası necə bölünürsə,  dünyada da elədir. İndi biz hər nə var istehsal edək, axı bu, mümkün deyil. Misal üçün, ABŞ Rusiya-Ukrayna müharibəsinədək kosmosa uçurduğu raketlərin mühərriklərini Rusiyadan alırdı. Rusiya isə yerli avtomobil “VAZ”ın demək olar əksər komponentlərini xaricdən idxal edir. İndi müharibədir, embarqo tətbiq edilir, zavod dayanıb, işləmir. Rusiya tozsorandan tutmuş müharibədə istifadə etdiyi qanadlı raketlərin istehsalındakı istifadə etdiyi mikroçipləri də Tayvandan alırdı. Tayvan Rusiyanın orta şəhərlərindən də kiçikdir. Rusiya özü isə dünyanın ən böyük ölkəsidir. İndi Tayvan satmır, Rusiya da istehsal edə bilmir.

Türkiyənin istehsal etdiyi “Bayraktar”lar hazırda yeni nəsil müharibənin simvoluna çevrilib, ancaq komponentlərin bəziləri xaricdən alınır. Dünya iqtisadiyyatı, ölkələrin iqtisadiyyatları çox sıx şəkildə bir-biriləri ilə əlaqədədir. Bu, qlobal dünyanın başlıca göstəricisidir.

Eyni zamanda onu da qeyd etməliyik ki, dövlət nəyinsə istehsalını sahibkarlara, belə deyək, məcburən qəbul etdirə bilməz. Sahibkar kimdir? Özəl sektorun təmsilçisi. O, istehsal etdiyi məhsulu satmaq istəyir. İlkin hədəfi budur. Əgər məhsul satılacaqsa, istehsal edəcək. Əks halda etməyəcək. Bunu dövlət ona məcbur edə bilməz və etmək istəməz. Bizdə Sumqayıtdakı sənaye parkı nümunəsi var. Orada da özəl sektor çalışır və dövlət sahibkara hər cür dəstək verir. Nəticə olaraq istehsal edilən məhsul dünyanın müxtəlif ölkələrində satılır. Hazırda işğaldan azad olunan ərazilərdə də belə parkların yaradılması gündəmdədir. Ağdamda artıq bünövrəsi qoyulub və özəl sektorun ciddi marağına səbəb olub. Bir sözlə, proses gedir və hökumət həm istiqamət vermə, həm dəstək baxımından vəziyyətə nəzarət edir.

- Yazılanlara görə, yerli istehsalın ləng inkişafında inhisarçılığın da təsiri az deyil. Mövcud qanunlarımızla inhisarçılığa qarşı genişmiqyaslı mübarizə aparmaq, ona birdəfəlik son qoymaq mümkündürmü? Mümkün deyilsə, səbəbi nələrdir?

- Dediklərinizlə razı ola bilmərəm. Biz az öncə müstəqillik tariximizin ən böyük büdcəsini qəbul etdik. Yerli istehsal ləng gedirsə, büdcədə qeyri-neft sektorunun payı necə artıb? Yaxud ixracatda qeyri-neft sektorunun nisbəti necə yüksəlib? Bilirsiniz, çox şey yazıla bilər, real iqtisadiyyat isə mövcud göstəricilərə, statistik məlumatlara, proqnozlara əsaslanır.

İnhisarçılıqla mübarizədə  dövlət də maraqlıdır və atılan bir sıra addımlar bunu sübut edir. Vergi və gömrük sistemində həyata keçirilən islahatlar, şəffaflığın təmin edilməsi istiqamətində təsirli addımlar atırıq və bu öz bəhrəsini verir. Əgər hökumət enerji daşıyıcılarından asılılığı azaltmaq və büdcə qeyri-neft sektorunun payını artırmaq kursunu elan edibsə, inhisarçılıq və monopoliya ilə mübarizənin zəifliyindən danışmaq mümkün deyil. Çünki inhisarçılıq ilk növbədə hökumətin elan etdiyi iqtisadi siyasətə ziddir, kursun qarşısında duran maneədir. Düşünürəm ki, həyata keçirilən kompleks tədbirlər zamanla öz müsbət nəticələrini göstərəcək.

Gülöyşə MƏMMƏDLİ

 

ETİKETLƏR: