Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Bakı sakinləri nə vaxt dəniz taksilərindən istifadə edə biləcək?

.

20.10.2022 22:53
330
A+
A-

Qəzetimizin ötən sayında paytaxt yollarındakı tıxaclar barədə yazı dərc etmişdik. Yazıda tıxacların yaratdığı problemlər, onların həlli yolları və mümkün alternativ variantlar araşdırılmışdı. Bu yazımızda isə artıq alternativ variant kimi dəniz ictimai nəqliyyatının mümkünlüyü, nə dərəcədə səmərəli ola biləcəyi haqqında söhbət açacağıq. Dəniz nəqliyyatının iqtisadi tərəflərinə aydınlıq gətirmək üçün Milli Məclisin deputatı Vüqar Bayramova müraciət etdim. Dedi ki, “Bu gün Azərbaycanı, Qazaxıstanı, Rusiyanı, o cümlədən Türkmənistanı birləşdirən turizm xətlərinin inkişafı ilə bağlı müzakirələrin getdiyini də nəzərə alsaq, bu nəqliyyat növünün istifadəyə verilməsi atılan ən doğru addımlardan olar. Düzdür, regionda baş verən son dəyişikliklər fonunda, hələ ki, bu istiqamətdə addımların atılması gözlənilmir. Amma, ümumiyyətlə, dəniz turizminin inkişaf etdirilməsi əsas hədəflərimizdəndir. Bu, təkcə ölkələrarası deyil, bayaq da dediyim kimi, həm də ölkədaxili, yəni Bakıətrafı ərazilərə, o cümlədən Sumqayıt və dəniz sahili boyunca yerləşən şimal və cənub regionlarımıza da şamil edilir. Bakı ilə Lənkəran arasında dəniz nəqliyyatının yaradılması quru və ya dəmir yolu nəqliyyatına tələbin azalmasına, eləcə də bu istiqamətdə sıxlığın minimumlaşdırılmasına gətirib çıxara bilər. Və bu baxımdan biz həm ölkə daxilində, həm də ölkələr arasında dəniz nəqliyyatı, xüsusən də dəniz turizminin formalaşdırılmasını dəstəkləyirik. Çünki son proseslər göstərir ki, dəniz turizmi ən çox turist cəlb edən vasitələrdən biridir və bu istiqamətdə də fəaliyyətin genişləndirilməsi məqsədəuyğun olardı”.

İqtisadçı-ekspert Natiq Cəfərli isə dedi ki, ölkəmizdə, təəssüf ki, bu məsələ ilə bağlı indiyə kimi hər hansı ciddi bir proqram və yaxud da mütəxəssislərin müzakirəsi olmayıb. Halbuki müxtəlif yerlərdə dəniz dayanacaqları tikməklə, hətta onu cəlbedici iqtisadi aktiv bir məkana çevirməklə Xəzər dənizindən nəqliyyat vasitələri üçün də istifadə etmək mümkündür: “Ən azından, Bakı bulvarı ərazisindən Əhmədliyə və yaxud da Zığ qəsəbəsinə dəniz dayanacaqlarını tikməklə bu istiqamətdə ilkin addım atmaq olar. Bu sahədə Türkiyə (İstanbul) təcrübəsi çox işimizə yarayar. Bundan başqa, Xəzər dənizi boyu Bakıdan rayonlara, məsələn, turizm üçün çox cəlbedici olan Nabran bölgəsinə, Xaçmaz rayonu ərazisinə həm insanların nəqliyyat mübadiləsi üçün, həm də turistlərin cəlb olunması üçün marşrutlar təşkil etmək mümkündür”.

“Bəs bu nəqliyyat vasitəsinin təşkil olunması üçün təxminən nə qədər vəsait tələb olunar?” sualını cavablandıran ekspert dedi ki, bu günə qədər bununla bağlı konkret bir araşdırma aparılmadığı üçün nə qədər vəsaitin tələb olunduğunu da demək mümkün deyil: “Ancaq, bayaq da dediyim kimi, qardaş Türkiyənin bu sahədə ixtisaslaşmış şirkətləri var ki, həmin şirkətlərə müraciət edərək bu məsələnin həm araşdırılmasını, həm də idarəedilməsini onlara həvalə etmək olar. Onu da deyim ki, əslində dövlət büdcəsindən əlavə vəsait ayırmadan belə, bu məsələnin həll edilməsi mümükündür. Sadəcə, bunun dəqiq hesablanmaları aparılmalıdır.

Digər bir məsələyə gəldikdə isə, dəniz nəqliyyatı tək turizm üçün önəmli deyil, həm də Bakı şəhəri üzrə nəqliyyat yükünün azaldılması baxımından da çox vacib bir sahədir. Bu gün vətəndaşlarımızın ən çox əziyyət çəkdiyi məsələlərdən biri də tıxac problemidir. Elə bu nəqliyyat növünün həyata keçirilməsi, düşünürəm ki, şəhərin nəqliyyat yükünün azaldılmasına xeyli töhfə verəcək. Düzdür, zaman baxımından sürəti az olsa da, amma, məsələn, Bayraq meydanından, Şıxov və Bibiheybətdən Zığa qədər bir marşrutun fəaliyyət göstərməsi ən azından o bölgədən şəhərə gəlib-gedən insanların xeyli dərəcədə işini asanlaşdırar, şəhərə daxil olmadan dəniz yolu ilə rahat şəkildə mənzil başına çata bilərlər. Bu da eyni zamanda Bakı şəhərinin nəqliyyat sıxlığının aradan qaldırılmasında mühüm rol oynayar. Şimal və cənub regionlarımıza gəldikdə isə, Bakıdan Xaçmaz, Lənkəran və Astaraya marşrutların təşkil olunması həm həmin ərazilərə dəniz vasitəsilə gediş-gəlişin təmin olunması, həm də maraqlı və cəlbedici turistik səfərlər baxımından önəm kəsb edəcək. Ancaq hər şeydən əvvəl dəniz suyunun dərinliyi və gəmilərin su tutumu araşdırılmalıdır. Bunun üçün də təcrübəli mütəxəssislər işə cəlb olunmalıdır”.

“Natiq müəllim, bilirik ki, Bakı küləklər şəhəridir. Necə düşünürsünüz, bu, dəniz nəqliyyatının inkişafına problem yarada bilərmi?” sualına da aydınlıq gətirən ekspert bu məsələdə bir daha İstanbul örnəyini qeyd etdi: “Orada mən özüm də şahidi olmuşam ki, hava həddindən artıq küləkli olanda bir müddətlik gəmi-bərələrin fəaliyyəti məhdudlaşdırılır. İkincisi də, müasir dəniz nəqliyyat vasitələri o dalğalara kifayət qədər dayanıqlı olur. Ona görə də düşünmürəm ki, bu nəqliyyat vasitəsinin fəaliyyətinə külək maneə yaratsın.

Yeri gəlmişkən, dəniz nəqliyyatının fəaliyyəti yuxarıda sadaladıqlarımdan başqa, həm də Bakı ətrafında fəaliyyət göstərən Bakı Gəmiqayırma Zavodunun işini artıra bilər, dolayısı ilə də vətəndaşların işlə təminatını da mümkün edə bilər. Bu, texniki məsələlərdir və texniki məsələlərin həlli mütəxəssislərin cəlb olunması ilə mümkündür. Və bu da, yenə təkrar edirəm, əlavə iş yerləri, əlavə iqtisadi fürsətlər yarada bilər”.

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov dedi ki, artıq bu layihəyə yenidən baxılması məsələsi gündəmdədir. Hətta Türkiyədən xüsusi qayıqların-dəniz taksilərinin ölkəyə gətirilməsi məsələsi üzərində işlər gedir.

 

Aliyə SƏMƏDOVA

ETİKETLƏR: