Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Azərbaycan xalqı xoşbəxtdir ki, bu gün öz müstəqil dövlətinə sahibdir

cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin tarixi, onun keçdiyi şərəfli yol hər birimiz üçün əzizdir.

25.05.2022 11:43
11
A+
A-

Müstəqil olmaq, öz dövlətini yaratmaq və inkişaf etdirmək hər bir xalq üçün ən böyük şərəf və nailiyyətdir. Azərbaycan xalqı xoşbəxtdir ki, bu gün öz müstəqil dövlətinə sahibdir və dövlət müstəqilliyimiz xalqımızın milli sərvətidir. Amma bu müstəqilliyə gedən yol heç də asan olmayıb. Tarixi dövrün çətinlikləri və zamanın sınaqları qarşısında xalqımız əyilməyib, mübariz olub və məqsədinə çatıb. Bu mənada 1918-ci ildə müstəqillik əldə etmiş və cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin tarixi, onun keçdiyi şərəfli yol hər birimiz üçün əzizdir.

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının müəllimi, tarix üzrə fəlsəfə doktoru Vahid İsmayılov bizimlə söhbətində deyib ki, hər bir dövlətin müstəqilliyi onun güclü ordusunun olmasından asılıdır.  1918-ci il mayın 28-də Tiflisdə AXC Milli Şurası tərəfindən  Azərbaycanın müstəqilliyinin rəsmən elan edilməsi haqqında İstiqlal Bəyannaməsi qəbul olunub. Müstəqil dövlətin atdığı ilk addımlardan biri də özünümüdafiə dəstələrinin, milli ordu heyətinin yaradılması ilə bağlı idi.1918-ci ildə yaradılan hökumət kabinetində hərbi nazir vəzifəsinə general Xosrov bəy Sultanov təyin olundu. Və milli ordu quruculuğu istiqamətində işlərə start verildi. 1918-ci il iyunun 4-də Osmanlı dövləti ilə AXC arasında müqavilə imzalandı. İlk beynəlxalq müqavilə kimi tarixə düşən  bu sənədə əsasən, Azərbaycan Ordusunun qurulması, təkmilləşdirilməsi yönündə Osmanlı dövlətinin təcrübəsindən istifadə edilməyə başlanıldı. Eyni zamanda AXC-nin dəvəti ilə Nuru paşanın rəhbərliyi altında 300 nəfərlik təlimatçı qrupu Gəncəyə gəlmişdi. Bu vaxt bolşevik-daşnak birləşmələri Gəncə istiqamətində təxribatlar həyata keçirirdi. Vəziyyətin çətin olduğunu görən Nuru paşa üçüncü ordunun komandanı Vəhib paşaya məktub yazaraq təcili hərbi yardım istədi. İmzalanmış müqaviləyə əsasən, türk qoşunları Gəncəyə göndərildi. Beləliklə, beş minlik əlahiddə Azərbaycan hərbi korpusu, beşinci, doqquzuncu və on beşinci Çanaqqala alayları bazasında Qafqaz İslam Ordusu yaradıldı, onun komandanı Nuru paşa oldu. Həmin ərəfədə S.Şaumyanın rəhbərliyi ilə bolşevik-daşnak qüvvələri Bakı-Şamaxı-Göyçay istiqamətində hərəkət edir, Qaraməryəmi tutaraq Ucara doğru irəliləyirdi. Təhlükənin qarşısını almaq üçün Nuru paşa Gəncədəki erməniləri tərk-silah etdi və qoşunu Göyçay istiqamətinə göndərdi. Bundan sonra Qafqaz İslam Ordusunun Bakının azad olunması istiqamətində uğurlu hərbi əməliyyatları başladı. Qafqaz İslam Ordusu 1918-ci il sentyabrın 15-də Bakını daşnaklardan, eserlərdən və ingilislərdən təmizlədi, şəhəri AXC-nin rəsmi paytaxtına çevirdi, Azərbaycanı təhlükədən xilas etdi.

V.İsmayılov deyib ki, Birinci Dünya müharibəsində məğlub olan Osmanlı dövləti 1918-ci il oktyabrın 30-da imzalanmış “Mudros” müqaviləsinə əsasən, öz qoşunlarını Azərbaycandan çıxarmalı olur.  Regionda yaranmış təhlükəli vəziyyətlə üzləşən AXC hökuməti ordu quruculuğu istiqamətində işlər görməyə başladı və noyabrın 7-də hərbi nazirlik yaradıldı.  Hərbi nazir vəzifəsi Fətəli xan Xoyskiyə həvalə edildi. 1918-ci il dekabr ayının 26-da general-leytenant Səməd bəy Mehmandarov hərbi nazir, həmin ayın 29-da general-leytenant Əliağa Şıxlinski onun müavini təyin edildi. General-leytenant Süleyman Sulkeviç baş qərargah rəisi oldu. Çar Rusiyası dövründə azərbaycanlılar ordu sıralarına çağırılmadıqları üçün milli ordunun formalaşdırılması zamanı bir sıra çətinliklər yarandı. Ona görə də S.Mehmandarov belə bir əmr imzaladı ki, bütün azərbaycanlılar məcburi hərbi mükəlləfiyyət keçsinlər. Hətta hökumət tərəfindən ordu sıralarında qulluq keçməyə həvəs yaratmaq üçün maaş da təyin olunmuşdu. 1918-ci il iyul ayının 11-də milli orduya çağırış haqqında əmr verildi və 1894-1899-cu illərdə anadan olmuş 24-29 yaşlı oğlanlar səfərbər edildi. Bir maraqlı məqamı da qeyd edək ki, hərbi quruculuq siyasətində milliliyə, ana dilinə xüsusi əhəmiyyət verilirdi. Əmrdə göstərilirdi ki, orduda danışıq və dəftərxana dili ana dili olmalıdır. 

Maliyyə çətinliklərinə baxmayaraq milli zabitlər hazırlamaq məqsədilə Gəncədə hərbi məktəb yaradıldı. Orduda ən böyük problem silahlanma ilə bağlı idi. 1919-cu il iyunun 27-də Azərbaycan-Gürcüstan hərbi müdafiə paktı imzalandı. Bu pakta əsasən, Azərbaycan Ordusunun silahlanması istiqamətində mühüm addımlar atıldı. Azərbaycan parlamenti də ordu quruculuğu proqramını həyata keçirmək və güclü ordu yaratmaq məqsədilə 9 qanunvericilik aktını müzakirə etmiş və müvafiq qərarlar qəbul olunmuşdu. 

Bu arada Qarabağda cərəyan edən hadisələr xüsusi aktuallıq kəsb edirdi. Daşnak erməni silahlı dəstələrinin aramsız hücumları səngimirdi. 1920-ci il yanvarın 11-də Paris sülh konfransında Gürcüstanla bərabər Azərbaycanın da müstəqilliyi de-fakto tanınmışdı. Erməni millətçiləri Azərbaycanın müstəqilliyini tanımaq istəmirdi. Və ölkəmizə qarşı ərazi iddiaları irəli sürürdü. 1920-ci il martın 19-da ermənilər hücum edərək Azərbaycanın iki əsgərini qətlə yetirdilər. Erməni silahlılarının hücumu bundan sonra artan istiqamətdə davam etdi. Martın 22-də Şuşa-Xankəndi-Əsgəran-Xocalı və Tərtərdə yerləşən  hərbi hissələrə basqınlar olundu. Xüsusilə qeyd edilməlidir ki, ermənilər Qarabağ və Zəngəzurda böyük hərbi qüvvə yerləşdirmişdilər.

Bu təhlükəli vəziyyəti aradan götürmək və daşnaklara dərs vermək üçün Azərbaycan hökuməti operativ və çox ciddi tədbirlər gördü. Hərbi nazir S.Mehmandarovun əmri ilə general Həbib bəy Səlimovun komandanlığı altında Əsgəran ətrafına güclü hərbi qüvvə göndərildi və başlanan döyüşdə düşmən darmadağın edildi. Daşnak qiyamı yatırıldı. Erməni silahlı dəstələri bu ərazilərdən çıxarıldı. Bu əməliyyatların nəticəsi olaraq 1920-ci il aprelin sonlarına yaxın AXC-nin ərazi bütövlüyü təmin edildi.

Əfsuslar olsun ki, bu sevincimiz uzun sürmədi. 1920-ci il aprelin 27-dən 28-nə keçən gecə Azərbaycanın dövlət sərhədlərini pozaraq ərazimizə qanunsuz daxil olan Sovet Rusiyasının XI Qırmızı ordusu ölkəmizi işğal etdi. Parlament, hərbi müdaxilə şəraitində, axşam saat 11-də hakimiyyətin bolşeviklərə verilməsi haqqında qərar çıxarmağa məcbur oldu.

Azər MUSTAFAYEV

ETİKETLƏR:

Foto