Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Yaşamaq hüququ əlindən alınan qız uşaqları

.

03.08.2022 11:46
250
A+
A-

Ölkədə qanunla qadağan edilmiş olsa da, hələ də selektiv abortlara müraciət edənlər kifayət qədərdir. Nəticədə doğumda qızların sayı oğlanlara nisbətdə get-gedə azalır. Demoqrafik balansın pozulması son onillikdə orta ümumtəhsil məktəblərinin statistik göstəricilərində də aydın nəzərə çarpır. Qızların sayının azalma səbəblərinə və bunun qarşısının alınma yollarına dəfələrlə toxunmuş, əvvəlki yazılarımızda demoqrafik balansın pozulmasının gələcəyimiz üçün təhlükələrini sadalamışdıq. Bunlardan ən önəmlisi isə yaxın 30 ildə nikaha girəcək tərəflər arasında disbalansın yaranması və ailə təməlinin zədələnməsidir. Lakin prosesin hələ də davam etməsi yönündə qarşılaşdığımız faktlar bizi yenidən bu həssas mövzuya toxunmağa vadar etdi. Belə ki, sahənin mütəxəssisləri yenidən həyəcan təbili çalmağa başlayıblar. Bildirirlər ki, ölkəmiz selektiv aborta üstünlük verən ölkələr arasında artıq ilk yerlərdədir və BMT-nin Əhali Fondunun hesablamalarına görə, Azərbaycanda doğulan uşaqlar arasında cinsə görə nisbətin ciddi şəkildə pozulması bu tempdə davam edərsə, 2050-ci ilə qədər oğlan uşaqlarının sayı qız uşaqlarının sayından 12 000-15 000 nəfər çox olacaq.

Qızların sayının azalmasına yönəlmiş selektiv abortların qarşısının alınma yollarını Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Kamilə Əliyeva və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərovla araşdırdıq.

Millət vəkili dedi ki, ölkədə kifayət qədər sonsuzluq problemi yaşayan ailə var. Hətta dövlət hesabına süni mayalanma üçün növbə gözləyənlər də az deyil. Belə problemi olmayan valideynlərin çox hissəsi isə yalnız anna bətnində oğlan uşağı olduqda doğuşa icazə verirlər. Bu istək əsasən atalara aid olur. Hətta dalbadal 2,3 qız övladı olursa, “günahı” qadında görənlər də var. Bəzən də bu “problem” ailənin dağılmasına qədər gətirib çıxarır. Lakin bu faktı hər kəs bilməlidir ki, övladının qız və ya oğlan olması tamamilə atadan asılıdır.

K.Əliyeva qeyd etdi ki, selektiv abortlar Azərbaycan qanunvericiliyində qadağan edilsə də, əfsuslar olsun ki, respublikada qeyri-qanuni yolla dölün ana bətnindən kənarlaşdırılması hallarına rast gəlinir. Belə faktlar aşkar olunan kimi, hüquq-mühafizə orqanları tərəfindən tədbir görülür. Hətta qanunla hamiləlik dövründə cinsiyyətin deyilməsinə belə icazə verilmir. Dölün inkişafı və ya ananın səhhəti ilə bağlı yaranan hər hansı problemlər istisnalıq təşkil etməklə, selektiv abortlara yol verilməməlidir. Bu, valideyn və həkimlər üçün cinayət olmaqla bərabər, həm də günahdır, dölün yaşama haqqının əlindən alınmasıdır.

Müsahibimiz Elgün Səfərov isə mövzu ilə bağlı çoxsaylı suallarımıza aydınlıq gətirdi.

- Ölkədə demoqrafik balansın pozulması halları neçə müddətdir müşahidə edilir?

- Təəssüf olsun ki, bu nisbət Azərbaycanda son 23 ildir pozulub. Hətta indi problemin çox dərin inkişaf etdiyini qeyd edə bilərik. Ana bətnində 2-ci və ya daha sonrakı övlad qız olarsa, onun istənilməməsi, tələf edilməsi faizi çox yüksəkdir. Bu hal kəndə də, şəhərdə də öz əksini tapır.

- Problemin aradan qaldırılması ilə bağlı hansı tədbirlər həyata keçirilir?

- Bununla əlaqədar 2018-ci ildə qəbul edilmiş Milli Fəaliyyət Planı var. Plan çərçivəsində 11-dən çox dövlət qurumu oğlan və qız arasında cins seçiminin aradan qaldırılması ilə bağlı tədbirlər həyata keçirir. Burada əsas məqsəd ondan ibarətdir ki, nisbətə süni təsir edən amillər aradan qaldırılsın. Eyni zamanda burada 3 koordinasiya çərçivəsində üsullardan istifadə edilməlidir. İlk növbədə güclü maarifləndirmə kampaniyalarının aparılmasıdır. Mütəmadi olaraq nəinki televiziya kanallarında, qəzetlərdə, ənənəvi klassik mediada və ümumiyyətlə, sosial şəbəkələrdə də bu sahəyə geniş yer ayrılmalıdır. Dövlət qurumları, o cümlədən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi “Milli Fəaliyət Planı” çərçivəsində bu proqramları artıq həyata keçirir. Lakin onlarla yanaşı, sosial şəbəkələrdə blogerlər, sosial media fenomenləri, QHT-lər, millət vəkilləri də bu mövzuda cəmiyyətə çağırışlar etməlidir.

İkinci amil isə, qanunvericilikdə təkmilləşdirmə prosesi aparılmalıdır. Cinayət və inzibati məsuliyyətin qeyd edilməsi vacibdir. Hansı ki, qanunda xüsusiləşdirilmə və ağırlaşdırılma kimi əks etdirilə bilər. Məsələn, ana bətnində sağlam uşaqların qeyri-sağlam kimi əks etdirilməsi ilə bağlı xüsusi məsuliyyət növü müəyyənləşdirilməlidir. Ümumi norma deyil, xüsusi normaların müəyyənləşdirilməsi vacibdir. Eyni zamanda bu vəziyyətə təzyiq edən, psixoloji zorakılıq göstərən şəxslər üçün də xüsusi məsuliyyət növünün müəyyənləşdirilməsi milli qanunvericilikdə vacibdir. Yalnız məişət zəminində zorakılıq halları kimi qeyd edilməməlidir. Mühüm amillərdən biri isə, erkən nikahların qarşısının alınmasıdır. Bu sahədə bütün ölkəni əhatə edəcək araşdırma aparılmalıdır. Həssas kateqoriyadan olan zonalar müəyyənləşdirilməlidir.

- Hazırda ölkə üzrə hansı bölgədə erkən nikahlara daha çox rast olunur?

- Bakı şəhərinin kəndləri, Şəki, Gəncəbasar, Gədəbəy zonası və s. Bu bölgələrdə mübarizə daha da gücləndirilməlidir.

- Bu istiqamətdə ekspert çatışmazlığı var dediniz. Bunun üçün nə kimi tədbirlər görülür?

- Bəli, 3- cü istiqamət isə, bu sahə üzrə fərdi ekspertlərin, qadın və qız hüquqlarının müdafiəsi çərçivəsində ekspertlərin sayının çoxaldılmasından ibarətdir. Bununla bağlı komitə tərəfindən işlər aparılır. Lakin ölkədə psixoloq, sosial işçilər və hüquqşünasların bu sahədə ixtisaslaşdırılması təkmilləşdirilməlidir. Psixoloq, sosial işçilər institutunun inkişafı və onların da vətəndaşlara əlçatanlığının təmin edilməsi vacibdir.

- Bu sahədə qəbul olunmuş beynəlxalq norma və qaydalar ölkə məhkəməsində və qərarlarında əks olunurmu?

- Qanunvericilikdə qəbul edilmiş normaların həyata keçirilməsi əsas prioritetimizdir. Cinayət Məcəlləsinin 154- cü maddəsi (cinsi ayrı-seçkilik) 176-1-ci maddə (uşaq nikahlarının aradan qaldırılmasına) ciddi tətbiq edilməlidir. Məhkəmə qərarlarında BMT-nin konvensiyalarına, eyni zamanda respublikanın “Gender təminatı haqqında”, “Məişət zorakılığı haqqında” qanunlarına az hallarda istinad olunur. Bu sahədə hüquqi islahatlar  gücləndirilməlidir.

 

Əsli TELMANQIZI

ETİKETLƏR: