Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Timsahın “göz yaşları”və ya təxribatçı təxribata məruz qalanı təxribatda günahlandırır

.

14.09.2022 11:18
11
A+
A-

Sentyabrın 12-də gecə saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib. Azərbaycan Xarici İşlər Nazirliyi də bəyanatında bildirib ki, Ermənistan tərəfinin Azərbaycana qarşı növbəti təcavüzü beynəlxalq hüququn fundamental norma və prinsiplərinin, habelə Azərbaycan, Ermənistan və Rusiya Federasiyası liderləri arasında imzalanmış üçtərəfli bəyanatların müddəalarının və Azərbaycanla Ermənistan arasında əldə edilmiş razılıqların kobud şəkildə pozulmasıdır.

Təəssüf ki, təxribat nəticəsində şəhid və yaralılarımız oldu. Ancaq qəhrəman əsgərlərimiz onların qanını yerdə qoymayaraq düşmənin xeyli sayda canlı qüvvəsini və texnikasını məhv etdi. Liderlərin görüşləri, imzalanan bəyanatlar, sazişlər-bütün bunlara baxmayaraq, qarşı tərəfin hələ də bu cür təxribatları davam etdirməsinin altında hansı səbəblər dayanır? Nə üçün düşmən təxribat əməllərindən əl çəkmək istəmir?

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, politoloq Arzu Nağıyev dedi ki, təxribatların qarşısını layiqincə alan Azərbaycan Ordusu ağır zərbələr endirməklə, atəş nöqtələrini məhv etməklə, ən əsası isə nəqliyyat-kommunikasiya sistemini və çox mühüm yüksəklikləri ələ keçirməklə düşmənə adekvat cavab verib. Bununla da Azərbaycan Ermənistanın son vaxtlar dəfələrlə törətdiyi təxribatlara cavab olaraq özünün təhlükəsizliyini təmin edib. Bu isə olduqca zəruri və beynəlxalq hüquq normalarına uyğundur. Ermənistan özü təxribatlara əl atır, atəşkəsi pozur, ardınca isə dərhal Rusiya, Fransa və digər ölkələrin rəhbərlərinə çağırış edib, atəşin dayandırılması üçün yalvarır.

Millət vəkili bildirdi ki, düşmənin sərhəd istiqamətində törətdikləri təxribatlar yeni deyil, artıq bir aya yaxındır ki, davam edir. Məqsəd delimitasiya və demarkasiya prosesləri üçün yaradılan komissiyanın işini pozmaqdır: “Ermənilər nəyin bahasına olursa-olsun, “status-kvo”nu saxlamaq istəyirlər. Onlar həm də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvlərini və müxtəlif ölkələri proseslərə cəlb etmək, artıq öz missiyasını başa vurmuş, necə deyərlər, ölü qüvvəyə çevrilmiş ATƏT-in Minsk qrupunu yenidən diriltmək niyyətindədirlər. Sülhün bərqərar olması üçün rəhbərlərin görüşləri, bu yöndə atılan addımlar bir növ “gözə kül üfürməkdir”. Bu, ermənilərin xislətidir. Daxildə baş verən proseslər, Paşinyan hakimiyyətindən narazılıq, Paşinyanla hesablaşmamaq, üstəlik, “Qarabağ klanı”nın dirçəlməsi - bir sözlə, sülhdən yayınmaq üçün bütün vasitələrə əl atırlar. Və nəticə olaraq da bu gün bu cür təxribatlar baş verir. Ancaq Azərbaycan Ordusu hər zaman olduğu kimi, yenə də öz yerindədir, öz gücünü göstərdi və göstərməkdə də davam edir”.

Deputat dedi ki, Ermənistan tərəfinin sülhə yanaşmamasnın bir səbəbi də baş verən cinayətlərə görə məsuliyyət daşımaqdan çəkinmələridir: “Məlum məsələdir ki, qarşı tərəf və havadarları birmənalı şəkildə öz cinayətlərinə görə sonradan cavab vermək istəmirlər. Əgər bu gün sülh bərqərar olarsa, Paşinyanla yanaşı 30 ildə törədilən cinayətlərə görə Sarkisyan, Köçəryan və bu işlərdə əli olan hər kəs beynəlxalq məhkəmələr qarşısında cavab verməli olacaq və bu məsələ yekun olaraq onların həbsi ilə də nəticələnəcək. Bundan başqa, tar-mar olmuş ordu, tənəzzülə uğramış iqtisadiyyat, siyasi məsələlərdə bir zamanlar yanlarında olan güclü dövlətlərin dəstəyinin azalması və hətta deyərdim ki, tamamilə kəsilməsi, xarici diaspora təşkilatlarının onlardan uzaqlaşması artıq Ermənistanın çökməsinə gətirib çıxarır. Düşünün, sülh olsa, bütün bunlardan onsuz da cana gəlmiş xalqın, üstəlik də Ordumuz tərəfindən Qarabağda məhv edilmiş erməni əsgərlərinin valideynlərnin ayağa qalxması prosesləri daha da dərinləşdirə bilər. Ona görə də sülhə getməməklə əhalinin başını bu cür məsələlərlə qatmağa çalışırlar.

Ümumiyyətlə, əvvəllər cidd-cəhdlə status məsələsini ortaya qoyan qondarma seperatçı qurumun rəhbərliyi də artıq başa düşür ki, Azərbaycanla hansısa güc dilində danışmağın yeri yoxdur və ola da bilməz. Düşünürəm ki, bu cür genişmiqyaslı əməliyyatdan sonra rəsmi İrəvan başa düşdü ki, kiməsə arxalanıb Azərbaycana qarşı təxribat törədə bilməz, əks təqdirdə “layiqli cavablarını” almış olacaqlar”.

 

Aliyə SƏMƏDOVA

ETİKETLƏR:

Foto